“Yadıma Sovet dövründəki məhsul bayramları düşür”

yadima-sovet-dovrundeki-mehsul-bayramlari-dusur
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, bunu YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın saytına müsahibəsində deyib. S. Novruzov bildirib ki, Azərbaycanda partiyaları təsnifata bölsək, YAP-ı çıxmaq şərtilə, digər partiyaların fəaliyyət istiqamətində bir yenilik lazımdır: “Düzdür, bu gün artıq parlamentdə fəaliyyət göstərən partiyalar formalaşıb, onlar yeni düşüncə tərzinə, dünya təcrübəsinə uyğun şəkildə öz strukturlarını qurur, fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər. Amma partiyalar var ki, yaradıldığı dövrdən elə necəydisə, elə də qalır. Təbii ki, bu partiyaların öz tərkiblərinə baxmağa, öz tərkiblərində bir islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa bir ehtiyac duyulur. Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə deyil, sırf qəzet üzərində və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı lazımi funksiyanı həyata keçirmir. Bu baxımdan, dünyada da bu praktika mövcuddur, əgər hər hansı partiya fəaliyyət göstərmirsə, artıq onu partiya hesab etmək olmaz. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrin bəzilərində iki il ərzində ciddi fəaliyyəti olmayan, hər hansı seçkilərdə iştirak etməyən partiyaların avtomatik olaraq qeydiyyatı ləğv olunur. Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar öz qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır. O baxımdan da, qanunda bu yöndə müddəalar nəzərdə tutulsa, həmin partiyaların fəaliyyəti tənzimlənər, həmçinin, gələcəkdə onların dövlət büdcəsindən maliyyələşmə məsələsi də öz əksini tapar. Çünki dövlət büdcəsindən maliyyələşmə olanda onların qarşısına məqsədlər qoyulacaq ki, partiyanın qanunun tələblərinə uyğun fəaliyyəti olmalıdır. Bu gün əksər partiyalar nizamnaməsi ilə deyil, partiya sədrinin iradəsi ilə idarə olunur, onun baxışlarına uyğun şəkildə fəaliyyət göstərir. Bu da partiya üçün qəbulolunan deyil. Çünki vətəndaşlar partiyanın proqramına görə ona qoşulur, seçkilərdə səs verirlər”.

S. Novruzov onu da qeyd edib ki, bəzi partiyalar isə öz fəaliyyətlərini yalnız mitinq keçirməkdə görürlər: “O partiyalar mövsümi xarakterli partiyalardır. Soyuq oldu və ya günəş çıxdı, mitinq dayanır. Müəyyən bir aksiya keçirib xaricdən bir az pul alırlar. Məsələn, may ayına qədər bu «mitinqlər» həyata keçirildi, müəyyən təminat əldə olundu və yay üçün istirahətlərini təmin etdilər. Payızda da qış istirahətlərinin təmin etmək üçün yenidən öz «tədbirlərini» həyata keçirmək üçün fəaliyyətə başlayacaqlar. Mənim yadıma burada sovet dövründə olan məhsul bayramları düşür. İndi həmin partiyaların da buna oxşar cəhətləri var. Amma onlar bir müddətdən sonra Azərbaycanın siyasi palitrasından tamamilə silinib gedəcəklər. Onsuz da bu gün həmin partiyalarda heç kim yoxdur. 20 ildir ki, eyni sözləri deyən eyni insanlardırlar. O partiyaların daxilində islahatlar yoxdur. Bu da artıq cəmiyyət tərəfindən qəbul olunmur”.