Xəzərdə böyük sərvət tapıldı

xezerde-boyuk-servet-tapildi
Oxunma sayı: 647

Bu, Avropanın qaz təchizatında Azərbaycanın əsas mənbə kimi əhəmiyyətini artırır. Total bildirib ki, Abşeron dəniz yatağında 150-300 milyard kub metr qaz ehtiyatı var. Sonuncu rəqəm Böyük Britaniyanın illik qaz istehlakından təxminən dörd dəfə çoxdur.
“Qafqazinfo”nun Azadlıq radiosuna istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” dərgisi yazıb.

Total Abşeron yatağındakı kəşf və yatağın kommersiya əhəmiyyəti barədə tərəfdaşları adından bildirişi ötən ay təqdim etdiyini bildirib. Total 40 faizlə bu yatağın operatorudur. Tərəfdaşları isə ARDNŞ, Fransa şirkəti olan GDF Suez-dir.

Total-ın kəşfiyyat və istehsal üzrə rəhbəri Yves-Louis Darricarrere bildirib ki, yatağın kommersiya əhəmiyyəti barədə bəyannamə “Azərbaycanda fəaliyyətimizdə mühüm addım” sayılır. Şirkət gələn il yataqda seysmik sınaq keçirəcəyini, ehtiyatların miqyasını daha yaxşı dəyərləndirmək üçün daha çox qiymətləndirmə quyuları qazacağını bəyan edir.

Dərgi xatırladır ki, 2017-ci ildə Şahdəniz yatağından qaz hasilatı başlanacaq – ildə 16 milyard kub metr qaz çıxarılacaq. Bunun 10 milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə gedəcək. ARDNŞ və Türkiyənin Botas şirkəti bu yaxınlarda yeni Trans-Anadolu Kəməri (Tanap) barədə saziş imzalayıblar. Bu kəmər Şahdəniz qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq.

Xəzər dənizi üzrə ekspert John Roberts deyib ki, Ümid və Azəri-Çıraq-Günəşli (ACG) yataqlarının qazı ilə birgə Abşeron yatağı Azərbaycanın ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər. O, əlavə edib ki, bu kəşflər Azərbaycanı buruq sənayesini yaratmağa həvəsləndirər ki, bu da qaz yataqlarının işlənməsini sürətləndirər. Onun sözlərinə görə, yeni buruqlar olmadan Total Abşeronu 2020-ci ilədək işlədə bilməyəcək. Həmin vaxtda isə Şahdəniz tam istismarda olacaq.

Qeyd edək ki, Abşeron Bakıdan 100 km cənub-şərqdə yerləşir, daha böyük Şahdəniz yatağına yaxındır.