Xoşqədəm, sevdiyim qızı tap!

xosqedem-sevdiyim-qizi-tap
Oxunma sayı: 657

Elə bil, başqa bir “mən”lə ikilikdə danışır, onunla həyatda çıxış yolu axtarırdım. İstəsəm, kitablardan-zaddan kömək istəyə bilərdim, birinci siniflər kimi, şeir əzbərləyən cırtdan uşaqlar sayaq keçib qızın qabağına bir su içimində öyrəndiklərimi danışardım. Amma bu içimə yad idi. Gərək hər şeyi olduğu kimi deyəsən, yalanın sevgiyə qarşıcağı yoxdur.

İnanmazsınız o gecə üzümü də qırxdım, hələ yuyunub təmizləndim də. Sanki qızın qarşısına çıxmağa deyil də namaz qılmağa gedirdim. İçimin təmiz olduğu kimi, istəyirdim, çölüm də tər-təmiz olsun.

Onunla birinci mərtəbədə üz-üzə gəldik. Yenə həmişəki kimi gözəl və əsəbi. Bu halına alışmışdım. Gözlərindəki kədər isə hələ də silinməmişdi. İlk dəfə onu bu qədər yaxından görürdüm. Ürəyimin səsi qulağıma dırmaşmışdı. Elə bil köksümdə həbs olunan biri vardı və o adam durmadan dəmir barmaqlığa vurub azad olmağını istəyirdi, qarşısındakı daş hasarı söküb atmağa çalışırdı. Sevmək özgürlükdü, axı. Gərək içimdə dustaq olan o azadlığı bir quş misalı çıxarıb atmalı, sonra da arxasınca doyunca baxmalıydım. Amma donub qalmışdım. Həm də mənə elə gəlirdi ki, o bu dəqiqə ağlımdan keçən hər şeyi bilir və içində mənə cavablar hazırlayır. Görünüşündə mənə yazığı gəldiyi duyulurdu. Mən edam olunmağa məhkum olmuş bir adam kimi son arzularımı deməyə hazırlaşırdım. Sözlər daşlaşmışdı. Sanki kiminsə gəlib öz sehirli əli ilə məni özümə qaytaracağını düşünür və gözümü onun baxışlarından çəkə bilmirdim. Qüssə və gözəllik. Onun üzü mənə öz çarəsizliyimi xatırladırdı.

O çıxıb getdi. Sözlərimi unutdum.
Özüm-özümü danlamağa başladım. Niyə bir işi bacara bilmirsən? Nədən qorxursan? Uzağı iki söz deyəcəksən də, vəssalam. Burda nə var ki? İçimdəki adam danışırdı. Susmuşdum. Başımın içində elə bil nağara çalırdılar.
Mən onu uzaqdan sevmişdim, uzağa öyrəncəliydim. Yaxına getmək sərhədi aşmaqdır. Bunun üçün də çox şey lazımdır. Elə bil ki, sən başqa bir ölkəyə gedirsən. Dilini bilmədiyin, insanlarını tanımadığın, şəhərlərini, küçələrini gəzmədiyin bir ölkə. İndi de görüm nə edərsən?

Hazırlıqlara gedir, heç bir dərsi oxumur, müəllimlərdən danlaq alırdım. Tarix müəllimim də həmin vaxtlarda hazırlıq dərsində mənə dayanmadan suallar verirdi. Sözlər mənə gəlib çatmırdı. Qarşımda o durmuşdu. Yenə kədər. Ağlamaq istəyirdim. Bacara bilmirdim.

-O qızı unut. – növbəti hazırlıq dərsində müəllim əsəbi halda üzümə təpindi. Ona cavab vermədim. Hər kəs mənə baxırdı. İçəridə çox uşaq vardı. Ancaq elə bil hamı göyə çəkilmişdi. Mən sakitcə dəftərlərimi yığıb qoltuğuma vurdum və qapını açıb çıxıb getdim. Arxamda başqa bir mən oturub düşünürdü. Məktəbə onun yalnızlığı çökmüşdü. Ayaq səslərimi eşidirdim. Pillələr bitmək bilmirdi. Onların sinif otağı açıq idi. Yadıma düşdü, sol tərəfdə birinci sıradakı parta arxasında otururdu. İndi ora boş idi. Heç kim yoxdu bu sinifdə. Onun yoxluğu masanın arxasında oturub susmuş və gülürdü. Eyni ifadə: qüssə və gözəllik.

İlk dəfə sözümü tutmadım. Döşəməyə çöküb ağladım. O mənə baxırdı. Təəccüb və kədər. İlıq göz yaşlarım dodağıma axır, onun acılığı bir iynə kimi içimə sızırdı. Mən susurdum, gözlərimdən yaş boşalırdı. Ağlamaq istəməklə olmurmuş. Ağlamaq həyatın əsil üzüdür. Yaşantımda ilk dəfə içdən bir şeyi duydum.
Divarlar boz idi, partalar sükuta bürünmüşdü. Yazı taxtasında heç nə yazılmamışdı. Elə bil üşüdüm. Bədənim bum-buz oldu. Gözlərimdəki yaş isə hələ də isti və acı idi. O qarşımda oturmuşdu. Gülürdü.

-Nə ağlayırsan, dəli? – qız bunu deyib ayağa qalxdı. Üzündəki təbəssüm silinməmişdi. – Gözünü sil, məni itirmisən də. Noolub ki?

Onda mənim hisslərim də yeni-yeni cücərirdi, onda ümidim də dopdolu idi. Başlanğıcda ola-ola sona yaxınlaşdığımın fərqinə varmışdım. Özümə acıdım, məhv oldum.

İndi o qızı hər gün axtarıram. Ancaq heç yerdə rastıma çıxmır. Bu yazını əgər Xoşqədəm oxuyursa, ondan xahiş edirəm, sevdiyim qızı tapsın. O türk kinolarındakı kimi sonluq xoşbəxtliklə bitsin...