Xəzər dənizi belə dondu - Fotolar

xezer-denizi-bele-dondu-fotolar
Oxunma sayı: 4546

Qafqazinfo ANS PRESS-ə istinadən xəbər verir ki, ağ rəngə bürünən Xəzərin suları sahildən içəriyə doğru xeyli məsafədə donub, buzlaqlar əmələ gəlib. Yaşlı insanların dediklərinə görə, dənizin bu hissəsi sonuncu dəfə 1971-ci ildə belə donub. Xəzər dənizinin üzü şimala getdikcə daha çox donduğu müşahidə edilir. Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 2 metrə qədər çatır. Həmçinin dənizin ortasından donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür.

Xatırladaq ki, ötən həftə Abşeron yarımadasında Dənizin Zeynalabdin Tağıyev qəsəbəsində Xəzər dənizinin bir hissəsinin donması barədə məlumat vermişdik. Buzlaşma sahildən 200-300 metr olan məsafəni əhatə edirdi.

Maraqlıdır ki, suyun üzərində olan quşların ayaqları da buz bağlayıb. Bu quşların əksəriyyətini qəsəbə sakinləri yığsalar da, soyuqdan donub ölən quşların sayı az deyil. Buz qatının bir hissəsi dalğa formasında donub və bütün bunlar yerli sakinlərin böyük marağına səbəb olub. Qəsəbədə yaşayan yaşlılar əvvəllər də belə hadisənin baş verdiyini xatırlayırlar.

Qəsəbə sakini İslam Sultanov deyir ki, əvvəllər də belə hallar olmuşdu: “1972-ci ildə dəniz sahildən 100 metr məsafəyə qədər donmuşdu. Onda da quşlar bərk donmuşdu, amma belə olmamışdı”. Sahildən təxminən 200 metr aralıda buz qatı nazikləşir və onun altında suyun hərəkətini müşahidə etmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülmalı Süleymanov isə deyir ki, belə hallar Xəzərin şimal hissəsində bir neçə dəfə müşahidə olunub. Xəzərin Azərbaycan sektoru dənizin orta hissəsi sayılır və burada suyun donması çox nadir hadisədir.

Onun sözlərinə görə, görünür, dənizin Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığındakı hissəsində suyun duzluluğu aşağıdır və bu, donma ilə nəticələnib.

Qeyd edək ki, Xəzərdə suyun donması 1920 və 1953-cü illərdə Rusiya sahillərində qeydə alınıb. Həmin vaxt buzlaşma o dərəcədə güclü olub ki, buz parçaları Bakıya qədər gəlib çatıb.