YAP gəncləri aksiyaya başladılar

yap-gencleri-aksiyaya-basladilar
Oxunma sayı: 664

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gənclər Birliyinin üzvləri Fransa Prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının - Senat və Milli Assambleyanın və hökumətin hər bir üzvünə fərdi qaydada “Xocalı soyqrımını tanı!” başlığı altında müraciət ünvanlayıblar. Xocalı soyqırımı haqqında faktları və statistik məlumatları ehtiva edən sənədə faciəni özündə əks etdirən fotoşəkillər əlavə olunub.

Müraciətdə deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Azərbaycan Respublikası, Xocalı Şəhəri.

Erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişdir. Bu amansız hücumun nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncələrə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.

Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.

Əlavə xatırlatma: Azərbaycanın ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyondan yuxarı azərbaycanlı öz yaşayış məskənlərindən qovulmuş, minlərlə insan həlak olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT Təhlükəsizlik Şurasının 1993 – cü ildə qəbul etdiyi qətnamələr – 822, 853, 874, 884 – pislənmiş və işğal olunmuş ərazilərin azad olunması tələb edilmişdir. Münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT – in Minsk qrupunun bu il 20 ili tamam olur. Ancaq hələ də Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan ordusunun nəzarəti altındadır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Biz sizə müraciət edirik:

BƏS, SİZ, FRANSA QANUNVERİCİLƏRİ-SENATORLAR, PARLAMENTARİLƏR, HÖKUMƏT ÜZVLƏRİ, XOCALI SOYQIRIMINA NƏ ZAMAN MÜNASİBƏT BİLDİRƏCƏKSİZ? ATƏT-in Minsk qrupunun həmsdər ölkəsi kimi Fransa Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ordusundan azad edilməsini nə vaxt tələb edəcək?”.

Eyni məzmunda müraciətlər müxtəlif dillərdə xarici ölkələrin parlament və hökumət üzvlərinə göndəriləcək və bu aksiya davam etdiriləcək.