Xalqa, insanlığa xidmət nümunəsi….

xalqa-insanliga-xidmet-numunesi
Oxunma sayı: 811




2010-cı ilin baharı ölkə sel daşqınları ilə tarixə düşdü. Daşqın fəlakəti cəmi bir ay çəkdi, amma məmur fəlakəti il yarımdır ki, davam edir. Prezident İlham Əliyev sel və qrunt sularının vurduğu ziyanla əlaqədar 03 may və 19 may 2010-cu ildə insanların bəladan xilas edilməsi üçün fərmanlar verdi. Nazirlər Kabinetinin 09 iyul 2010- cu il 197 s saylı sərəncamı ilə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrıldı. Bütün bunlar baş verməyə, daşqınlar olmaya bilərdimi? Bəli, bir şərtlə ki, Melorasiya və Su Təsərrüfatı ASC 2005- ci ildən indiyə qədər bu istiqamətdə ayrılan bir milyarda yaxın pulu mənimsəməyəydi. Fəlakət zonasında haray çəkən insanlara ən böyük yardım yalnız Fövqaladə Hallar Nazirliyi tərəfindən edildisə, insanlara mənəvi yardımı yalnız "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahı tərəfindən edildi. Bu təşkilatın üzvləri gecə- gündüz fəlakət zonasını qarış- qarış gəzib insanlara mənəvi dayaq oldular. Bu böyük insanlığı görüb, iyun 2011-ci il bəndəniz də onlara qoşuldu. Dünyanın intellektual, yaradıcı, elmli insanları “heç bir maddi sərvəti olmayan yaponlardır” desək, yəqin yanılmarıq. Neft-qaz, 9 iqlim qurşağı, təbii sərvətlərə, bərəkətli torpaqlara malik ölkəmə bu sərvətləri verincə- Mehman Əliyev, "Nassi baba"-mız, Oqtay Gülalıyev, Kamaləddin Heydərov kimi bir milyon dəyərli insanlar verəydin kaş, ilhai. Dünyanın ən böyük sərvəti olan ölkəmə, Tanrı sel fəlakəti yox, məmur zəlaləti qismət edib. Dünyanın ən böyük sərvət sahibi olan ölkəyə məmur fəlakəti sayəsində korrupsiya adında elə bir yara vurulub ki, 100 il keçsə də bu yara sağalmayacaq. Məmur fəlakətinin səbəbidir ki, elm, təhsil, səhiyyə, diplomatiya, ordu, iqtidar-müxalifət problemi, ölkə insanının durumu, yaşam tərzi uçrum qırağındadır, ölkə vətəndaş müharibəsinə sürüklənir. Bir qurup harınlaşmış məmur o qədər qudurub ki, Allahlıq iddiasına düşüb, xarici maşınları internetdən axtarıb tapır. Ölkədə isə laqeydlik, səfalət, aclıq, əsəb ucundan ilə hər günə 7 intihar hadisəsi baş verir. Nəzarətsiz, sahibsiz ölkədə yalnız Kür-lərin, "Kür" Vətəndaş Cəmiyyətinin sədası gəlir. O insanların problemi qısa müddətdə həll olunursa, yenə də ümidsizlik burulğanından, xilas ola bilmir, insanlarımız özlərini kölə hesab edir, işğal olunmuş ölkədə yaşadığını öz fəlakəti sayır. Məmur fəlakətinin vurduğu yara, onların bu xalqa etdiyi duşmənçiliyi 200 ildə rus-fars-erməni şovinistləri etməyib. Ölkə iqtidarı məmur fəlakətini durdurmaqdansa, millətin 100 ildən bir yetişən gənc nəslini həbsxanalara doldurur, jurnalist, elm, qələm sahiblərini ya təhqir, ya şantaj, ya həbsxanalara, ya da ölkəni tərk etməyə məhkum edir. Sadə bir misal; 1991- ci ildə ölkəmizin müstəqillik əleyhinə səs verən, 2010- cu ilin Kür fəlakətinin əsas səbəbkarlarından olan, 1,1 milyard manat pulu mənimsəyən Meliorasiya və Su Təsərrüfatı ASC- nin sədri Əhməd Əhmədzadə bu gün nazir kreslosunda əyləşib millətin varidatını sümürməklə, insanları fəlakət içində yaşamağa məcbur etdiyi halda Müstəqilliyimiz haqqında Konstitusiya Aktının müəlliflərindən olan və ona səs verən, canı ilə, qanı ilə Azadlığımız uğrunda vuruşan millət vəkili Arif Hacılı məhbəs həyatı yaşayır. İlahı, bu haqsızlığa, ədalətsizliyə niyə göz yumursan? Millətimin günahı bu qədərmi çoxdur ki, ona bu zülmü verirsən?

İctimai Palatanın 26 iyul 2011- ci ildə Kür daşqınları ilə bağlı keçirilən toplnatısında İsa Qəmbər və Pənah Hüseyn “Kür” Vətəndaş Cəmiyyəti haqqında maraqlı ifadələr işlətdilər; “1990- ci ildən üzü bəri bu təşkilat xalqla işləməyin, mübarizə aparmağın düsturunu ortaya qoydu. Biz müxalifətçilər bu təşkilatdan bir çox şeyləri öyrənməliyik”. Amma müxalifət özünün dediyi kimi öyrənmək, nümunə götürmək əvəzinə əhalini təşkil olunmamış mitinqlərə sövq etməklə, qorxu hissini millətin genofonduna yerləşdirir. Birləşə bilməyən müxalifət liderlərindənsə, "Kür" Vətəndaş Cəmiyyətinin 3 nəfər dahi siması bu millətin Dantesidir. Bu 3 nəfər ürəklərini əllərinə götürüb, iqtidarı xalqa işləməyə, problemindən utanmağa dəvət etdi. İqtidarın fəlakət məmurlarını atdıqları daşlara görə, məhkəmələrdə gül uzadıb utandırdı, xəcalətli etdilər, amma "Kür" Vətəndaş Cəmiyyətinin bəladan xilas etdiyi, İmişlinin Mirguzallı kəndinə 64 il əvvəl gəlin gəlmiş fransız qadın, dünyanın "Kür" sayəsində tanıdığı İvonna Botto ana 12 oktyabr 2011-ci il onun haqqında çəkilən kinolentə baxarkən hiss etdim ki, hələ də məmur fəlakəti ananın gözlərindəki mənəvi fəlakəti yuya bilməyib, yalnız "Kür" yusa da, mənəvi fəlakət Mirquzallı kəndinin bərbad yollarında, cəngəllik faunasında 21-ci əsrin insanının qorxmuş gözlərində bir niskil kimi göründü. Eşitdiyimə görə prezident İ. Əliyev bu 83 yaşlı ananı ziyarət etməyə hazırlaşır. Görəsən iqtidar, onun İmişlıdəki nümayəndələri, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Mədəniyət və Turizm nazirləri prezidenti hansı yolla həmin kəndə aparacaqlar, hansı tikilini göstərəcəklər? Prezident kəndi bürümüş, pal-palçığı, ağcaqanadı, baxımsızlığı görüb, nə deyəcək fəlakət məmurlarına? Yalnız başları pul qazanmağa qarışmış, öz şəxsi mənafelərini düşünən şişman gövdəli “kişilər” heç olmasa prezident, dövlət, diplomatlar qarşısında utanacaqmı??? Çətin!. Xalqın səsi Tanrının səsidir, bu səsi sel, zəlzələ fəlakətindən 100 dəfələrlə qorxulu olan məmur fəlakəti batırır?. Hətta fransız ananın səsini batırmışdılar. "Kür" ölkənin iqdidarına da, müxalifətinə də yardımçı oldu, "Kür"-ə əl uzadan, "Kür"-ün səmimiyyətinə rəğbət bəsləyən, onun səsini eşidən prezident,1-ci Ledi, FHN-ə Tanrıdan mərhəmət diləyir, mərhəmətlərini əsirgəməmələrini arzu edirəm.

"Kür" Vətəndaş Cəmiyyəti Qərərgahı Melorasiya və Su Təsərrüfatı ASC-nin oğurladığı bir milyard 100 miyon manatın dövlətə qaytarılmasını istəyir. Bu milyardlar gözləri ölmüş, qarşıdan gələn sərt amansız qışa hazır olmayan, evləri uçmuş, amma qudurmuş məmurların təzyiqinə məruz qalaraq, intihar etmək həddinə çatdırılan Mirsərdar Seyidovların, Elman Şahbazovların, Feyruz Nuriyevlərin, Asif Şahbazovların, sel fəlakət günləri cavan həyat yoldaşı Kənan Əliyevi iş zamanı itirən, 2 azyaşlı uşağı ilə taleyin ümidinə buraxılan- səsi KİV-ləri ağladan, gənc ana Nahidə Əliyevanın qan pullarıdır. Prezident o pulları onlara ayırmışdı. Fəlakət məmurları bu pulları mənimsədilər. İqtidardakılar bəhrə gördü, müxalifətdəkilər isə “qoy yesinlər, qoy xalqı üsyana hazırlaşdırsınlar” arzusunu etdilər. Unutdular ki, xalq ölüb, xalq iqtidarın fəlakətindən, müxalifətin 20 illik quru vədlərindən doyub. Hər gün kəndlərdə boğaz keçinir- intihar olur. Yalnız KİV-lər və "Kür" haray çəkir. Bu haraya dəstək ver, cənab prezident! Dəli Kürün ən uğurlu, sağ qalmış ziyalı övladlarının harayına səs ver. İnan, Tanrı səsi kimindirsə xalqın səsi də onun olacaq. Haqqın yolu xalqın yoludur.

... Bu yaxınlarda üzləşdiyim bir hadisə məni çox kövrəltdi, için- için ağlatdı. Mənim 22 illik müxalif dostlarım, həmin vaxtı məni müdafiə etməli olduqları halda, sifətimə faşist xaçını hədiyyə etmiş bankiri müdafiə etdilər, məmuru və məmurun qohumunu müdafiə etdilər. Mənə “pulunu al, şikayətindən vaz keç” dedilər, Çox pis oldum. Məni şərləyib tutmaq istdilər, yalnız "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahı səsimə səs verdi. Məni bir Azərbaycan vətəndaşı olaraq düzgün istiqamətləndirib, bəladan, şər- şantajdan qorudu. Şərlənərək həbs olunmağımın qarşısını isə, 21 illik dostum deputatlar Ç. Qənizadə və Ə. Qasımov aldılar. Bu xalqın inqilaba deyil, islahatlara ehtiyacı var. "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahı iqtidarla müxalifətin dialoquna doğru ilk addımları atıb. İqtidarı məzlumlara, xalqa işlətməyi bacarıb. Əslində müxalifət iqtidarın xilas ipidir. Bu ipi kəsməyə çalışanlar bu xalqdan ayrı düşüb, ona qənim kəsilənlərdir. Özünə qayıt, kəndinə qayıt, türk övladı, qayıt!!!

15 ildir cibində deputat mandatı gəzdirən, seçicilərini yalnız təbliğat vaxtı görən, sonra 5 ildə hüzr mərasimlərinə belə getməyən, sayın Bəxtiyar Sadıqov! Sənə üz tuturam; mandatı, dövlət qulluğu belə olmayan Mehman Əliyevə böhtanlar yağdıranda, yadıma “Xeyir və Şər" nağılı düşdü. Sizlər bu millətin "Xeyirlərinin" gözlərini kor etsənizdə, bir çoban tapılıb o gözləri sağaldacaq. Mehman Əliyev bu ölkənin iqtidarı- müxalifətində Milli Azadlıq Hərəkatının Lideri, mərhum Əbülfəz Elçibəyin barışdırıcı misiyasını yerinə yetirmək gücündə ola biləcək, yaşı az da olsa Ağsaqqaldır. Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) də cahil ərəblər başına kül tökmüş, ayaqlarının altına tikan döşəmişlər. Hazırda dünyanı "ərəb baharı" bürüyüb. Mehman Əliyev heç vaxt arzulamaz ki, bu ölkəni inqilab bürüsün. Sizlər isə sayın Bəxtiyar bəy, danışığınız və sərhədsiz təhqirlərinizlə, üsyan, insanları qarşı- qarşıya qoymaq ruhunu aşılayırsınız. İndi özünüz deyin, kim bu xalqa, bu dövlətə daha yaxındır? Xeyir əməli ilə xalqa dəstək verib, ona təmənnasız xidmət edən Mehman bəy, yoxsa 10 ildə deputat mandatı alıb, xalqı unudan Bəxtiyar Sadıqov?

"Kür" Vətəndaş Cəmiyyəti Qərərgahı fransız ananı İvonna xanımı ictimailəşdirib, 64 il sonra vətəninə Avropa-Azərbaycan Cəmiyyətinin xətti ilə göndərilməsinə nail olmaqla, diplomatlarımızı və Fransadakı səfirliyimizi düşünməyə vadar etməlidir. Erməni diplomatiyasının qələbəsi, erməni diasporasında, erməni siyasətçilərində, erməni iş adamlarında cəmləşir. Biz azəri türklərinin diplomatı, diplomatiyası, səfiri milli mənafeyimizə yox, şəxsi mənafelərinə çalışmaqlarının nəticəsidir ki, diplomatiyamız bu qədər neft-qaz və başqa sərvətlərimizlə bir addım belə ata bilmir. Idmana milyonların qoyuludğunu iddia edənlərin düşüncələrinin əksinə olaraq Azərbaycan millisi Avropa futbolunda cəmi 7 xal, heç bir nefti, sərvəti, pulu olmayan Ermənistan isə 17 xal toplayır. Finala gedən yolun bir addımlığında dayanır. Bu həm də onu göstərir ki, məmurların, hökümətin pullu olması yox, milli olması lazımdır.

...Məni İmişli RİH-nin keçmiş müavini qınamışdı ki, "utanmırsan, xristianlar Rusiyada, Fransada bizimkiləri öldürür, ermənilərə işləyir, siz isə fransa qadınına ev tikdirmək, ölkəsinə gedişini reallaşdırmaq istəyirsiniz??? Hörmətli iqtidar diplomatlarımız da həmin müavin kimi düşündüyünün nəticəsidir ki, Rusiya, Fransa diplomatları tamam olaraq ölkəmizi deyil, erməniləri müdafiə edir. Xristianlığa görə deyil, məhz erməni bicliyinə, qazandıqları pulları erməni xalqına sərf etmə amilinə görə. Biz təklənmişik. Bunun fərqində olmalıyıq!

... Dağa deyirlər kimdən qorxursan, deyir "pulludan". Bizim oliqarxlar pullarını xarici banklarda yerləşdirib balalarının gələcəyini qoruyurlar. Erməni isə xarici bankları erməni xalqınnin gələcəyinə xərclədir. Napolion deyirdi ki, müharibəni üç şey udur! "pul, pul, pul". O pul bizim oliqarxlarımızdadır. Xarici banklardakı pullarını ölkəmiz üzərinə səpələsələr, ölkənin üzərini bir metr pul örtər. Deməli ölkəmizin əsas problemi oliqarxların bu xalqa, bu millətə deyil, xudbin planlarını xidmət etmələridir. Mən onlara ərəb şahlarının, Qəddafinin, Mübarəkin aqibətini, sonluqlarını xatırladıram. O pullar sizin deyil, heç balalarınızın da deyil. Hacı Zeynalabiddin rəhmətliyin Axundla söhbətini xatırlayın, axırda axundın ayaqları altında dəfn olundu. Bu xalqa, bu millətə xeyir verəni xalqlar tarixdə unutmurlar. Kim bu millətə işləyib, xeyir verirsə Tanrı yardımçısı olsun. "Kur" Vətəndaş Cəmiyyəti bu xalqa təmənnasız çalışır, təmannasız xidmət edir. Xalqa təmənnasız xidmət etmək, haqqa, insanlığa, xidmət etmək, həm də öz balalarının, gələcək nəslin xoşbəxtliyi naminə çalışmaqdır.

Məhbub Zülfüqarlı