“Bütün məktəblərdə şəffaf və açıq işə qəbulun keçirilməsi...”

“Bütün məktəblərdə şəffaf və açıq işə qəbulun keçirilməsi...”
Oxunma sayı: 1401

"2 il bundan qabaq 500 baldan yüksək nəticə göstərən cəmi bir nəfər ibtidai sinif müəllimliyi ixtisasını seçmişdisə, bu il bu rəqəm 235 olub". 

Bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

Yeni tədris ili ilə bağlı konfrans iştirakçılarını təbrik edən nazir müəllimlərə uğurlar arzulayıb. C. Bayramov qeyd edib ki, təhsil sistemində baş verənlərə münasibət bildirmək üçün 5 il elə də böyük olmasa da, amma müəyyən söz söyləmək olar:

"Bu müddət ərzində bəzi hədəf və göstəricilərə nəzər salmaq istəyərdim. İlkin olaraq onu deyə bilərik ki, təhsilin əlçatanlığı, sosial bərabərlik prinsipinin tətbiq olunması baxımından müsbət dinamika mövcuddur.

Məktəbə vaxtında getmək vacib haldır ki, hazırda bu nəticə 2 dəfə yaxşılaşıb. Yaxın gələcəkdə bu nəticənin daha da yüksəlməsi gözlənilir.

4 il öncə şagirdlərin elektron ərizə ilə məktəbə qəbul olunması pilot layihəsi irəli sürüldü və hazırda valideynlərin təhsilə yanaşması baxımından ciddi nəticələr müşahidə olunur. 

Artıq yeni təhsil proqramı ilə oxuyan uşaqların nəticələrinin daha yüksək olması tədris sisteminin doğru yolla irəlilədiyinin sübutudur. Belə ki, orta bal göstəriciləri artıb, mükəmməl nəticə göstərənlərin sayı isə 2 dəfə artıb.

Müəllimin nüfuzunun cəmiyyətdə artması bizi çox sevindirir. Azərbaycanın bütün ümumtəhsil məktəblərində şəffaf və açıq işə qəbulun keçirilməsinin effektiv dərəcədə müsbət təsirini görürük. 

C. Bayramov onu da vurğulayıb ki, bu il yüksək bal toplayan 2090 nəfər müəllimlik ixtisasını prioritet olaraq seçib, bu isə ötən illərə nisbətən yüksək nəticədir".

Nazir son olaraq məktəblərdə bəzi neqativ halların aradan qaldırılması, məktəb əmlakına xüsusi həssaslıqla yanaşılması ilə bağlı məsələyə toxunub:

“Əfsuslar olsun ki bu istiqamətdə danışılası mövzular çoxdur. Bayram əhval ruhiyyəsini nəzərə alaraq çıxışımı bu istiqamətdə davam etmək istəmirəm.Sadəcə olaraq bunu mesaj kimi qəbul edin. Ümid edirəm ki, gələcəkdə uğurlarımız o qədər çox olsun ki, həmin mövzuları müzakirə etməyə ehtiyac qalmasın”.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi