Van Qoq bədbəxt edəcəkdi!

van-qoq-bedbext-edecekdi-
Oxunma sayı: 667

Bu adamların hər oyunu, hər qolu, ötürməsi, manevri bir nağıl olurdu bizim üçün. Matçlardan sonra məhəllədə, sinifdə bir-birimizin sözünü kəsə-kəsə danışırdıq onlardan. Tək oyunları yox, meydandakı davranışları, şəxsi həyatları, geyim-kecimləri, saç düzümləri də maraqlı idi bizim üçün.

-Qaqa, Bekhemin saçı zor idi, elə?
-Deyir, Viktoriya deyib elə eləsin...
-Hansı Viktoriya?
-Viktoriya Bekhem də, arvadı. “Spice Girls” qrupu.
-Viktoriya onun arvadıdır?
-Bilmirsən?
-A kişi, mənim də Viktoriya kimi arvadım olsa, 35 metrdən topu “devyatka” ya fırladaram, Ətağa cəddi...
Ol zamanlar futbola o qədər çox vaxt ayırırdıq ki, hətta Azərbaycan yığmasının və klublarının da matçlarını izləyirdik. Yaxşı yadımdadır bir də görürdün hansısa azərbaycanlı futbolçu saç uzatdı, yaxud topa saqqal qoydu. Sanasan çənəsinə qarışqa daraşıb. Amma di gəl, bizimkilər Avropalılar kimi saç uzadıb, saqqal saxlasalar da, yəni qiyafəcə dünya okeanına qoşulsalar da, oyun yenə həmin oyun kimi qalırdı. Ötürməni düz etməmək, cərimə zərbələrini, penaltiləri göyün yeddinci qatına qaldırmaq, gözəl qolları ancaq öz qapımıza vurmaq...
Bizimkilər asan yollarla böyük oyunçulara oxşamaq istəyirdilər. İş əsl oyun göstərməyə gəldikdə vəziyyət olurdu “rusca”.

***
Bu toz basmış xatirələri niyəmi silib-parıldatdım? Son zamanlar bəzi dostları dünya yazarlarının məişətini yamsılamaqda yaxalayıram da, ondan. Bir də görürsən ki, gənc bir qələm adamı hər gün içir, valideynləri ilə sorunlar yaşayır, (daha doğrusu, bu sorunları özü yaradır) sevgilisini incidir, canım sizə desin, din, Allah mövzusunda məsuliyyətsiz söhbətlər eləyib fərqli görünmək istəyir. “Ayə, a bala, niyə eləyirsən, qarnının azarı nədir?” “Əşi siz məni anlamazsınız, Bodler də belə olub, Yesenin də içib, Elüar da kefqomluq edib, Heminquey də “ciqan” olub”. Ay rəhmətliyin nəvələri, axı bizim planetimizdə hər ölkənin, hər şəhərin bir taleyi, bir yazısı, bir həyat tərzi var və həmin coğrafiyalarda doğulan, yaşayıb-yaradan qələm adamlarının taleyi doğulduğu coğrafiya ilə həmin qələm adamları bunu istəməsələr belə, bağlı olur.

***
Qonşumuzda Van Qoqu peyğəmbər bilən bir gənc rəssam yaşayırdı. Daha doğrusu, Rəssamlıq Akademiyasında təhsil alan cavan. Həftə səkkiz, mən doqquz atası ilə dalaşıb evi tərk edirdi. Yazıq anası qalmışdı mentalitetbaz ər ilə Van Qoq fanatı oğulun arasında. Bir belə, beş belə. Bir gün bilmirəm, televizordanmı eşitdim, qəzetdənmi oxudum, yainki, kimsə dedimi, öyrəndim ki, dünya şöhrətli rəssam Van Qoq atası ilə ciddi sorunlar yaşayırmış. Barmağımı dişlədim:
- Bu yığvalı qara gəlmiş, özünü Van Qoqa oxşatmaq istəyir. Ona görə dədəsi ilə gündə dalaşır. Boyuna ip ölçüm hey!
Zəng elədim “dahi rəssam”a. Çağırdım şəhərə. İnsana əbədiyyən kasıblıq və zəlillik burulğanında çabalayacağını xatırladan kafelərdən birində “başımızı düzəltdik”.

Gecənin gec saatlarında, bir-birimizdən tuta-tuta kafedən çıxanda qonşuma dedim:
- Bura bax, bilmirəm, bilirsən, ya yox, dünyada bütün atalar bir-birinə oxşamır. Deyir, şər deməsən, xeyir gəlməz. Sən canın, bir ciddi araşdır, birdən sənin dədən Van Qoqun dədəsindən yaxşı kişi olar, biabır olarıq. Dahilik-zad gedər işinin dalınca.
Bir az duruxdu. Sonra şaqqanaq çəkib güldü. Məni bağrına basdı. O, hər şeyi anlamışdı…

“Gənc rəssam” atası ilə barışdı. Reklam şirkətlərinin birində işə düzəldi. Xalası qızı ilə evləndi. İndi bir oğlu var. Atasının adını qoyub.
Bilməm anlata bildimmi?