“Vaxthesabı ödəniş zamanın tələbidir”- Açıqlama

vaxthesabi-odenis-zamanin-telebidir-aciqlama
Oxunma sayı: 667

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, hazırda Azərbaycandakı bütün telefon şəbəkələri elektron növə keçirilib. Bunun nəticəsi olaraq, telefon danışıqlarına görə vaxt hesabı ödənişin tətbiqi zəruriliyi yaranır ki, bu gün bu, bütün dünyada baş verir.

“Bir telefon xətti üçün daxil olan zənglər üzrə 450 dəqiqə limit nəzərdə tutulub. Lakin gedən zənglər də nəzərə alınarsa, bu ümumilikdə 900 dəqiqə təşkil edir ki, bu da bir telefon xətti üçün o qədər də az deyil. Limitdən yuxarı hər bir əlavə dəqiqə üçün isə 0,01 manat qiymət təklif olunur”, - Abbasov deyib.

Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (İB) baş direktoru Beytulla Hüseynovun Trend-ə verdiyi məlumata görə, İB-nin baxılmaq üçün Tarif Şurasına təqdim etdiyi vaxt hesabı ödəniş sistemi iki variantı nəzərdə tutur.

Birinci paket iki manat həcmindəki mövcud aylıq abunə ödənişinin saxlanmasını nəzərdə tutur ki, buraya 450 dəqiqə limiti daxil ediləcək. Danışıqların əlavə dəqiqələrinin qiyməti 0,01 manata başa gələcək.

Beş manat dəyərində olan ikinci paket telefon rabitəsindən limitsiz istifadəni nəzərdə tutur. Bununla yanaşı, abunəçilərə əlavə üstünlüklər təqdim ediləcək. Bunlar genişzolaqlı ineternetə avtomatik qoşulma, multimedia xidmətləri və s.-dən pulsuz istifadədir.

Bu və ya digər paketin seçimi abunəçidən asılı olacaq.