Vətəni sevənlər və kölələr

<b>Vətəni sevənlər və kölələr</b>
Oxunma sayı: 179

Yoxdan bir qədər yuxarıda dayananlarla həyatı öz içindəki azadlığından başlayıb milləti də bu azadlığa yoldaş etmək uğrunda mücadilədə yaşayanların fərqidi bu. Yaşamaqla mövcud olmağın fərqini vicdanı nəfsinə əsir olmayanlar anlayar.

Türkiyə Cümhuriyyətinin Milli Marşının sözlərini yazmış Mehmet Akif Ərsoy 1922-ci ilə qədər istiqlal qəhrəmanı idi. 1924-cü ildə istiqlalı uğrunda savaşdığı vətənində pulsuz-parasız, işsiz bir həyat sürürdü. Hələ üstəlik, dövlət ardınca polis salıb, istiqlal şairini təqib etdirirdi. Dünyanın hər yerində Vətənsevərlərin taleyi bir-birinə bənzəyir.

"Divar mıxa, "niyə məni dəlik-deşik edib, incidirsən", dedi. Mismar da ona, "mənə yox, məni divara vurana bax", - deyə cavab verdi" (Mövlanə Cəlaləddin Rumi). Məhkəmələrdə yalançı şahidləri, insanların üzünə baxmaq istəməyən məmuru görəndə bu alət edilənlərə deyil, alət edənlərə baxın. Bulaq başdan bulanırsa, aşağıda onun suyunun təmiz olması mümkünsüzdür.
Alət olmaq yolunu seçənlər də günahsız deyil. Bunların günahı alət olmağa razı olmaqdır. Beləsini dindirsən, bir tikə çörək üçün bu qədər rəzil hala düşdüyünü iddia edəcək.

Bunun cavabını da yenə Hz. Mövlanədə tapmaq olar. "Vəzifəni tam yerinə yetirə bilməyənin vicdan yarasına nə bəhanəsinin çarəsi, nə dərmanın şəfası çarə edə bilməz."

Hz. Mövlana Cəlaləddin Rumi buyurur: "Əgər sən bir tikə loxmanın ardınca düşmüsənsə, demək, özün də bir loxmasan." İnsanlıq maddi və mənəvi kriteriyaların bir yerdə olmasında qərar tutub. Mənəvi dəyərdən aralı düşüb, maddiyyat gəzənlər insanı ucalda biləcək olan daxili azadlığı itirənlərdir. Bu cür yaşamaq, əslində, gerçək həyat sürmək deyil, Allah-Təalanın buyurduğu, "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (Tin surəsi, ayə 4), hikmətinə qarşı çıxmaqdır. Böyük şairimiz Nəsiminin yazdığı, "Adəmi həm həqq, həm insan eylərəm", misrasında işarə etdiyi məna insanın köləlik qəfəsini sındırıb, Haqqın, eləcə də haqlının cərgəsində yer alması ilə zahirə çıxır.

İslam fəlsəfi fikir tarixində ilk dəfə olaraq təsəvvüf məktəbi yaratmış böyük mütəfəkkir və Allah dostu Həsən Bəsri həzrətləri buyurur: "Zalıma uzun ömürlə dua edən yer üzündə Allaha üsyan edilməsini sevən kimsədir". Zalıma dua etməklə özünü böyük günaha salan insanlar, həmçinin qürur və şəxsiyyətlərini iki paralıq edirlər.
Harun ər-Rəşid zamanında yaşamış vəli Himmət Dədə hökmdara deyir: "Elə Sultana qul ol ki, kölələrin sultanı qulluğunda dursun!" İnsan başqasının qarşısında əyildikcə alçalar, amma Allah qarşında əyildikcə ucalar. Bütpərəstlərin alçalmasının səbəbi də başlarının üstündə Allahı bilməzdən gəlmələri, zamanı gələndə yerlə-yeksan olacaq bütlərin önündə əyilmələridir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi