Xeyr yox, xeyir!

xeyr-yox-xeyir
Oxunma sayı: 7155

Acıqlı, əsəbi adamlarsa təkcə küçələrdə deyillər, dolub-daşıb iş yerlərimizi, evlərimizi, bütün çevrəmizi tutublar. Baxdıqlarımıza, oxuduqlarımıza qarışıblar. Yuxularımıza, yaşantılarmıza giriblər.
İnsanlar çətinə düşəndə deyirlər: “Heç beləsi olmamışdı!” Pis gün təkrarsızdır, bənzərini tapıb xatırlamaqdan yana həmişə əziyyət çəkirik.
Hər dəfə mülkünə, evinə-eşiyinə əl qoyulan, varı-yoxu, haqqı talanıb tapdanan vətəndaşımızdan xəbər oxuyanda onun fəryadını qulağımda eşidirəm. Öz-özümə pıçıldayıram: “Heç beləsi olmamışdı!” Bəlkə siz görmüsüz, ancaq mən görməmişəm. Bəlkə hələ yaman günün betəri qabaqdadı? Mən bilmirəm, Allah bilir.
Bizi yaxşı adamlar xilas edəcək, mən buna əminəm. Yaxşılıqlarla, yaxşılarla xilas olacağıq. Nə qədər ki, onlar gəlib cəmiyyəti bürüməyiblər, neçə ki, yan-yörəmiz, çevrəmiz əsəbi, acıqlı, bəlkə də elə əsəbindən-hirsindən anasının əmcəyini kəsməyə hazır insanlarla doludu, heç xeyri yoxdu.
Yaxşılardan tez-tez, çox-çox danışaq, qardaşlar. Yoxsa bu əsəb, bu hirs, bir-birimizi aşağılayan tövr, yekəxanalıq, dikbaşlıq içəridən yeyib qurtaracaq bizi.
Bir neçə il qabaq bir idarədə müşkül bir işdən ötrü qəbula getmişdim. Mən ora çatanda qapıda dayanan polis dedi ki, qəbul bitib, səlahiyyətli şəxs də qalxıb kabinetinə. Qəbul eləcə aşağıda, gözətçi polislərin yanındakı foyedə aparılırdı.
Bilmədim postdakı polis mənim nigarançılıqdan gərilmiş sifətimə dözmədi, yoxsa ümumiyyətlə xasiyyəti beləydi, hər nəsə, daxili telefonu götürüb həmin səlahiyyətli şəxsə zəng elədi, məni onun qəbuluna salmaq üçün əməlli-başlı çənə-boğaz oldu, hətta axırda xəbərdarlıq tonuyla: “Bax jurnalistdi ha...” dedi.
Nəhayət, yuxarı buraxıldım; heç demə, səlahiyyətlinin də məni incitmək fikri yoxmuş. Ya da varmış, amma fikrindən daşınmışdı; yek sözlə yolum açılmışdı. Keşikçi polisin yanından qayıdıb keçəndə bircə “sağ olun” dedim. Mən onu əbədi yaddaşıma həkk elədim və bu “təsviri” metafizik dünyaya ötürdüm.
Bu əhvalatı özünün paradokslarına görə xatırlatdım: polisin təmənnasız hərəkəti, gedəni saxlamalı olduğu halda buraxdırmaq üçün cəhdlər göstərməsi...
Bu, olmuş hadisədir.
Sonuncu kərə yaxşı adama nə vaxt rast gəldiyini unudan birisi kimi təəssüflə onların – yaxşıların da, yaxşılıqların da uçub getdiyini düşünürəm. Amma onlar heç vaxt yox olmurlar. Heç vaxt birdəfəlik getmirlər. Çünki mən mifik varlıqlardan yox, konkret dəyərləri üstün tutan real adamlardan danışıram. Haramı, rüşvəti, əyri əməlləri həyatından pozan, düzlüyü, halallığı, dürüstlüyü, bir sözlə, əzizlərim, yaxşılıqları üstün tutan, bu dəyərləri tətbiq eləyən səni kimi, məni kimi adidən adi kəslərdən söz açıram.
Başqalarını pisləyib imkan düşsə ondan pis olanı demirəm. Nə görsə, “xeyr” qışqırmağa hazır dayanını yox, xeyir əməllərçün sinov gedəni nəzərdə tuturam.
Hər vaxtınız xeyir olsun, qardaşlar. Xeyir olsun.


“SalamPress” qəzeti