VHP hakimiyyətə çağırış etdi

vhp-hakimiyyete-cagiris-etdi
Oxunma sayı: 657

“Tarixdə baş verməyən bir hadisəni, qondarma «erməni soyqırımı»nın bir sıra dünya ölkələrinin parlamentlərində rəsmən tanınması əslində Türkiyəyə siyasi-iqtisadi təzyiqin bariz nümunəsidir. Türkiyə dəfələrlə Osmanlı arxivini tarixçilərin üzünə açmağa hazır olduğunu və gerçəkliyin üzə çıxmasında marağını ifadə etməsinə baxmayaraq, hələ də bu müraciətlər nəticəsiz qalıb, tarixi faktları araşdırmaq əvəzinə isə Fransa Senatı daha ilginc bir qanun qəbul etdi. «Erməni soyqırımı»nı inkar edənlərə cəza nəzərdə tutan bu qanun, Türkiyəyə təzyiq olmaqla bərabər, həm də insan hüquq və azadlıqlarının beşiyi olan Fransa və Avropa dəyərlərinə qarşı yönəlib.

Təsadüfü deyil ki, qanunun ifadə azadlığını məhdudlaşdırdığını dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları da etiraf edir və bu qanuna qarşı çıxırlar. Hər kəsin fərqli düşünmək və danışmaq hüququnu tanıyan Fransa Senatının «erməni soyqırımını» inkar edən vətəndaşına 1 illik cəza və ya 45 min avro cərimə qanunu, əlbəttə ki, fundamental insan azadlığına kəskin ziddiyyət təşkil edir.

Fransanın öz demokratik ənənələrinə zidd olaraq qəbul etdiyi bu qanun yalnız Türkiyə və Türk Dünyasına qarşı böyük planın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu qanun təkcə Türkiyəni deyil, həm də Azərbaycanın dövlətçilik maraqlarını təhdid edir. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə ədalətli həll prosesində iştirak edir. Ancaq ermənilərin mənafeyinə uyğun qərar qəbul etməkdən ötrü hətta demokratiya və ifadə azadlığını məhdudlaşdıran Fransanın Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafı 7 rayonun taleyinin ədalətli həllində bitərəf mövqe tutacağı ciddi sual altındadır.

VHP Siyasi Şurası Fransanın bu addımını ifadə azadlığının məhdudlaşdırılması kimi kəskin pisləyir, bunu Türkiyə və Azərbaycana qarşı yönəlmiş ədalətsiz siyasi təzyiqin tərkib hissəsi sayır və Azərbaycan hakimiyyətindən Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən dərhal uzaqlaşdırılması və Fransa-Azərbaycan siyasi-iqtisadi münasibətlərinə yenidən baxmasını tələb edir”.