Xanım deputatla istirahət edən icra başçısı döyülüb

xanim-deputatla-istirahet-eden-icra-bascisi-doyulub
Oxunma sayı: 656

Mənbənin bildirdiyinə görə, təxminən bir ay əvvəl icra başçısı Rusiyanın məşhur istirahət zonası sayılan Kislovodska gedib. M.Məmmədov istirahətə tək yollanmayıb, Azərbaycan parlamentinin xanım deputatlarından biri də onunla bərabər Kislovodskda olub. (Həmin deputatın adını bilirik sadəcə etik qaydalara görə açıqlamırıq - red).

Amma xanım deputat istirahət məkanında M.Məmmədovla birlikdə cəmi beş gün qalandan sonra Azərbaycana dönüb. Bundan bir neçə gün sonra isə icra başçısı Kislovodskdakı restoranların birində yeyib-içəndən sonra restorandakı xanımların biri ilə tanış olmaq istəyib. Həmin xanımla birlikdə restoranda əylənən şəxslər M.Məmmədovun bu hərəkətindən qəzəbləniblər və onların arasında mübahisə başlayıb. Sonradan əlbəyaxa davaya çevrilən insident zamanı M.Məmmədov möhkəm döyülüb və ciddi xəsarətlər alıb. Mənbənin sözlərinə görə, küt alətlərlə yetirilən xəsarətlər nəticəsində icra başçısı huşunu itirib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti o qədər ağır olub ki, hətta həkimlər M.Məmmədovun həyata qaytarılacağına ümid etmədiklərini bildiriblər. Amma bir neçə gündən sonra M.Məmmədovun səhhətində müsbətə doğru dönüş olub və hazırda onun müalicəsi Rusiyada davam etdirilir. Ona xəsarət yetirənlərin saxlanılıb-saxlanılmadıqları, “razborka”nın sonra hansı formada davam etdirilməsi barədə məlumatlar yoxdu. Mənbə onu da qeyd edib ki, bu davadan sonra M.Məmmədovun bıçaq və ya oldu silahla vurulduğu barədə də məlumatlar dolaşıb.

Aldığımız xəbəri dəqiqləşdirmək və M.Məmmədovun hazırda harada olduğunu öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Eldəniz Məmmədovla əlaqə saxladıq. Şöbə müdiri icra başçısının məzuniyyətdə olduğunu təsdiqləsə də, onun harada olması haqda məlumat vermədi.
Məlumat üçün bildirək ki, yanvarın 23-də axşam saatlarında Göyçay RİH-in binasında yanğın baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşını gəlib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı binanın bir neçə otağı yanaraq yararsız hala düşüb. Yanğınsöndürən maşınlar binaya xeyli su vurduğu üçün otaqların çoxu su ilə dolub və oradakı sənədlərlə yanaşı, digər əşyalar da yararsız hala düşüb. Yanan otaqlar arasında icra başçısının kabinetinin olduğu da iddia edilir. Mediada binanın qəsdən yandırılması haqda da məlumatlar yayılmışdı. Buna səbəb hadisə zamanı yanan otaqların arasında sənədlərin yığıldığı otağın da olması idi.

Dünən axşam saatlarında məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda deyilir ki, yanğından öncə Mənsur Məmmədovun otağında təmir işləri aparılırmış. Bütün vacib sənədlər isə acıq vəziyyətdə masanın üstündə olub.
Onu da əlavə edək ki, Mənsur Məmmədovun Kislovodskda vurulması ilə bağlı redaksiyamıza bir neçə gün öncə məlumat daxil olub. Sadəcə bəzi araşdırmalar apardığımız üçün onun dərcini yubatdıq.

Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. Yazı ilə bağlı icra başçısının da mövqeyini dərc etməyə hazırıq.

“Yeni Müsavat”