Xalamın əri və Xocalı

xalamin-eri-ve-xocali
Oxunma sayı: 775

Xalam da, eləmə tənbəllik, ağlaya-ağlaya yol alıb düz rayonun polis bölməsinə, oturub bir ərizə yazıb, bəyan edib ki, artıq bezmişəm, gəlin bu kişini başa salın və dilindən izahat alın, bir də içməsin. Bütün günü bekarçılıqdan əsnəyən sahə müvəkkili qarağuş kimi şığıyıb kəndə, xalamın ərinin qollarını burub darta-darta gətirib “qluşitel”i xoruldayan sıfır altı markalı maşınının arxa oturacağında otuzdurub. Xalamın əri qorxub bir az. Hannan-hana, ona izah ediblər ki, qorxma! Sadəcə dilindən bir kağız ver ki, bir də içib evdə dava salmayacaqsan. Xalamın əri buyurub: “Yoldaş rəis, mənim əsəblərim xəstədi, araq içməsəm yaşaya bilmərəm. Gəlin arağa görə üz vurmayın, amma söz verirəm ki, içsəm də evdə dava-zad eləməyəcəm.”

Sahə müvəkkili hövllənib:
“A gədə, həpənd, sən mənə burdan-bura nömrə gəlmək istəyirsən? Necə olur həm içəsən, həm də evdə dava salmayasan? Sən içsən arvad deyinəcək, arvad deyinəndə sən hövsələdən çıxassan!”
Xalamın əri əvvəlcə dinməyib. Sonra deyib vallahi də, billahi də nə qədər içirəm içim, arvada gözünün üstündə qaşın var deməyəcəm. Əgər desəm, kopayoğluyam! Əgər desəm, gəlin məni qulaqlayıb aparın salın o it damına, bir də işığa buraxmayın.
Allah mərhəmətlidir. Bu sözdən sonra sahə müvəkkili başının dəstəsi ilə minib “qluşitel”i xoruldayan sıfır altı markalı maşına aradan çıxıb. Xalamın əri “huh” eləyərək özünə gəlib və çəkilib kəndin ortasındakı söyüdlərin kölgəliyinə.

Xalamın əri kölgəlikdə oturub iri əlləri ilə milçəklərini qovmaqda olsun, mən sizi bu qəribə adamla yaxından tanış eləyim.
Adı Həsəndi. Peşəkar yük maşını sürücüsüdü, amma maşını yoxdu. Uzun qaşları, keçəl başı, əyri burnu, nazik bığları, balaca boyu və yekə ayaqları var. Adətən qaloş geyinir, şalvarını uzunboğaz corablarının içinə salır. Ucuz “Yava” siqareti çəkir həmişə. Sağ əlinin şəhadət və orta barmaqlarının arası tütün sarısıdır. Gec-gec tutduğu dırnaqlarının altını çör-çöplə təmizləyir. Köhnə, lakin təmiz paltar geyinir. Bildiyiniz kimi, içəndir. Elə toy olmaz ki, düd deyincə vurmasın. Adətən toylarda “Kərəm gözəlləməsi” mahnısına oynayır və kefi lap yaxşı olanda mikrofonu müğənnidən alıb bir ağız oxuyur da! Səsi yoxdu. Totylarda oxuyub-oynayanda xalam utanır və başını arvadların arasında gizləyir.

Həsən həyatı boyu 5-6 dəfə qaçqın düşüb. İlk dəfə Laçından Xocalıya, sonra Xocalıdan Ağdama, ondan sonra Ağdamdan Laçına, ən axırda isə Laçından Ağcabədiyə... Hər dəfə də qaçmamışdan əvvəl yuxuda görür ki, qanadlanıb harasa uçur. İki-üç gün keçməmiş yuxusu gerçəkləşir. Bir dəfə qaçqınların köçü gəlib Kür çayına dirənəndə qohumlardan biri deyib, Həsən, görüm Allah sənin qanadlarını qırsın. Da bəsti yuxuda uçdun, qoy oturaq buralarda! Həsən bığaltı qımışıb!
Cavanlığında şəkil kimi oğlan idi. Təzə ZİL maşını ilə kəndə gələndə hamı tamaşasına dururdu. Həmişə məni görəndə qaldırıb ZİLin bəzəkli kabinəsinə mindirir və zarafatlaşırdı: “Qəşəng xalaların var, birini ver də mənə!” Sonra hırıldayıb, o vaxt gur olan saçlarını başının cəld hərəkəti ilə arxaya atırdı. Hənək-hənək, dalı dəyənək! Bir gün gözümü açıb gördüm evləniblər xalamla. Amma Həsən xalamı sonuncu qaçqınlığında aldı. Onacan evlənmişdi, uşağı olmamışdı. Heç xalamla da övladları yox idi. Bəlkə aralarındakı giley-güzarın əsas səbəbi bu idi.

Bu yerdə, dəqiq bilirəm ki, istəkli oxucumda bir sual doğur. Əcəba, bəs Həsən kimi zarafatcıl bir gənc necə oldu ki, içkiyə qurşandı, avara və alkaş bir adama çevrilib toylarda “Kərəm gözəlləməsi” oxumağa başladı. Əlbəttə, haqlı sualdır.
Hələ biz Laçında ikən Həsənə Xocalı şəhərində pulsuz-parasız üçotaqlı ev verdilər. Çünki onun sürdüyü ZİL Xocalı maşını idi. Xoşbəxtlikdən Xocalı dağılan gecə Həsən yoxumuş orda. Ağdamda imiş. Faciənin səhəri günü gedəsiymiş doğma şəhərinə. Gecəynən hay düşüb ki, Xocalı dağıldı. Hamı kimi Həsən də qaçıb məscidin qabağına. İlahi! Həsən gördüklərini heç vaxt danışa bilmirdi. Dodaqları əsirdi, rəngi avazıyırdı. O, cəsədləri faciəvi hala salınmış uşaqları, qocaları, qadınları şəxsən tanıyırdı axı!
Həsən deyir o gecədən sonra dişlərim başladı tökülməyə, məndə qan təzyiqi əmələ gəldi. Sinəmin sol tərəfində isə, o gün-bu gün, həmişə küt sancılar olur. Harda qırıla-qırıla!

O gündən Həsənin üzü gülmədi. O, həmişə susur, nəsə düşünür, durduğu yerdə başının keçəl yeri tərləyirdi. Həsənin güldüyünü içəndən-içənə görmək olurdu. Onda da xalam başını xarab eləyirdi kişinin. Xalamın da dilində əqrəb zəhəri var vallahi: “Ay Həsən, o qədər günahsız adamlar, körpələr öldü Xocalıda, niyə o qəfil güllələrin biri sənə dəymədi! Ay abırsız, niyə o biçarələrin yerinə səni öldürmədilər!”
Həsən bir dəfə ağladı bu sözlərə, kaş mən də öləydim dedi.
Sonra gördü arvadın naqolay hücumlarına göz yaşı ilə davam gətirmək olmur, keçdi ağaca. Dedi, sənnən o kafirlərin heç bir fərqi yoxdu, mən də səni öldürəcəm! Deyilənə görə bir dəfə baltaya da əl atıb peydasız. Əl atıb və xalam da haqlı olaraq demokratik qanunvericiliyimizdən bəhrələnməli olub!

Polislərdən sonra Həsən içəndə arvadının gözünə görünmür. Amma arvad bir gün yaxalayır onu, yenə üzünə tüpürür, Həsən əlini ağaca atmaq istəyəndə sahə müvəkkilinə verdiyi söz yadına düşür. “Nəhlət şeytana!” – deyərək gözdən itir. Xalam təsadüfən əl evindən nəsə gətirməyə gedəndə, görür ki, Həsən özünü asır. Gizlənib baxır görək, doğrudanmı intihar edir? Görür, bəli, Həsən doğrudan-doğruya özünü öldürmək istəyir. Tez qışqırıb haray salır, qonşular tökülüb gəlir, Həsəni xilas edirlər. Amma Həsən acı-acı gülüb xalama baxır və kinayə ilə deyir: “Onsuz da özümü öldürəcəm! Həmişə yanımda olmursuz ki!”
Vay bə! Xalam bir də polis bölməsinə yollanmalı olur. Deyir, ya gəlin bunun başına ağıl qoyun, ya da aparın salın dəlixanaya, özünü öldürüb bizi qana salacaq!

Sahə müvəkkili yenə qarağuş kimi şığıyır kəndə və başlayır Həsəni qorxutmağa. Deyir, özünü öldürsən sənə iş düşür! Özünü öldürmək, qanunla başqasını öldürmək kimi bir şeydi. Bu sözlər Həsənin ağlına batır, kişi kimi söz verir ki, bir də dilinə araq vurmayacaq, əvəzində gedəcək əsəb həkimindən müalicə almağa.
Xalam iki yeməli toyuğu ayağından tutub çığırda-çığırda sahə müvəkkilinin “qluşitel”i xoruldayan sıfır altı markalı maşınının baqajına basandan sonra muştuluq üçün qohum-əqrəbaya səs salır: “Allah sizi sevindirsin, Həsən arağı tərgitdi!”

Söz gəlib mənə də çatdı. Dedim, xalamı başa salın, ərini televizora yaxın qoymasın. Qabaqdan Xocalının ildönümü gəlir...