Xatirə İslam işi neçəyə görür?

xatire-islam-isi-neceye-gorur-
Oxunma sayı: 718

Mənim bizim müğənnilərlə bir işim olmaz. Nəyə deyirsiz and içim, məsələn İzzət Bağırov cibimə min manat qoysa ki, gəlim sənin toyunu aparım, razı olmaram. O biriləri də eləcə: Nadirindən tutmuş Elzasına qədər.

Hamı kimi məni də ömründə üç ciddi kitab oxumayan bu bisavad ulduzların ayağına salan hansısa zövqsüz qohumun, duyğusuz dostun həyati arzusu olub.

Təsəvvür edin, yüksək zövq sahibi olan, ağzını Pavarotti ilə açıb Kıraçla bağlayan maşınında Barış Mançonun, Əhmət Kayanın disklərini gəzdirən bir tanışım məndən soruşur: “Müğənni Elnurun telefonunu necə tapa bilərəm?” Başıma bir qazan qaynar bozbaş tökürlər elə bil. Səbəbi? “Gözümün ağı-qarası bir qızım var, o istəyir ki, toyunda Xuraman Şuşalı oxusun”. Yadıma düşəndə ki, tanışımın qızı musiqi məktəbinin fortepiano şöbəsini bitirib, ayağım yerə yapışır.

İndi də belə! Xətrini dədəm qədər çox istədiyim dostlardan birinin qızı isə Xatirə İslamı arzulayır.

Yeri gəlmişkən, Xatirə xanım haqda bir kaç kəlmə... Bu qıza istedadsız demək olmaz. Yəni Xuraman Şuşalının, Ruhinin, Elnurun tayı deyil. Nələrsə bilir, səsi cır olsa da nələrsə oxuyur, elə ciddi savadı olmasa da az-çox təhsil görüb. Özü də kimdən dərs alsa yaxşıdır: Azərbaycanın xalq və bəstəkar mahnılarının parlaq ifaçısı İslam Rzayevdən. Doğrudur, Xatirə xanım çox yaxşı bilir ki, İslam Rzayevin öyrətdikləri ilə toyxana repertuarı uyğun gəlmir. Bizimkilər efir çıxışlarını da toy tutmağa hesabladığından, heç efirə, studiyaya da uyğun gəlmir. Odur ki, görücülərimiz inciməsin, Xatirənin nə vaxtsa İslam təxəllüsündən imtina edəcəyini indidən proqnozlaşdırıram. Xatirə və İslam sözlərinin yanaşı çəkilməsindəki uyğunsuzluğu xanım təxəllüsünü götürən gündən bilirdim və tanıdığım sənət adamlarına demişdim. Hətta dostum Habil Əliyevə də söylədim. Dedim, Habil müəllim, mən İslam Rzayevdən gözləməzdim ki, qos-qoca adını ortabab bir ifaçıya versin. Habil müəllim qısa cavab verdi: “Mən gözləyirdim!”

***

Xatirə xanıma kamali-ədəblə salam verib, hal-əhval tutdum və dedim ki, filan vaxtı filan yerdə toy olacaq, sizi orda görmək istəyirlər. Xatirə İslam özünəməxsus ərklə qiymətlərini sadalayanda gözüm kəlləmə çıxdı.
Bütöv toy – 10 min manat;
Yarım saat – 3 min manat.
Nə baş verir, ey mənim gözəl xalqım?!
Bu müğənnilərin, bu şadlıq evlərinin bizi avam yerinə qoyub soğan kimi soyduğunu “neujeli” anlamırıq?!
Qurani kərimi belə 10 manat verib almayan bu yüz minlərlə insan iki cümləni dalbadal deyə bilməyən, səsi olmayan, oxuya bilməyən, bisavad, yüngülməcaz toy müğənnilərinə 10 min manatı necə qıyır? Bu yazılmamış qanunu hansı gorbagor miras qoyub getdi bizimçün? Bizi hardan tapdı bu bəlayi-kəbir?!
Yaxın qohumu adi müalicəyə pul tapmayan adam tanıyıram ki, bircə atəşfəşanlıq üçün şadlıq evinə 6 min dollar ödəyib...
Siz fərqindəsinizmi ki, bir stulunun qiyməti 30-40 manata gəlib çıxan stolların üstündəki yumşaq içkilər (likor, çaxır, konyak) ümumiyyətlə içilmir və şadlıq evləri bu içkiləri onuncu, yüzüncü, bəlkə mininci dəfə satır öz müştərilərinə.

Bəsirət gözünü piy basmış bu qövmü görəndə qorxuram, dostlar!
Həqiqətən qorxuram...