YAP-dan sərt ittiham: “Bunlar fərari ziyalılardırlar”

yap-dan-sert-ittiham-bunlar-ferari-ziyalilardirlar
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycan ziyalısı xalqının problemlərinin həlli ilə, ölkədə islahatların keçirilməsi ilə məşğul olmalıdır: “Ölkədə həqiqi ziyalılar var. Onlar Azərbaycan ədəbiyyatı, elmi, incəsənəti, təhsili və digər sahələrin inkişafında iştirak edirlər. Bir qrup adam var ki, bunlar vaxtilə Azərbaycanın qlobal problemləri olan dövrdə ölkəni qoyub qaçan, Azərbaycan haqqında bir dənə də olsun dəyərli məqalə verməyən insanlardır”.

S. Novruzovun sözlərinə görə, erməni ziyalılar Dağlıq Qarabağla bağlı mübarizə aparanda, həmin ziyalılar Moskva restoranlarında yeyib-içirdilər, indi də özlərini ziyalı kimi təqdim edirlər: “Onlar bir dənə yazı göstərsinlər ki, orada ermənilərə qarşı mübarizə aparıblar. Forumda olan digər ziyalılar isə öz uşaqlarını ABŞ-a və Türkiyəyə qaçırdılar. Bunlar fərari ziyalılardırlar. Hər hansı bir ziyalılıqdan danışa bilməzlər. Vətəni dar gündə qoyub qaçan əsgərlə belə ziyalı arasında heç bir fərq yoxdur”.