Buz üstündə balıq ovu - Dneprdən reportaj

buz-ustunde-baliq-ovu
Oxunma sayı: 3311

“Qafqazinfo” Azərtac-ın əməkdaşının Kiyevdə Dnepr çayında balıq ovu ilə bağlı hazırladığı reportajı təqdim edir:

Onların “dünya”sında özümün bu qədər ətrafdan təcrid olunacağımı zənn etmirdim. Reportaj hazırlayan zaman günün darıxdırıcı olacağını düşünürdüm. Ancaq... 

Düşündüklərimin tam əksi oldu. Sanki qayğılardan, problemlərdən, insanların dedi-qodusundan, müharibə qorxusundan, uşaqların naləsindən, barıt iyi verən dünyamızdan tam uzaq bir məkandasan, yaşadığın mühitdə deyilsən. “O dünya”nın sakinləri Ukraynanın paytaxtı Kiyev şəhərində donmuş Dnepr çayı üzərində “məskunlaşmış” balıqçılar idi.

Açığı ilk dəfə idi ki, donmuş çayın üzərində gəzirdim. Çəkimin ağırlığını nəzərə aldığımdan ilk baxışdan özümə güvənməsəm də, sonradan təhlükəsiz məkan olduğunu hiss etdim. İlk baxışdaca donmuş Dnepr çayında kiçik dəliklərin çoxluğu diqqətimi çəkdi. Müşahidələrimdən belə anladım ki, balıqçılar ovları zəif olduqda hər 30-60 dəqiqədən bir yerlərini dəyişərək yeni dəlik açırdılar.

İlk müsahibim 60 yaşlı Maksim Şevçenko oldu. O hərəkətlərimdən bu dünyanın “yeni sakini” olduğumu bildi və gülümsəyərək “sən burada bir saat ancaq dayana biləcəksən” dedi. Həmin gün gündüz saatlarında Kiyevdə havanın temperaturu mənfi 8-9 dərəcə idi. Reportajım balıqçının söylədiyindən yarım saat çox çəkdi.

20 yaşından bu işlə məşğul olduğunu deyən balıqçı şikayətləndi: “Balıqlar da elə bil insanlardan üz döndərib. İllər ötdükcə balıq tutmaq çətinləşir. Görürsünüz, kiçik bir ərazidə nə qədər dəliklər var? Balıq çıxmayanda balıqçılar tez-tez yerlərini dəyişib yeni dəliklər açırlar. Ancaq çox şükür, çörək pulum bundan çıxır. Kiyevdə qış fəslində balıq ovu üçün bu cür yerlər var. Qışda balıqçıların toplaşdığı ən çox məkan bura - Dnepr çayının “Obolon” yaşayış massivi hissəsidir. Bura qışda balıq ovu üçün ən böyük çuxur sayılır”.

35 yaşlı balıqçı Oleq Melnik 10 yaşından balıq ovu ilə məşğul olduğunu deyir: “Kiçik yaşlarımda atamla birgə balıq ovuna gedirdim. Bir insan ki balıq ovuna öyrəndisə, ondan heç vaxt ayrıla bilməz”.

O, buz üzərində balıq ovu üçün dəliyin ölçüsünün 15-20 santimetr olduğunu qeyd edərək, istisna hallar olmasa, balıq ovuna hər gün səhər 07:00-dan axşam 17:00-a qədər vaxt ayırdığını bildirib. Onun sözlərinə görə, qadağan olunmuş ərazilərdə balıq ovuna görə cərimə 370-640 qrivendir (1 dollar-28,00 qriven). Bundan başqa, hər ovlanan balığa görə də cərimə tətbiq edilir.

Balıqçı bildirib ki, qış fəslində balıqlardan daha çox dabanbalığı, karp, xanı, durnabalığı ovlamaq olur.

Sonuncu müsahibim peşəkar balıqçı deyildi. Vladimir Boyko ali təhsilli kiyevlidir, fəlsəfəni çox sevir. O, qışda balıq ovunun insana verdiyi üstünlüklərdən danışdı: “Şaxta insanın bədənini və xarakterini gücləndirir. Qışda balıq ovu ilə məşğul olanlar itki ilə barışmağa öyrəşirlər. Balıqçılarla təmiz havada söhbətləşmək daha səmimi olur”.

Əslində, balıqçının dediklərində bir həqiqəti hiss etdim. Onlar sanki bir ailə idilər. Bir insan açıq havada sevdiyi bir işlə məşğul olursa, qayğısını unudub, balıqçı yoldaşı ilə söhbətləşirsə, bundan gözəl bir mənzərə ola bilməz. Onların mehribançılığını, reportajın sonunda, yəni, ayrılmaq istəyərkən daha çox hiss etdim. Balıqçılar bir günün tarixçəsi kimi buz üzərində adımı və ili yazaraq bunu da fotonun yaddaşına salmağı xahiş etdilər. Buzlaşmış “dünya”nın isti sakinlərindən xoş xatirələrlə ayrıldım.