Veriləndə sonuncu, alınanda birinci azadlıq

verilende-sonuncu-alinanda-birinci-azadliq
Oxunma sayı: 741




“Bizim Suveren Ağamız Kral hökm və əmr edir ki, bütün yığışmış adamlar dərhal dağılışıb dinc şəkildə öz evlərinə, yaxud qanuni işlərinə qayıtsınlar. Bu çağırışa əməl etməyənlər Kral Georqun birinci ilində qəbul edilmiş akta – iğtişaş doğuran toplantıların qarşısının alınması aktına əsasən cəzalandırılacaqlar. Allah Kralı qorusun!” İngilislər kütləni dağıtmazdan əvvəl bu mətni onlara oxuyarmışlar ki, hər kəs işini bilsin. Mətn 1715-ci ildə qəbul olunmuş, İğtişaş Aktı adıyla məşhurlaşan qanunda öz əksini tapıb. 1973-cü ilə qədər Böyük Britaniya İğtişaş Aktını dəyişikliklərə məruz qoysa da, özünü qüvvədə saxlamışdı. Kütlələrin dağıdılması qaydaları haqqında qanun Britaniyanın ən köhnə qanunlarından biridir.

1715-1973-cü illər arasında bu qanun çox sınaqlara çəkildi. Ümumi anlayış bu idi ki, gərək yuxarıdakı mətn kütləyə oxunaydı, camaat da qanunu pozduğunu bilib dağılışaydı. Amma bu qaydaya nöqtə-vergülünəcən əməl eləmək heç də asan deyildi. 1919-cu ildə Qlazqo şəhərinin meri bu mətni 90 minlik etirazçı kütləyə oxumağa cəhd edəndə kütlə kağızı onun əlindən alıb cırmışdı. Diametral əks olay isə bu hadisədən 100 il əvvəl – 1819-cu ildə baş vermişdi: Mançester şəhərində 60-80 minlik kütlə parlamentdə daha ədalətli təmsilçilik istəyəndə süvari ordu hissələri İğtişaş Aktını kütləyə oxuyandan sonra o qədər insanı cinayətkar elan edib onlara qarşı silahlı hücuma keçmişdilər. Dinc əhali qılınc, nizə qabağında, at tapdağı altında qırılmışdı. Bu qırğın – Peterloo (1815-ci ildəki Vaterloo döyüşünün adına uyğun gəlmək üçün bu ad seçilibmiş) qırğını adı ilə məşhurlaşaraq ingilislərə dərs verdi ki, etirazçı kütlə ilə belə davranmaq olmaz. Yekunda İğtişaş Aktının tez-tez dəyişilməsinə və ən nəhayət, ləğvinə səbəb də bu oldu. Müasir fikir o qənaətə gəldi ki, toplaşma azadlığı daha elastik yanaşma tələb edir.

Reallıq budur ki, hansı qanunun necə tənzimləməsindən asılı olmayaraq camaat küçələrə tökülüşüb etiraz edirsə, məsələ riyazi xarakter alır. Bir ovuc adamı cinayətkar elan eləyib tutmaq olar, bir neçə mini dağıtmaq olar, on minlər-yüz minlər isə qanunla tənzimlənmir, onlar qanunu yaradır, ya da onu ləğv edir.

Toplaşma azadlığının tarixi

Toplaşma azadlığı heç bir qədim azadlıq aktında, Maqna Kartada (1215), Hüquq Petisiyasında (1628) öz əksini tapmayıb. Lakin anqlo-sakson ictimai mühitində ümumi konsensus olub ki, insanların dinc şəkildə toplaşıb “öz rifahları” və “kralın rifahı” üçün müzakirələr aparmaq hüququ var. 1715-ci ilin İğtişaş Aktı ona görə qəbul olunmuşdu ki, əhali getdikcə bu hüquqdan daha aktiv istifadə dövrünə qədəm qoyurdu və “cızıqdan çıxan” xalqa cızığını göstərmək zərurəti yaranmışdı. Toplaşma azadlığına bu feodal yanaşmanı iki inqilab dəyişdi – 1776-cı ilin Amerika inqilabı və 1789-cu ilin Böyük Fransa İnqilabı. Toplaşma azadlığı ilk dəfə məhz 1776-78-ci illərdə müxtəlif ABŞ ştatlarının yerli konstitusiyalarında öz əksini tapdı. 1789-cu ildə Fransada qəbul edilən İnsan və Vətəndaşın Hüquqları Bəyannaməsi birbaşa olmasa da, dolayı yolla toplaşma azadlığını tanıdı (“qanunla qadağan olunmayan qanunla icazəlidir” prinsipini qəbul etməklə). 1791-ci ildə isə ABŞ dünyada ilk dəfə toplaşma azadlığını öz konstitusiyasına açıq mətnlə saldı. Konstitusiyaya qəbul edilmiş Birinci Əlavədə belə yazılıb: “Konqres dinin qurulmasına (hər hansı bir dinə rəsmi dövlət dini statusunun verilməsi – red.) sayğı göstərən, yaxud hər hansı bir dinə azad ibadəti qadağan edən, söz və yaxud mətbuat azadlığını, insanların dinc şəkildə toplaşmaq və hökumətə öz şikayətlərini bildirən petisiyalarla müraciət etmək hüquqlarını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz.”

Söz azadlığı, toplaşma azadlığı və... birləşmə azadlığı. Sonuncu hüququn adı ABŞ Konstitusiyasının Birinci Əlavəsində çəkilmir, amma 1958-ci ildə ABŞ Ali Məhkəməsi qərar verdi ki, birləşmə azadlığı konstitusion hüquq kimi qorunmalıdır, çünki insanlar partiya, təşkilat yaratmaq azadlığına malik deyillərsə, söz azadlığını və toplaşma azadlığını da qoruya bilməzlər. (NAACP v. Alabama).

Azadlıqların trilogiyası

Toplaşma azadlığı digər iki azadlıqla - söz azadlığı və birləşmək azadlığı ilə sıx bağlıdır. Anqlo-sakson hüququnda Freedom of Assembly (toplaşma azadlığı) Freedom of Association (birləşmə azadlığı) ilə dəyişik də işlədilir, çünki insanların öz həmfikirləri ilə bir təşkilatda birləşmək hüququ ilə həmfikirlər qrupunun cəmiyyət qarşısında öz fikirlərini ifadə etməsi hüququ arasında sərhəd qoymaq asan deyil. Bu hüquqların hər ikisi söz azadlığının törəməsidir. Siyasi hüquqların Avropa və Amerikada inkişaf tarixi göstərir ki, söz azadlığı bir ideya kimi qəbul ediləndən sonra azad fikir ifadəçilərinin öz həmfikirləri ilə təşkil olunmuş əlaqələr qurması (birləşmə azadlığı) və bu azad fikri öz həmfikirləri ilə birgə küçə və meydanlarda açıq ifadə etməsi (toplaşma azadlığı) sanki ip yumağının açılması kimi ardıcıl və gözlənilən prosesdir. Yumaq yığılanda isə proses tərsinə gedir. Avropada totalitar rejimlər bərqərar olunanda və siyasi azadlıqlar məhv ediləndə birinci toplaşma azadlığı aradan götürülürdü, daha sonra alternativ fikri təşkil olunmuş şəkildə ifadə edə bilən təşkilatlar – birləşmə azadlığı sıradan çıxarılırdı, yekunda isə azad sözü ifadə etmək istəyən hər kəsi hədəfə alıb cəmiyyətdə bir köləlik xofu yaratmaq mümkün olurdu.

Toplaşma azadlığının özəlliyi

Fəqət toplaşma azadlığının bir özəlliyi var. Ən qeyri-azad cəmiyyətdə belə bezmiş kütlə ən gözlənilməz anlarda və ən gözlənilməz şəkildə bu hüquqdan istifadə edib ən qəddar rejimi belə göyə sovura bilər. Yəqin ki, bu özəlliyi nəzərdə tutan Corc Oruel totalitarizmin təsvirinə həsr etdiyi məşhur “1984” əsərində yazırdı: “Ax, bu prollar (sadə camaat nəzərdə tutulur – red.), onlar öz güclərini dərk etsəydilər, heç konspirativ planlar qurmağa ehtiyac qalmazdı. Onlar sadəcə ayağa qalxıb silkinməlidirlər, at silkinib milçəkləri üstündən qovan kimi. Əgər onlar istəsələr, günü sabah Partiyanı yerlə yeksan eləyərlər. Əlbəttə, nə vaxtsa bu onların da ağlına gəlməlidir. Amma hələlik...”

Toplaşma azadlığının bu dağıdıcı gücünə nəzər salandan sonra bir suala cavab vermək lazım gəlir: belə təhlükəli bir hüququ qanuniləşdirməyin məntiqi nədir?

Toplaşma azadlığının məntiqi

İlk ağla gələn cavab artıq müəyyən qədər müzakirə edilib: camaatın toplaşmaq azadlığı onsuz da var, insanlar tarix boyu adına xalq üsyanları dediyimiz bu hüquqdan vaxtaşırı istifadə edib saysız-hesabsız irili-xırdalı padşah deviriblər. Belə olan halda toplaşma azadlığının tanınması hökumətlərə imkan verir ki, həmin hüququn xalq tərəfindən istifadəsini tənzimləsin və bir növ qazanın qapağını vaxtaşırı qaldırıb, buxarın partlayışa çevrilməsinin qarşısını alsın.

İkinci arqument isə azad cəmiyyətin öz məntiqindən doğur. Əgər cəmiyyət azaddırsa, insan azad şəkildə öz fikrini ifadə edə bilməlidir və ayrı-ayrı fərdlər bu hüquqdan istifadə edə bilirlərsə, həmin fərdlərin cəminə bu hüququ yasaqlamaq absurddur. ABŞ-da toplaşma azadlığına dair məhkəmə işlərinin çoxunda heç toplaşma azadlığının adı çəkilmir. Məhkəmə söz azadlığı iddiası ilə aparılır, toplaşma azadlığı isə söz azadlığının məkan və zaman problemi kimi (sözü harada və nə vaxt ifadə etmək olar) çözülür.

Toplaşma azadlığının sərhədləri

Bu ilin aprel ayında Vaşinqton meriyasının üzvləri Konqresin binası önündə piket təşkil etmişdilər. Piket zamanı Vaşinqton şəhərinin meri də daxil bir qrup adam həbs edilib, bir neçə saat sonra azad olunmuşdu. Azərbaycanda bu hadisə diqqəti yaman çəkmişdi. “Hətta Amerikada da icazəsiz mitinqlərə çıxanları həbs edirlər” fikrinin Bakıda xüsusi həvəskarları var ki, bu da başa düşüləndir. Amma ABŞ-dakı mitinq həbslərinin sadə bir izahı var idi: ABŞ qanunlarına görə, Konqresin qarşısında piket-nümayiş keçirmək qadağan deyil, lakin piketçilər Konqresə giriş-çıxışı və yolları bağlaya bilməzlər. Vaşinqton meriyasının işçiləri Konqresin büdcə qərarlarından narazılıq ifadə etmək üçün bilərəkdən yolları bağlamışdılar ki, tədbirləri geniş əks-səda doğursun.

Azərbaycanda başqa məşhur anti-mitinq arqumenti də var: Londonda anarxistlərin mitinqləri polislə etirazçılar arasında küçə döyüşünə çevrilmişdi və polis həmin adamlara qarşı iri miqyaslı güc tətbiq etmişdi. Deməli, icazəsiz mitinqlər var və onları dağıtmaq olar, lap Londondakı kimi...

İcazəli-icazəsiz mitinq anlayışı varmı? Hansı hallarda insanların toplaşma azadlığı məhdudlaşdırıla bilər?

Toplaşma azadlığını tanıyan ölkələrdə mitinqlər üçün icazə almaq anlayışı yoxdur. ATƏT-in Toplaşma Azadlığı Üçün Bələdçi Sənədində açıq-aydın yazılıb: “Toplaşma azadlığı mümkün olduğu qədər TƏNZİMLƏNMƏMİŞ şəkildə həyata keçirilməlidir.” Vacib olan halda həyata keçirilən tənzimləmələrin nədən ibarət olduğunu anlamaq üçünsə ABŞ praktikasına baxmaq olar: burada 100 nəfərlik mitinq-piket keçirmək üçün heç hara müraciət etmək lazım deyil. 100 nəfərdən çox iştirakçı olanda isə təşkilatçılar polisə müraciət edirlər ki, kütlə şəhərə hücum eləsə, bunun hüquqi məsuliyyətini daşıyan olsun. İcazə isə tələb kimi ortada yoxdur. Tədbir iştirakçılarının sayı 100 nəfərdən çox olanda təşkilatçılar polisə müraciət edib tədbir barədə məlumat verirlər; həmin andan mitinq iştirakçılarını mümkün təxribat və hücumlardan qorumaq vəzifəsi polisin boynundadır.

ABŞ Ali Məhkəməsinə çıxmış məşhur bir iş var – Nasional Sosialist Partiyası v. Skokie. 1977-ci ildə ABŞ-dakı neofaşistlər İllinois ştatının Skokie şəhərində yəhudilərin çoxluq təşkil etdiyi rayonlarda yürüş-mitinq təşkil etmək istəyiblər və şəhər polisinə bu barədə müraciət göndəriblər. Şəhər meriyası mitinqçiləri yerli yəhudilərin hücumlarından qoruya bilməyəcəyini əsas gətirib yürüşü qadağan etmək istəmişdi. ABŞ Ali Məhkəməsinin qərarı bu oldu ki, şəhər meriyasının belə bir qadağa ilə çıxış etməyə ixtiyarı yoxdur və əgər doğrudan da Skokie şəhərinin yəhudiləri faşist nümayişçilərə hücum təhlükəsi doğururlarsa, şəhər polisinin borcudur ki, bütün mümkün vasitələrlə nümayişçiləri həmin hücumlardan qorusun.

Bəs mitinq və piket keçirilməsinin qadağan edildiyi yerlər varmı? Var. Amma...

Toplaşma azadlığı - söz azadlığının məkan və zaman çərçivəsi


ABŞ Ali Məhkəməsinin tətbiq etdiyi vacib hüquqi prinsip budur ki, söz azadlığına qoyulan məkan məhdudiyyətləri MƏZMUN MƏSƏLƏSİNDƏ NEYTRAL olmalıdır. Yəni A məntəqəsində heç bir şüar səsləndirilə bilməz, çünki... hansısa neytral bir arqument. Əgər bir məkanda respublikaçı şüar səsləndirilə bilərsə, həmin yerdə kommunist, faşist və s. ideoloji şüarlar da səsləndirmək mümkündür.

Neytral qadağalar kimi ABŞ məhkəmələri aşağıdakı məhdudiyyətləri tanıyıb: seçki məntəqələrinin 30 metrliyində seçki şüarları səsləndirməyi qadağan edən şəhər bələdiyyəsi qərarı (Burson v. Freeman (1992)) və konkret bir insanın evinin qarşısında piket keçirməyi qadağan edən şəhər bələdiyyəsinin qərarı qanuni sayılıb (Frisby v. Schultz (1988)). Bu hallarda ABŞ Ali Məhkəməsi hesab edib ki, seçki məntəqəsinin ən yaxın həndəvəri və insanın şəxsi evi ənənəvi mitinq-piket yeri deyil, həmin yerlərdə toplaşma azadlığı hamı üçün eyni dərəcədə məhdudlaşdırıla bilər. İri dövlət idarələrinin qarşısı isə mitinqlərin qadağan edildiyi yer deyil. Ağ Evin, Konqresin qarşısında giriş-çıxışı qapatmadan nümayiş keçirmək olar. Səbəb çox sadədir: adətən kütləvi etiraz hansısa bir dövlət qurumuna qarşı olur.

Bəs anarxistlər necə olsun?

Toplaşma azadlığının tam adı dinc toplaşma azadlığıdır. Deməli, şəhəri dağıtmaq niyyətində olduğunu əvvəlcədən bəyan edən qrupların toplaşmaq istəyi bu prinsip altında qorunmur. Niyəsini başa düşmək üçünsə döyüşkən, üzləri qara maska ilə örtülü anarxistləri əllərində Molotov kokteyli “toplaşma azadlığından” istifadə edərkən görmək lazımdır. Lakin kütləvi tədbirin dinc xarakterli olmadığı iddiasının siyasi konyunktura ustaları tərəfindən istismar edilməməsi üçün ATƏT-in Toplaşma Azadlığına Dair Bələdçi Sənədində belə bir fikir öz əksini tapıb ki, “dinc xarakterli” anlayışı “ifadə edilən fikrin əleyhdarlarını qıcıqlandıracaq, yaxud təhqir edəcək fikrin ifadəsini də ehtiva edir”. Yəni nümayişçilərə kənardan kimsə hücum etsə, ortaya çıxan qovğa nümayişçiləri “anarxistlərə” çevirmir. Nümayişçilər özləri aqressiya mənbəyi olmalıdırlar ki, kütləvi tədbir dinc nümayiş statusunu itirsin.

Hökumət istəyəndə...

Qeyd olunan məhdudiyyətlərin ədalətli, yaxud ədalətsiz tətbiqi ölkə hakimiyyətinin davranışından asılıdır. ABŞ-ın keçmiş siyasi xadimlərindən biri Robert Heynenin maraqlı fikri var: “Həqiqət budur ki, hər dövrdə, hər ölkədə iki fərqli adam tipi olur – azadlıq aşiqləri və istənilən hakimiyyətin qızğın tərəfdarları”. Deməli, təfsirlər də fərqlənəcək. “Anarxist” axtaranları da bu axtarışdan saxlamaq çətindir. Nümayişlərə, yaxud fikir ifadəsinə verilən hüquqi qiymət siyasi linzalarda təhrif oluna bilər.

Xalq istəyəndə...

Ancaq toplaşma azadlığının da bir özəlliyi var. Camaat bu hüquqdan zaman-zaman istifadə edib, ən qəddar rejimlərin qanunları belə bu selin qarşısında aciz qalıb.

Qorxmaz Əsgərov
Vaşinqton

Məqalə “Toplum” vətəndaş cəmiyyəti jurnalıtın 3-cü sayında (Yay, 2011) dərc edilib.