“Xalqı müharibəyə hazırlamalıyıq” - Müsahibə

xalqi-muharibeye-hazirlamaliyiq-musahibe
Oxunma sayı: 732

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:


- Sarkozinin Qafqaz turnesi zamanı səsləndirdiyi fikirlər, sərgilədiyi davranışlar həmsədrlərin tərəfli olması qənaətini bir daha gücləndirdi. Sərt addımlar atılmasının vaxtının çatdığını söyləyənlər var. Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, mövcud status-kvo müharibəyə səbəb ola bilər. Sizin bu məqamlarla bağlı mövqeyiniz necədir?

- Fransa həmişə Ermənistanı müdafiə edən bir ölkə olub, ona görə də Sarkozidən başqa açıqlamalar gözləmək də sadəlövhlük olardı. Həmsədrlər münaqişənin həllini uzatmaqla Azərbaycanın əsəblərinin davam gətirməyəcəyi günü gözləyirlər. Onlar ümid edirlər ki, Azərbaycan güzəştə gedəcək, Dağlıq Qarabağdan imtina edəcək. Əslində münaqişənin uzanması onların uzağa gedən ideyalarının müəyyən mənada gerçəkləşməsinə zəmin yaradır. Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar artıq Azərbaycanın digər bölgələrində məskunlaşıblar. Ermənistan qovulan azərbaycanlılar da eynilə... Onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qəsəbələr salınıb. Doğrudur, hökumətin atdığı bu addımlar insanların vaqonlarda, qazmalarda yaşamaması baxımından əhəmiyyətlidir. Ancaq insanların bu şəkildə məskunlaşması Ermənistan üçün uğurlu bir nəticədir. Digər tərəfdən, Qarabağı görməyən yeni bir nəsil yaranır. İnsanlar torpağa onun üzərində gəzdikdə, orada yaşadıqda bağlı olur. Torpağı əkdikdə, becərdikdə bağlılıq daha da güclənir. Yaşlı nəsil dünyasını dəyişir, yeni nəsil gəlir. Yeni nəsil isə Qarabağdan tamamilə uzaqlaşıb. Hecə ki, biz vaxtilə İrəvanı, Zəngəzuru itirdik, bu gün isə heç kim bu torpaqları geri istəmir. Doğrudur, biz hamımız deyirik ki, bu torpaqlar bizim olub, amma nəticə etibarilə heç nə dəyişmir. Əgər vəziyyət bu cür davam etsə, hər şey əvvəlki kimi olacaq, Qarabağ haqqında danışacağıq, bu torpağın bizim olduğunu deyəcəyik, amma nəticə dəyişilməz qalacaq. Ermənilər artıq birinci mərhələni öz xeyirlərinə başa vurublar, döyüşü udublar. Onlar nəinki Qarabağı, heç Qarabağ ətrafı rayonları da qaytarmaq istəmirlər. Sülh müqaviləsinin imzalanması isə nə Ermənistana, nə də həmsədrlərə lazımdır. Mövcud status-kvonu dəyişəcək yeganə güc Azərbaycan dövləti və xalqıdır. Başqa dövlətin bu münaqişəni həll edəcəyinə ümid bəsləmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Hesab edirəm ki, münaqişənin bu formatla-ABŞ, Fransa, Rusiyanın vasitəçiliyi ilə həlli mümkünsüzdür. HATO-nun sonuncu toplantısında bunu məruzəçi Sokor da söyləmişdi. O, tamamilə doğru olaraq vurğuladı ki, Azərbaycan bu faciə ilə baş-başa buraxılıb.

- Dediniz ki, mövcud status-kvonu dəyişəcək yeganə güc Azərbaycan dövlətidir, sizcə Azərbaycan mövcud şəraitdə konkret olaraq hansı addımları atmalıdır?

- Hesab edirəm ki, Azərbaycan ciddi şəkildə müharibəyə hazırlaşmalıdır. Ölkənin müharibəyə hazırlaşması üçün bütün sahələrdə islahatların həyata keçirilməsinə ehtiyac var. Hərbi sahədə islahatlar aparılmalıdır. Azərbaycan ordusu şəffaflaşdırılmalıdır. Görün, ordu haqqında nələr yazırlar. Ordu rəhbərliyinin regionçuluq əsasında formalaşdırılması, orduda korrupsiya halları, nizam-intizamın aşağı səviyyədə olması barədə hər gün müxtəlif məlumatlar yayılır. Bütün bunlar onu göstərir ki, ordu ictimai nəzarətdən, ordu parlament nəzarətindən kənardadır. Ordu ilə bağlı ciddi islahatlar həyata keçirilməli, peşəkar ordunun qurulması istiqamətində addımlar atılmalıdır. Peşəkar ordu qurulmasının əleyhinə olanlar belə bir fikir səsləndirirlər ki, bu, hərbi çevrilişlərin tez-tez baş verməsinə gətirib çıxara bilər. Ancaq mən düşünürəm ki, biz tam demokratik dövlət qura biləcəyiksə, ordu üzərində ciddi mülki nəzarət olacaqsa belə çevrilişlərin baş verməsi ehtimalı sıfıra bərabərdir. Biz Qarabağı yalnız 18 yaşlı gənclərlə yox, illərlə təlim keçən, hərbini özünə peşə seçmiş, bütün silah növlərindən məharətlə istifadə etməyi bacaran, fiziki baxımdan tam hazırlıqlı gənclərlə xilas etməliyik. Azərbaycan peşəkar ordu sisteminə keçsə, hətta ordunun sayını iki dəfə azaltmaq olar. Hesab edirəm ki, bir peşəkar əsgər on beş adi əsgərə bərabərdir. Bu, əslində mənim fikirim deyil, hərbi ekspertlərin fikridir. Azərbaycan hərbi üstünlüyünü Ermənistandan 10 qat artırmalıdır. Ölkəmizin buna tam potensialı, imkanı var. Beynəlxalq birlik görməlidir ki, doğrudan da Azərbaycan sözdə yox, əməldə hərbi əməliyyatlara başlaya bilər. Ermənistan tam inanmalıdır ki, inğala son qoymasa, müharibə qaçılmazdır. Onların inanması üçün hərbi təlimlərin sayı artırılmalıdır. Xalqı müharibəyə hazırlamalıyıq. Media vasitəsilə xəbərdar oluruq ki, Ermənistan bizdən daha çox hərbi təlimlər keçirir. Halbuki torpaqlarımız işğal altında olduğuna görə biz daha çox hərbi təlim keçirməyə borcluyuq. Hər ay, yaxud iki ayda bir dəfə ciddi hərbi təlimlər keçirilməli, vaxtı keçmiş patronlar yox, müasir tipli, təzə silahlar alınmalıdır. Ermənistan əmin olsa ki, müharibənin başlanması onun üçün yaxşı olmayacaq, o zaman bəlkə də müharibəyə ehtiyac qalmayacaq. Azərbaycan təzyiqi bu formada artırmalıdır, başqa yol yoxdur.

- "Eks-prezidentlər haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Amma qanun layihəsi birmənalı qarşılanmır, məsələn, bəziləri bu fikirdədir ki, qanun layihəsində əksini tapmış impiçment məsələsi Ayaz Mütəllibova və Əbülfəz Elçibəyə eks-prezident statusunun verilməsinə əngəl yaradacaq.

- Çox təəssüf ki, qanun layihəsi müzakirə olunarkən üzrlü səbəbdən mən bizim komitənin iclasında iştirak edə bilmədim. Amma komitə sədri və hakim partiya rəsmiləri bu mövzuda söhbətlərimiz olub. Düşünürəm ki, eks-prezidentlərə status verilməsi təkcə hüquqi məsələ deyil, həm də siyasi qərardır. Fikir budur ki, qanun hər üç eks-prezidentə şamil olunsun. Ancaq qanunun elə müddəaları var ki, onlar yenidən işlənməlidir. Şəxsi qənaətim belədir ki, əgər biz qanunun aliliyinə söykənən hüquqi dövlətiksə, haqqında cinayət işi başlamış və axtarışda olan bir şəxsə dövlət tərəfindən xüsusi imtiyazlar verilməsi yolverilməzdir. Əgər biz bunu etsək, bu, bizim beynəlxalq aləmdəki imicimizə çox böyük zərbə vuracaq. Axtarışda olan şəxsin Bakıya gəlməsi, sonra da qayıdıb getməsi onsuz da bizim nüfuzumuza böyük zərbə oldu. Bəlli oldu ki, bu ölkə qanunlarla idarə edilmir. Əgər axtarışda olan şəxsi ölkə prezidentinin tapşırığı ilə ölkəyə buraxırlarsa və sonradan ölkədən çıxıb gedirsə, bu, doğurdan da biabırçılıqdır. Ölkə başçısı belə bir arzusunu bildirmişdisə, hüquq-mühafizə orqanları hüquqi prosedur həyata keçirməliydilər. Həbs qəti-imkan tədbiri dəyişdirilməli idi, bundan sonra Ayaz Mütəllibov Bakıda sərbəst hərəkət edə bilərdi. Mən bir dəfə demişdim və bir daha təkrar edirəm ki, bu addım prezident tərəfindən atılmış kişiyanə bir addım idi. Amma hüquq mühafizə orqanlarının borcu idi ki, bu addımı hüququn və qanunun aliliyinə uyğun formada həyata keçirsinlər. Prezidentin sözü ilə kimisə tutub-buraxmaqmı olar? Hüquqi dövlətdə belə bir şey ola bilməz. Əlbəttə Ayaz Mütəllibova ağır itki üz vermişdi və məsələ ilə bağlı prezident öz iradəsini ifadə elədi. Amma bunun ardınca hüquq-mühafizə orqanları müvafiq addımlar atmalı idilər.

- Ümumiyyətlə, çox ağır cinayətlərdə ittiham olunmuş şəxsə "Eks-prezidentlər haqqında" qanunun necə şamil oluna bilər?

- Əgər bu qanun Ayaz Mütəllibova şamil olunurasa, onda AXC-nin o vaxtki rəhbərlərinin hamısı haqqında cinayət işi qaldırılmalıdır. Mütəllibov istefa vermişdi və bu istefa o vaxtkı Ali Sovetdə qəbul olundu. Təsəvvür edin, ölkədə prezidentlik səlahiyyətlərini Yaqub Məmmədov icra edir. Ölkədə yeni prezident seçkisi elan olunub, seçkilərə hazırlıq gedir. Bu vaxt Ayaz Mütəllibov deyir ki, yox, bilirsiniz, məni istefaya məcbur elədilər, mən təzədən vəzifəmə qayıdıram. Bu, hakimiyyətin mənimsənilməsi idi. İstintaq orqanı fərqli düşünürsə, qərar verməlidir ki, Mütəllibov hakimiyyətə qanuni qayıdıb, Xalq Cəbhəsi də çevriliş etdiyinə görə İdarə Heyətinin üzvləri barədə cinayət işi qaldırılmalıdır. Onu da deyim ki, məhz Qurban Məmmədov Heydər Əliyevlə məsləhətləşəndən sonra Xalq Cəbhəsi belə bir qərar qəbul etmişdi. Çünki Xalq Cəbhəsi İdarə Heyəti qərar qəbul edə bilmirdi. Qurban Məmmədov hamının gözü qabağında çıxdı, dedi ki, Heydər Əliyevlə danışdım, o da dedi ki, Ayaz Mütəllibov hakimiyyətini qanunsuz mənimsəyib, onun üstünə getmək lazımdır. Onu da bilirsiniz ki, prezident seçkisi keçiriləndə o vaxt Haxçıvan Muxtar Respublikası Məclisinin sədri olan Heydər Əliyev burada seçkilərin keçirilməsini qanunsuz olması səbəbindən qadağan etmişdi. Bir sözlə, bu məsələrə hüquqi qiymət verməmiş, həmin adama bu qanunu şamil etmək olmaz. Elçibəylə bağlı onu deyə bilərəm ki, ölkədə Əbülfəz bəyə qarşı qiyam baş verib. Hüquq-mühafizə orqanlarının səriştəsizliyi nəticəsində qiyamın qarşısını almaq mümkün olmayıb. O vaxt Azərbaycan gənc dövlət idi, rəhbər vəzifədə çalışanların bir çoxunun təcrübəsizliyi, bəzilərinin satqınlığı nəticəsində qiyamın qarşısını almaq mümkün olmayıb. Qiyam silahlı qarşıdurmaya çevrildi. Elçibəy vətəndaş müharibəsinin qarşısını almaq üçün Heydər Əliyevi Bakıya dəvət elədi. Hakimiyyəti Heydər Əliyevi ötürməklə ölkədə baş verə biləcək daha acınacaqlı prosesləri önləmiş oldu. Həzərə almaq lazımdır ki, bu siyasi qüvvəni də Elçibəy hakimiyyətə dəvət edib. Belə olan halda bu qanunun ona şamil olunmaması çox absurd yanaşma olardı. Əgər bu qanun Elçibəyə şamil olunmayacaqsa, onda "Eks-prezidentlər haqqında" yox, "Heydər Əliyev haqqında" qanun qəbul eləsinlər.

- Qanunda başqa bir mübahisə doğuran müddəa da var: əgər şəxs prezidentliyi dövründə cinayətlər törədirsə, o, sonradan məsuliyyətə cəlb edilmir. Bu müddəa ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Bu, absurd bir məsələdir. Belə olarsa, istənilən prezident bildiyini edər, çünki bilir ki, heç vaxt məsuliyyətə cəlb olunmayacaq. Əgər prezident cinayət törədir, onun cinayətləri prezidentlikdən getdikdən sonra aşkar olunursa, törətdiyi cinayətlərə görə ona əlbətdə cəza verilməlidir. Ümumiyyətlə müəyyən müddəalar səbəbindən bu qanun yenidən işlənməlidir.

- "Siyasi partiyalar haqqında" qanunun müzakirəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınmadı. Rəsmilər Venesiya Komissiyası ilə müzakirələrin getdiyini deyirlər. Siyasi cameədə isə belə bir narahatlıq var ki, qanun layihəsinin müzakirəyə çıxarılması gələn ilə qala bilər.

- "Siyasi partiyalar haqqında" qanunun dekabrda müzakirəyə çıxarılması gözlənilir. Burada əsas məsələ təbii ki, partiyaların maliyyələşməsi ilə bağlıdır. Bu problemin öz həllini tapması partiyaları ayrı-ayrı maliyyə mənbələrinin, QHT-lərin, xarici donorların asılılığından xilas etmiş olacaq. Azərbaycanda maraqlı bir tendensiya müşahidə olunur, partiya rəhbərliyində təmsil olunan şəxslərin 90 faizi QHT yaradıb və həmin QHT-lər xarici donorlardan böyük məbləğdə vəsaitlər alırlar. Həmin qrantlar hesabına da yaşayırlar. Sonra isə həmin partiya həmin donor təşkilatı haqqında və yaxud təşkilatın ofisinin yerləşdiyi ölkə haqqında heç bir şey deyə bilmir. Qorxur ki, növbəti dəfə qrant ala bilməz. Bu baxımdan da asıllıq yaranır. Üzvlük haqqlarının və ianələrin yığılması da asıllığa gətirib çıxarır. Mən bir müddət öncə Fransa təcrübəsindən misal çəkmişdim, bu ölkədə üzvlük haqqlarının və ianələrin yığılması qadağan olunub, ona görə ki, belədə partiyalar ayrı-ayrı sahibkarların təsir dairəsinə düşür. Məsələn, beş sahibkar partiyaya böyük məbləğdə yardım edir və nəticədə partiya onların təsiri altına düşür. Büdcəni vətəndaşlar formalaşdırırlar, büdcə hamıya məxsus olan təbii sərvətlər və yaxud vətəndaşların verdiyi vergilər hesabına formalaşır. Qanun qarşısında vətəndaşlar bərabər olsun, vətəndaşlar qul vəziyyətinə düşməsin deyə ölkədə güclü siyasi partiyalar olmalıdır. Vətəndaşlar başa düşməlidirlər ki, siyasi partiyalar güclü olmasa, addımbaşı onun hüquqları pozulacaq, o ölkə inkişaf edə bilməyəcək. Vətəndaş partiyalara yetərli vəsaitin ayrılmasına razı olmayacaqsa, deyəcəksə ki, büdcəyə qənaət edilir, bundan min dəfələrlə artıq vəsait korrupsiyaya yönələcək. Çox yaxşı haldır ki, hökumət həm jurnalistikanın, həm də qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi diqqət yetirir. Bu məsqədlə dəstək fondları yaradılıb. Doğrudur bu vəsaitlər azdır, hesab edirəm ki, bu vəsaitlər ciddi şəkildə artırılmalıdır. Amma hər halda müəyyən dəstək var. Partiyalarla bağlı da anoloji addımın atılmasına ehtiyac var. Partiyaların ofislə təmin olunması, Mərkəzi Aparatın saxlanılması, rayon təşkilatlarının işinin təşkili üçün maliyyə yardımı əhəmiyyətli rol oynaya bilər.

- Bu gün ciddi müzakirə mövzularından biri də vəsaitin hansı partiyalara verilməsi məsələsidir. Hətta belə fikirlər var ki, hökumət məhz bu məsələdə Venesiya Komissiyası ilə razılığa gələ bilmir. Siz necə düşünürsünüz, hansı partiyalar dövlətdən maliyyələşməlidir?

- Dünyanın bir çox ölkələrində bir qayda olaraq parlament seçkilərinin nəticələri əsas götürülür. Seçkilərdə müəyyən nəticələr əldə etmiş partiyalar dövlət tərəfindən maliyyələşir. Biz əvvəl də demişik ki, əgər qərar veriləcəksə ki, parlamentdən kənarda qalan partiyalar da maliyyələşsin, biz buna etiraz etməyəcəyik. Amma partiyanın özünün yanaşması bundan ibarətdir ki, hansısa şərtlər, kriteriyalar müəyyənləşməlidir. Belə olmasa çoxlu sayda partiyalar yaranmağa başlayacaq, məqsəd isə büdcədən vəsait almaq olacaq. İnsanlar sırf kommersiya marağından bir araya gəlib partiya yaradacaqlar. Partiya məsələsinə iş yeri yaratmaq vasitəsi kimi baxacaqlar. Amma əslində siyasi ideyaları, proqramları ilə mübarizə aparan, nəticə qazanan partiyalar dövlətdən vəsait almalıdırlar. Əgər bir partiyada bu seçkidə uğur qazanıb, gələn dəfə heç nəticə göstərə bilməyəcəksə, həmin partiya dövlətdən maliyyələşməməlidir. Partiyalar da bütün bu məqamları əvvəlcədən nəzərə almalıdırlar. İndi bəzi partiyalar var ki, seçkilərin nəticələrini şübhə altına alır və deyirlər ki, biz də dövlət tərəfindən maliyyələşməliyik. Amma baxın, ölkədə 50-dən çox partiya qediyyatdan keçib, onların əksəriyyəti faktiki olaraq fəaliyyət göstərmir. Sədrlərin də hər hansı bir fəaliyyəti yoxdur, nə vaxtsa partiyasını qeydiyyatdan keçirib və indi tamam başqa işlə məşğuldurlar. Əgər belə partiyalar da maliyyələşəcəksə, bu, neqativ proseslərə yol açacaq. Əslində maliyyələşmə çoxpartiyalı sistemin inkişafına xidmət eləməlidir. Bütün partiyalar maliyyələşsə, mənfi təsir müsbətdən daha çox olacaq.