“Bütün tənha kişilər, nə vaxtsa yalnız onu seviblər”

butun-tenha-kisiler-ne-vaxtsa-yalniz-onu-sevibler-
Oxunma sayı: 839






“Ağaclarla söhbətlər”


***

unudulmaq nə gözəl bir duyğu!
olmayanların, gəlməyənlərin aləmindəsən,
elə bir aləmdə ki, burda heç kim yoxdu, heç özün də.
yaddaşın bir dövrü gəlir,
yaddaşsızlığa çevrilir.
və insan dənizi unutmamaq üçün qayığı,
zamanı unutmamaq üçün saatı,
göyü unutmamaq üçün Tanrını kəşf edir.
şəxsən mən, hərdən
saatımı yox, sol qolumu axtarıram evdə
sevgi də, bir növ, yaddaşsızlıqdı.
insan özünü yaddan çıxarır sevəndə.
hamımız beləyik:
o da, mən də, sən də!


****

bu qədər yalqız olma!
küləklər də üşüyür sənin yalqızlığından
qarlar tir-tir titrəyir
küçələrdə soyuqdan.
bu qədər yalqız olma!
darıxsan, eybi yoxdu
yenə məni yada sal
yenə növbəti dəfə
unutmaqçün xatırla!
bu qədər yalqız olma!


***

kimsəsizliyimdən zövq alıram.
getdikcə sənin yoxluğuna oxşayıram
artıq hətta başqaları da yoxa çıxdı.
günəş də yorulub,
indi qərbdə doğub şərqdə batır.
qaranlıq gecənin rəngini uzadır.
elə bir yalqızlığa çəkilmişəm ki,
bura Tanrının özünə də uzaqdı.


***

həyat yuxuda gizlənir.
dünən gecə yuxuda bir adam gördüm,
susurdu, amma sir-sifətindən söz tökülürdü.
əlləri yox idi, ayaqları yox idi, gözləri, başı,
bədəni yox idi, səsi, göz yaşı yox idi.
bax, insan belə yox olmalıdı.


***

tək ağacın kölgəsi meşədən sərin olur.
öz kölgəmdə oturmuşam, ustad!
o qədər yalqızıq ki,
itimiz belə hürmür, hər gecə hürdüyü qaraltılara.
anamın namaz vaxtıyla açılır səhər
eyvanda pıçıldaşır 124000 peyğəmbər.
mən isə onu fikirləşərəm
məncə, bütün tənha kişilər,
nə vaxtsa yalnız onu seviblər.

***

yaz gəlib
qışın soyuğundan yorğun çıxmış sobalarda
son odunlar yorğun-yorğun yanır.
tüstüləri göy üzündə yorğun-yorğun xumarlanır
torpaq özünü günəşin önünə sərib buxarlanır,
sanki, qədim kişilər yerin altında tənbəki çəkir.
evlərin damından sallanan buzlar
günahsız asılan adamlar kimi
bir-birinə baxıb, sanki, göz yaşı tökür.

gecə düşür
yer üzünə zamanın qaranlıq yaddaşı çökür.
evdə anam qarğış edir yalqız bayquşun səsinə.
köhnə ulduzlar düzülür
insanların olmadığı göy üzünün
geniş, məğrur sinəsinə.
və qəfildən bir it hürür
öz vəzifəsini yerinə yetirir.
mənsə tək-tənha uzanıb keçmişi xatırlayıram
özümü hazırlayıram
gələcək günlərin vahiməsinə.

****

biriniz yazma dediniz
biriniz içmə.
biriniz getmə dediniz
biriniz gəlmə.
biriniz susma dediniz
biriniz danışma.
biriniz öl dediniz
biriniz ölmə
tanıya bilmədim kimsiniz
necə ki, kim olduğumu tanıya bilmədiniz siz
bilmədim uzaqdasınız
yoxsa yaxında
darıxıb özümü gizlədim axırda
ləyəndə başı sabunluykən ağlayan
uşaqlığımın balacalığında.