“Bütün dünya bilməlidir ki, müharibə qaçılmaz olacaq”

butun-dunya-bilmelidir-ki-muharibe-qacilmaz-olacaq
Oxunma sayı: 636

QAT-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müraciət müəllifləri Kazan görüşündəki uğursuzluğun və ondan sonra Rusiya prezidentinin təşəbbüsü ilə gedən proseslərin Qarabağın taleyi üçün ciddi təhlükə yaratdığını, beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin başçılarının Ermənistana qarşı kəskin mövqe tutmalı olduqlarını xüsusi olaraq vurğulayıblar. Müraciətin iqtidar və müxalifət düşərgələrinin nümayəndələri, ictimai xadimlər, Qarabağ döyüşçüləri, qaçqın və köçkünlər-cəmiyyətin bütün təbəqələrini təmsil edən qadınlar tərəfindən imzalanması nəzərdə tutulur və bu məqsədlə artıq imzatoplama kampaniyasına başlanılıb.

İmzatoplama kampaniyasının yaxın günlərdə başa çatması və Müraciətin öz ünvanlarına göndərilməsi nəzərdə tutulur. Müraciətdə deyilir: “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünün nəticəsiz başa çatması və ondan sonra gedən proseslər Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınmasına ümidləri heçə endirilib. Uzun müddət davam edən danışıqların heç bir nəticə verməməsi məsələnin həlli üçün hərbi yolu zəruri edir. Biz qadın olaraq müharibənin tərəfdarı deyilik, amma indi artıq başqa yolun qalmadığını görür və müharibə başlayarsa, döyüşə getməyə hazır olduğumuzu bildiririk. Biz hər şeyi görürük, o cümlədən Qarabağ məsələsində ikili standartlar mövqeyi tutduğumuzu da bilirik. Biz dünyanın müxtəlif ölkələrində təcavüzkar, işğalçı, avtoritar rejimlərə qarşı sanksiyalar tətbiq etdiyinizi müşahidə edir, işğalçı və terrorçu Ermənistan rejiminə qarşı oxşar təzyiq formalarının tətbiq edilməməsini başa düşmürük və qəbul etmirik. Biz hesab edirik ki, əgər müharibənin başlamasını istəmirsinizsə, bu cür ikili standartlar mövqeyindən əl çəkməlisiniz”.

Müraciətdə o da qeyd olunub ki, Qarabağ münaqişəsinin həll edilməsinin iki yolu var: “Bunlardan biri müharibə yoludur, digəri sülh yolu. Məsələnin sülh yolu ilə həlli sizdən asılıdır. Siz bu yolun reallaşdırılması üçün birinci növbədə işğalçı Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməlisiniz. Əmin ola bilərsiniz ki, sanksiyalar tətbiq olunan kimi Ermənistan öz barışmaz mövqeyindən geri çəkiləcək və məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllinin tapacaqdır. Məsələnin bu şəkildə həlli Ermənistanın da regionda stabil inkişafı üçün geniş imkanlar açacaqdır. Siz bu addımı atmasanız, deməli, bilərəkdən Azərbaycanı müharibə yoluna təhrik edəcəksiniz və başlayacaq müharibənin məsuliyyəti sizin üzərinizə düşəcəkdir. Dünyada ən mötəbər beynəlxalq təşkilatın rəhbəri kimi, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları kimi ağır məsuliyyət yükünü siz daşıyırsınız və hər şey sizin iradənizdən asılıdır. Biz sizi ədalətli və prinsipial mövqe tutaraq Qarabağ münaqişəsinin obyektiv həlinə nail olmağa çağırırıq. Əks halda, bütün dünya bilməlidir ki, müharibə qaçılmaz olacaq və biz hər birimiz qadın olaraq müharibənin önündə duracaq və övladlarımızı da döyüşə səsləyəcəyik”.

Səidə Teyyubqızı