“Venesiya Komissiyası ilə ortaq fikir mövcuddur”- Mövqe

venesiya-komissiyasi-ile-ortaq-fikir-movcuddur-movqe
Oxunma sayı: 654



"Siyasi partiyaların yalnız seçkidə iştirakına görə maliyyələşdirilməsi və seçkidə iştirak etdikdən sonra təmsilçiliyə görə də maliyyənin ayrılması məsələlərində ortaq fikir uyğunluğu var", - Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Trend-ə açıqlamasında deyib.

Həsənovun sözlərinə görə, Venesiya Komissiyası ilə müzakirələr zamanı prinsipial məsələlərdə fikir ayrılığı olmayıb.

"Bütün prinsipial məsələlər üzrə - siyasi partiyaların yaradılması və buraxılması, siyasi partiyaların nizamnamə tələbləri və ona müvafiq partiyadaxili demokratiya, partiya rəhbərliyi və partiya üzvləri arasındakı münasibətlər, siyasi partiya olmanın meyarları və digər məsələlər ətrafında, demək olar ki, tam fikir ortaqlığı var idi. Yeganə bir məsələ ilə bağlı üst-üstə düşməyən fikirlərimiz oldu. Bu da siyasi partiyaların xarici vətəndaşlar tərəfindən yaradılması məsələsidir. Avropa ölkələrində müəyyən partiya birlikləri var ki, ayrı-ayrı ölkələrdə və Avropa Parlamentinə seçkilərdə iştirak edirlər. Avropaya aid olan bir sıra məsələlərin ayrı-ayrı ölkələrin siyasi partiyalar haqqında qanununa şamil edilməsinin mümkünsüzlüyünü ortaya qoymuşuq", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Venesiya Komissiyası ciddi şəkildə bunun əleyhinə getməyib.

"Biz Azərbaycanda yalnız ölkə vətəndaşlarının partiya yaratması, siyasətlə məşğul olması və siyasi hakimiyyət uğrunda mübarizə aparmasının tərəfdarıyıq. Onlar hesab edirlər ki, qonşu ölkələrin vətəndaşları da siyasi partiya yarada, onun maliyyələşdirilməsində və hakimiyyət uğrunda mübarizədə iştirak edə bilərlər. Əlbəttə, bunlar qeyri-mümkündür", - Həsənov deyib.

Onun sözlərinə görə, qanun layihəsinin bugünlərdə Parlamentə təqdim olunacağı gözlənilir. Qanun layihəsinin müzakirəsindən və qəbulundan sonra Venesiya Komissiyası ona rəy bildirəcək.

Azərbaycan tərəfi Venesiya Komissiyası ilə yenidən hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsini müzakirə edib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub.

Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur.