“Vay halına o namaz qılanların...”

vay-halina-o-namaz-qilanlarin
Oxunma sayı: 1322

İnsanların evini başına yıx, həccə get, insanları bir tikə çörəyə möhtac elə, denən orucam, insanların halal səsini oğurla, denən namaz qılanam, qul haqqına təcavüz elə, denən fitrə zəkatımı verdim... Beləsinə çox konkret belə deyirlər - Ay sənin özün öləsən!

Allahın mömin saydığı kəslər ibadəti, etiqadı ilə əməli vəhdətdə olan kəslərdir. Sən məscid təmir elətdir, özünü göstər, amma məktəbli inanclı qızları hicab bağladığı üçün orta təhsil ala bilməsin. Bu uşaqların psixologiyasında ağır travm yaranmasını demirəm hələ! Sənin kimisinin namazı əyilib, qalxmaqdan, orucu günün bir hissəsini ac qalmaqdan, həcci turist səyahətindən başqa bir şey deyil. İnşəallah, Allah da etdiklərinizi elə bu cür bilir.

Allahın insanlara bir vədi var- Hər kəs etdiklərinin əvəzini alacaq. Yaxşılığın mükafatını, pisliklərin cəzasını. Bu əvəzi verilənlər bu dünyada da ola bilər, axirətdə də. Bu, ilahi ədalətin təcəllasıdır. Elədiklərinin bu dünyada elədiklərinə görə yalnız iki istisna var. Allaha şərik qoşanlarla, zalım olub zülm edən kəslər etdikləri əməllərin cəzasını bu dünyada almadan Allah onların canını almaz. Misal istəyənlərə cavab: Yezidi ova gedərkən vəhşi heyvanlar parça-parça elədi, Şimr sağalmaz xəstəliyə düçar olub, bədənindəki dəhşətli yaraların üfunət qoxusunu nəfəsinə çəkə-çəkə öldü, ondan əvvəl fironların taleyi məlum. Bu günümüzdə isə Səddam Hüseynin, Qəzzafinin taleyini gözlərimizlə gördük, Hüsni Mübarək etdiklərini bədəlini bir az da ağır ödəyir. Heç kim şübhə etməsin ki, bir zalım bu ilahi ədalətdən kənarda qalacaq!

Allah-Təala buyurur: "O elə adamdır ki, yetimi qovar və (heç kəsi) kasıba əl tutmağa sövq etməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər" (Maun surəsi, ayə 2-5). Gördünüz, Allah qatında belə adamların dəyəri nədir? Bu bizim sözlərimiz deyil, Allahın bu cür insanlara verdiyi dəyərdir.

İnsanların ədaləti ilə ilahi ədalət anlayışları fərqlidir. İnsanların ədaləti haqlı ilə haqsızı ayırmaqdır. İlahi ədalət isə haqlının haqqını özünə verməkdədir. İnanın ki, bu ilahi ədalət haqlı olan xalqın haqqını haqsızdan alıb özünə verəcək. O ilahi ədalətin təcəllası bir gün xalıqn öz haqqını istəyəcəyi gündədir... Yenə Allah buyurur:"Bir qövm öz vəziyyətini dəyişməzsə, Allah da onun vəziyyətini dəyişməz" (Rad surəsi, ayə 11).

Allahın yer üzünə xəlifə olaraq, yaratdıqların ən şərəflisi olası insanı rəzil günə salanların ibadətlərini Yaradan qəbul edəcəkmi?! Etməyəcək, inşəallah! Çünki bunlar ibadət adlandırdıqları hərəkətləri ilə özlərini aldadırlar. Başqa kimi aldada bilərlər ki???

Bu dünyada kimsə Allahsız deyil. Harda olsaq, nə etsək, Allah bizimlədi. Əgər bu zalımların gördüyü işlərdə Allah rizası yoxdursa, Allah yanında da bunlara yer yoxdur.