Xalqın problemi dinlənildi - Fotosessiya

xalqin-problemi-dinlenildi-fotosessiya-
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının təşkilatçılığı ilə keçirilən görüşdə daşqından zərər çəkmiş əhalinin, QHT, KİV, yerli və mərkəzi hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər. Toplantıda əsas diqqət Kür Araz daşqınlarının mövcud fəsadlarına, regionun problemlərinə, həmçinin ölkənin mühüm kənd təsərrüfatı mərkəzi olan Kürətrafı regionda iqtisadiyyatın və sosial infrastrukturun inkişafına dair strateji məsələlərə yönəldilib.

Görüşdə çıxış edən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, vətəndaşların müxtəlif problemlər üzrə müraciətlərinin analizi təcili həlli tələb olunan bir sıra məsələləri üzə çıxarıb. Bunların sırasına ziyan dəymiş təsərrüfatı hələ də bərpa olunmayan vətəndaşlara maddi yardımın göstərilməsi, yaz əkini mövsümündə hökumət tərəfindən fermer təsərrüfatlarına əkin materiallarının, yanacaq və texnikanın verilməsi daxildir. “Zərərçəkmiş fermerlərə xüsusi güzəştli kreditlərin ayrılması da təsərrüfatlara ciddi dəstək olardı”, - o bildirib.

O. Gülalıyev bu il Kürətrafı regionun inkişafına dair persperktiv dövlət proqramının qəbul olunmasını təklif edib. Proqram daşqınlardan davamlı müdafiəni, iqtisadiyyatın, infrastrukturun, sosial sahənin inkişafını əhatə edəcək.

Toplantıda “Kür” Cəmiyyətinin üzvü Mehman Əliyev çıxış edərək əsas problemlərin infrastrukturun bərpa olunması, evlərin təmiri və tikilməsi ilə yanaşı regionun sosial iqtisadi inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının hazırlanıb həyata keçirilməsinə ciddi ehtiyac olduğunu bildirib. O, problemlərin həlli üçün fərdiçiliyə deyil, kollektiv halda ümumi maraqlar prizmasında konstruktiv yanaşmaya üstünlük verilməsini və fəaliyyətlərin bu yöndə qurulmasının vacibliyini bildirib.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi Cəsarət Camalov çıxış edərək bildirib ki, daşqınların baş verdiyi ötən müddət ərzində FHN- nin xətti ilə indiyə qədər 2953 ev tikilib istifadəyə verilib ki, hazırda 162 evin də tikildiyini bura əlavə etsək yaxın zamanlarda bu rəqəm 3115 olacaq; “Biz işlərin əsas hissəsini görsək də bu yöndə işlər davam edir. Hər bir problem ciddi şəkildə araşdırılır və ölçü götürülür.”

Görüşdə qonşu rayonların, o cümlədən Saatlı, İmişli, Şirvan, Hacıqabul və digər rayonların sakinləri iştirak ediblər. Onlar şəffaflıq və effektivliyin artırılması məqsədilə təkliflərin hazırlanmasında və hökumətin təşəbbüslərinin reallaşmasında yerli icma nümayəndələrinin iştirakına dair “Kür” Qərargahının təşəbbüsünü dəstəkləyiblər.
Tədbirdə iştirak edən sakinlər üzləşdikləri problemlərdən danışıblar. Vətəndaşlar bildiriblər ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələri tam aradan qaldırılmayıb. Qeyd olunub ki, bəzi yerlərdə evlərin tikintisi zamanı korrupsiya, ayrı- seçkilik hallarına, ədalətsizliyə yol verilib. Dövlət tərəfindən vətəndaşlara ayrılan kompensasiyaların həcmi azlıq təşkil edib. Bəzi insanlar bu və ya digər formada yardımlardan kənarda qalıb. Sakinlər təklif edib ki, evlərin bərpası və tikilməsi ilə yanaşı yaxşı olardı ki, hökümət vətəndaşlara sərfəli kreditlər ayırsın, regionun inkişafı ilə bağlı real, həqiqi tədbirlər planı hazırlanıb həyata keçirilsin.

Toplantıda növbəti görüşün İmişlidə keçirilməsi, eyni zamanda regionda fəaliyyət göstərən QHT- lərin və icmaların iştirakı ilə Regional QHT Şəbəkəsinin yaradılması qərara alınıb.

Görüşün sonunda “Kür” Qərargahının koordinatoru Oqtay Gülalıyev görüşün səmərəli və işgüzar şəkildə keçdiyini bildirərək tədbirin təşkili ilə bağlı müvafiq yer ayırdığı üçün Sabirabad RİH-ə təşəkkürünü bildirib.

Təəssüflə qeyd etmək lazımdır ki, tədbirdə iştirak etməyə gələn bir çox insanlara Saatlı və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları maneçilik törədib, onlara təzyiq edərək polis şöbəsinə aparıblar. Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları isə tədbir başlandıqdan sonra görüşə gələnlərə zala daxil olmağa imkan verməyib.

Qeyd edək ki, 2010-cu ildə Kür və Araz çaylarının sahildən çıxması nəticəsində Kürətrafı 8 rayonda 100 min hektardan artıq ərazini və 30 min evi su basıb.