VHP-dən Tarif Şurasına qarşı sərt - Bəyanat

vhp-den-tarif-surasina-qarsi-sert-beyanat
Oxunma sayı: 663

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, partiya Tarif Şurasının növbəti iclasında qiymət artımı ilə bağlı bəzi müraciətlərin müsbət həllinin, heç də Azərbaycan əhalisinin sosial reallıqlarına adekvat olmadığını bildirib: “Əmək haqlarında heç bir artım olmadığı halda məişət tullantılarının daşınması, o cümlədən isti su təchizatı qiymətlərinin qaldırılması əhalinin onsuz da çətin olan sosial güzəranının bir qədər də çətinləşdirməyə xidmət edir. Xüsusən, daha çox tələbə və təqaüdçülərin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin 20 qəpiyə qaldırılması da iqtisadi baxımdan əsaslandırılmayıb. Metro tikintisi və yeni avadanlıqların alınması heç də Metropolitenin gəlirləri hesabına həyata keçirilmir, bundan ötrü dövlət büdcəsindən vəsait ayrılır. Həmçinin Bakı Metropoliteninin ziyanla işləməsi nəzərə alınaraq, bu quruma büdcədən hər il dotasiyalar verilir. Bu baxımdan, 2012-ci ilin dövlət büdcəsi, gəlirləri və xərcləri təsdiqləndikdən sonra Bakı Metropolitenində sərnişin daşımalarının qiymətinin qaldırılmasının səbəbi izah olunmalıdır”.

Bəyanatda, həmçinin bildirilib ki, dövlətin qiymət tənzimləməsitəkcə iqtisadi deyil, həm də siyasi amillərə dayanmalı, dünyada gedən proseslər nəzərə alınmalı və əhalinin iqtisadi-siyasi maraqların gözlənilməlidir. Partiya onu da qeyd edib ki, bütün dünyada sosial gərginliklərin fəsadlarının yaşandığı indiki dönəmdə Tarif Şurasının xalq arasında narazılıq yarada biləcək qiymət artımı siyasəti ölkənin= və xalqın taleyini təhdid etməkdən başqa bir şey deyil:“Vətəndaş Həmrəyliyi Partiyası olaraq ölkə rəhbərliyini bu qiymət tənzimləməsinə dərhal reaksiya verməyə çağırırıq».