“Vasif Talıbovun təşəbbüsünü kağız üzərində deyil, əməldə dəstəklədim” - Prezident

vasif-talibovun-tesebbusunu-kagiz-uzerinde-deyil-emelde-destekledim-prezident-
Oxunma sayı: 676

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib.
Dövlət başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.
Sonra Azərbaycan Prezidenti burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib:

"Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülülüb. Burada doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilib, indi fərdi evlər də tikilməkdədir. Gözəl mədəniyyət evi tikilib. Yəni, Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir. Son illər ərzində muxtar respublika böyük və şərəfli yol keçmişdir. Təkcə bu gün mən həm Naxçıvan şəhərində, həm də Kəngərli rayonunda bir sıra tədbirlərdə iştirak etmişəm. Günortadan sonra isə Culfa rayonunda bir sıra tədbirlərdə iştirak edəcəyəm. Bu tədbirlər çoxşaxəlidir, bütün sahələri əhatə edir. Hər bir yerdə, hər bir rayonda sürətli inkişaf gedir və respublikanın qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Həm sosial-iqtisadi inkişafla bağlı məsələlər həll olunur, həm də biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Bu dinamika, bu inkişaf muxtar respublikanın iqtisadi göstəricilərində də öz əksini tapıbdır. Keçən ilin yekunlarına görə həm sənaye, həm kənd təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul artmışdır. Bu, məni çox sevindirir. Naxçıvanın Azərbaycanda xüsusi yeri vardır. Bu, muxtar respublikadır, qədim Azərbaycan torpağıdır. Burada işlər yaxşı getdiyi üçün bunun ümumi işimizə böyük təsiri və töhfəsi vardır. Bu gün gözəl mədəniyyət evinin açılışında toplaşmışıq. Bir neçə il əvvəl Naxçıvanda Heydər Əliyev adına möhtəşəm Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdik. İndi isə Kəngərli rayonunda mədəniyyət evinin açılışında iştirak edirik. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm."

Daha sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir.

Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu.
İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı vardır. Burada müasir işıqlandırma sistemi və işıq effektləri yaradan xüsusi sistem quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı və istirahət guşəsi yaradılmışdır. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunub.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilib. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilib. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılıb.