Üzeyir Hacıbəyovdan Üzeyir Mehdizadəyə

uzeyir-hacibeyovdan-uzeyir-mehdizadeye-
Oxunma sayı: 643

İndi Səməd Səmədovun xalq artisti adı alması bir çox vətəndaşlarımızı bərk cırnadıbdır. Ən əsas arqumentlərdən biri odur ki, Səməd Səmədov himnin müəllfilərini tanımır və himnin müəlliflərini tanımayan bir müğənninin xalq artisti adına layiq görülməsi böyük biabırçılıqdır. Özü də bu ad Səməd Səmədova Azərbaycan akademik musiqisinin banisi Üzeyir Hacıbəyovun doğum günü ərəfəsində verilir. Bəzi adamların fikrincə burada nəsə aşağılayıcı notlar var. Ola bilər. İstənilən hadisəni istənilən cür mənalandırmaq olar. Deyəsən buna kazuistika deyirlər. Şübhəli məqamları sübut etmək bacarığı...

Əvvəla ondan başlayaq ki, əməkdar artist, xalq artisti kimi adların və titulların hələ də öz mövcudluğunu saxlamasının özü böyük bir biabırçılıqdır. Sovet dövründən qalmış bu adlar mütləq və mütləq ləğv olunmalıdır. Amma, mövcud vəziyyət hələ də bu adlardan istifadə etməyi şərtləndirir. Məsələn, müğənnilər məlum bayramlarda rayonlarda keçirilən açılış mərasimlərində, konsertlərdə həvəslə iştirak edirlər. Çünki, onları başa salırlıar ki, əməkdar artsit, xalq artisti adları almaq üçün belə bayramlarda, konsertlərdə həvəslə iştirak etmək lazımdır. Mərifət, qanacaq, tərbiyə, siyasi səhvlər buraxmamaq da öz yerində... Əks halda əməkdar artist, xalq artisti adına həsrət qalacaqlar.

İkincisi, şaiyələr gəzir ki, bu adları pulla verirlər. Pulunu ver, adını al. Bizim ölkədə sosrealizm havası hələ də davam etdiyindən fəxri adlar, titullar avtomatik olaraq işə yaramaqdadır. Yəni, alan razı, satan razı. Sadəcə, hər dəfə fəxri adlar veriləndə bir az ara qarışır.

Məncə vətəndaşlarımız Səməd Səmədova qarşı bir az insafsız münasibət sərgiləyirlər. Səməd Səmədov himnin müəllfilərini tanımır. Aydındır. Çox pis haldır. Bəs bu Səməd Səmədovu bir müğənni kimi yaşadan kimlərdir? Əlbəttə, Azərbaycan vətəndaşları.
Müğənnilərin geyimini, saç düzümünü, sırğa taxmalarını bəyənmirlər, lağa qoyurlar, amma bununla belə bəh-bəhlə toya çağırıb, üstəlik qəşəng pul verirlər. Söhbət əsasən kişi müğənnilərdən gedir. Bir adam vardı, guya Faiq Ağayevdən zəhləsi gedirdir, lağa qoyurdu. Nə bilim, min şəbədə qoşurdu. Amma, toyuna Faiq Ağayevi çağırdı. Mən səbəbini soruşdum. Dedi ki, özü istəməyib, qarşı tərəf israrla tələb edib. Ki, onun toyunda mütləq Faiq Ağayev oxumalıdır. Halbuki, Faiq Ağayevə verdiyi pulla, bir topa şair-yazıçının bir topa problemlərini həll etmək olardı. Özləri müğənniləri necə lazımdır bəsləyirlər, həmin müğənnilər pul verib ad alanda, cırnayırlar. Siz onları toya çağırıb, pul verirsiz, onlar da həmin pulla fəxri ad alırlar. Hər halda Səməd Səmədovu fransız, ingilis, alman saxlamır, siz saxlayırsız. Necə deyərlər, özü yıxılan ağlamaz. Səməd Səmədovun fəxri ad almasının əsl səbəbinin mənbəyi onu bir müğənni olaraq yaşadanlardır. Əlbəttə, söhbət tək Səməd Səmədovdan getmir. Bu, ümumi mövzudur. Sadəcə, Səməd Səmədovu bu yazıda bir nümunə olaraq götürmüşük.

Hər dəfə fəxri adlar paylananda belə söhbətlər çıxır. Ara qarışır. Kimsə kimisə təhqir edir...

Nəhayət, Səməd Səmədovu xalq artisti adına layiq görməyənlər, zəhmət çəkib meyxana deyən Ağasəlim Çıldağın “Şöhrət” ordeni almasını xatırlasınlar. Ən nəhayət, müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarova müstəqil Azərbaycanın “İstiqlal” ordenini alırsa, Səməd Səmədovun xalq artisti olmasına da dözməliyik.

Mən hələ Üzeyir Mehdizadənin xalq artisti adı almasını gözləyirəm.