Xarici jurnalistləri döyənlər danışdılar

xarici-jurnalistleri-doyenler-danisdilar
Oxunma sayı: 739

Şübhəli şəxslər hadisənin xarici vətəndaşlarla tanış olmaq istədikləri zaman baş verdiyini bildiriblər.
Yasamal rayon Polis İdarəsinin müstəntiqi Erol Əliyevin ANS TV-yə verdiyi məlumata görə, Nazim adlı şəxs qızlara telefon uzadıb. Onlar da telefonu alaraq yerə atıblar.

Təqsirləndirilənlərdən Adil Tağızadə ANS-in mikrofonuna bildirib ki, onlar qızlarla tanış olmaq istəyiblər: "Tanış olmaq istədik. Nazimin telefonunu sındırandan sonra, mən qızlara "padnoşqa" verib yıxdım. Qaçdıq"

Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.

Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən üçü - Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanov, Ramana qəsəbə sakini, 1993-cü il təvəllüdlü Tağızadə Adil Hüseyn oğlu və Nəsimi rayon sakini, 1989-cu il təvəllüdlü Roman Musa oğlu Həsənov tutulublar.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devis döyməkdə şübhəli bilinən Babək rayon sakini Nazim Hüseynov iyunun 27-də saxlanılıb.

A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu "Washington Post" və "New-York Times" qəzetləri ilə də əməkdaşlıq edir.

Faktla bağlı başlanılmış cinayət işinin istintaqı davam etdirilir.