Velosipedlə həccə gedən vətənə qayıtdı

velosipedle-hecce-geden-vetene-qayitdi
Oxunma sayı: 667

Yaxınları və media nümayəndələri Faiq Allahyarovu Bakının Şəhidlər xiyabanında qarşılayıb.

“Media forum” saytına açıqlamasında F.Allahyarov deyib ki, belə bir səfərə getməyi özü könüllü istəyib: “Bu il 60 illiyim idi. Eyni zamanda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyidir. Fikirləşdim ki, həcc ziyarətinə belə bir formada gedim, bunu qəlbimə Allah saldı”.

O, yol boyu bütün müqəddəs yerləri ziyarət etdiyini bildirib: “Ən əvvəl Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahında oldum. Eləcə də Nuh peyğəmbərin məzarı olduğu ehtimal olunan yeri ziyarət etdim”.

F.Allahyarov 3 ay 15 günlük səfəri ərzində ciddi çətinlik çəkmədiyini vurğulayıb: “Heç bir çətinlik çəkmədim. Hər yerdə məni yaxşı qarşıladılar və yola saldılar. Yol uzunu yaxşı insanlarla rastlaşdım və tanış oldum. Bacardığım qədər bu müddət ərzində hər bir ölkədə Azərbaycanı təmsil etməyə çalışdım. Farsların, kürdlərin yaşadığı ərazilərdən keçdim. Onların dillərini bilməsəm də, müzakirə etdiyimiz ümumi mövzu olub. Əsas dil deyil, əsas qəlbdir. Qəlblər bir-birinə yaxındırsa, dil o qədər də önəm daşımır”.

Həcc ziyarətinə təyyarə və yaxud avtobusla yola düşən zəvvarlardan xeyli çox pul xərclədiyini deyən F.Allahyarov öz səfərindən çox məmnun qaldığını söyləyir: “O pulun hesabını aparmadım. Çünki özüm qazanmışam və peşman da deyiləm”.