Bütün bədən 70 manat

butun-beden-70-manat
Oxunma sayı: 4696

Raminə Eyvazqızı

O gün dövlət tədbirlərindən birində bizim qadınlara fikir verdim. Hamısı maşallah səhər o başdan qadın salonuna baş çəkib gəlmişdilər. Hər şey qaydasında idi: saçı, başı, makyajı. Amma səriştə yiyələri olan həmin qadınların çoxunun qabilliyyəti yalnız bər-bəzəyə çatmışdı. Bir də dönüb orada əyləşən ABŞ-lı qadınlara baxdım. Onların başından yağ axırdı, amma bu yağlıbaş imicləri heç veclərinə də deyildi. Di gəl ki, bizim qadınların hüquqlarının müdafiəsinə yığışmışdılar.

Son illər ölkədə qadınların kütləvi özünəbaxma halı yaşanır. Bir də "tüklərə son" proqramı işə düşüb. "Bütün bədən 70 manat". Bu, böyük dövlət proqramlarının edə bilmədiyi bir işi görür. TV verilişlərin saatları belə bu məsələyə ayrılır. "Görəsən, kimin məhv etdiyi tük bir də çıxmayacaq". 

Çatan-çatan bir lazer epilyasiyası aparatı (ən ucuzu 9 min manatdır) alır, saxta sertifikatını da vurur divarına, başlayır pul xərcləməyə yeri olmayan qadın axtarmağa. Naşı "tük qoparan"ların bazarına təkan və dəstək verən səlahiyyətli orqanların şikayəti yoxdur. Halbuki, aparatların standartı, işləmə imkanı, vurulan lazer şüasının istifadə qaydası, onu işlədənlərin təcrübəsi - narahatlıq doğuran məsələlərdir. Amma qadın salonları bu məsələləri aylıq verdikləri "hörmətlə" həll edirlər. Beləliklə, bir iki dəfə müştərinin saçına boya qoyan olur "mütəxəsis", standarta cavab verib vermədiyi naməlum olan aparatlarsa, olur "ən son cihaz". 

Demirəm ki, qadınlarımız təmiz, gözəl olmasın. Ən azı bir zamanların "qadın üzünü toyunda aldırar" deyimini ləğv etməyi başarmışıq. Hətta həmin sərt ənənə üzündən neçə-neçə gözəl qızlarımız evdə qalıblar. Baxmayaraq ki, indi də epilyasiya mərkəzini su yoluna döndərmiş qızların çoxu ailə qurmaqdan vaz keçib. Hərdən həmcinslərimin nə istədiyini belə mən də anlamıram. Epilyasiyanı təmizlik baxımından anlamaq olar, artıq buna kişilər də qoşulub.  Amma bu qədər dovşandodaq, ördəkdodaq qadınları, rinoplastika ilə burun standartı yaradanları, saxta baxışlı zənəni görmək yəqin çoxunda ikrah hissi yaradır. 

Azərbaycan qadını inkişaf edir, yaşayıb yaradır, yarada bilməyəni dağıdır, amma  bu qədər də olmaz. Hara baxırsan eyni çöhrə, oturub sifətdə təbii nəsə axtaranlara adamın yazığı gəlir. Sanki özünü lazımsız yerə dəyişən qadın kütləsində ciddi psixoloji problem var. Bu saxta qadın gözəlliklərini on illər sonra görməyi düşünəndə adam diksinir. Gələcəkdə standart yaşlanmış üzlər və ya dağılmış, gel və dolqulardan deformasiyaya uğramış sifətlər olacaq. Bir-birinə bənzəməyə aludə olan, fərqlənməyi istəməyən, azərbaycanlı qadınının gözəlliyinə zərbə vuranlar əslində biznes, bazar qurbanlarıdır. Hamı özünü reklamdakı, serialdakı, podiumdakı qadınlara bənzətmək istəyir. Çoxu dodağını böyütmək üçün pul yığır. Acınacaqlı haldır. Çox halda özünü bərbad görkəmə salan qadın boşanır, ya da boşananı dərhal özünü dəyişdirməyə başlayır. Bu, tanınmaz hala düşmək sindromudurmu? 

Dünən hepatitlərlə bağlı tədbir vardı. Orada Gigiyena və Epidemiologiya Mərkəzindən bir nəfər yox idi, ona sübut edək ki, xəstəliklərin yayılmasında nəzarətsiz qalan qadın salonları böyük rol oynayır. Qadınlar gözəlləşmək yox, gözə girmək üçün salon -salon gəzdikcə vəziyyət dəyişməyəcək.