YAP-ı quranlar partiyaya buraxılmır

yap-i-quranlar-partiyaya-buraxilmir
Oxunma sayı: 663

Azərbaycanın Türkiyədəki keçmiş baş konsulu, Yeni Azərbaycan Partiyasının qurucularından olan Səyyad Aran son günlər onunla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Özünün YAP-a bərpa olunmaq üçün yazdığı ərizəsinə partiya rəhbərliyi tərəfindən baxılmaması barədəki informasiyaları şərh edən S.Aran bu xəbərlərin həqiqətə uyğun olmadıını deyib. Bildirib ki, onu istəməyən şəxslərdən kiminsə çirkin niyyətilə bu məlumatlar ortaya atılıb.

“Bir müddət öncə YAP-a ərizə ilə müraciət edərək yenidən pariyaya bərpa olunmağımı xahiş etmişəm. Cavab gözləyirəm. İndi mətbuatda yazılır ki, YAP Səyyad Arana “yox” cavabı verib. Bu məntiqsizlikdir. Necə ola bilər ki, mənə yox cavabı verilsin? Bu məsələni kimsə qurdalamağa meyllənib”-deyə keçmiş konsul vurğulayıb. S.Aranın sözlərinə görə, qanuna görə, diplomatik işdə çalışanlara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib.
“Diplomatik qanuna görə bu işdə çalışanlar siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Mən də diplomatik vəzifədə olarkən siyasi fəaliyyətimi dayandırmışdım”-deyə o bildirib.
S.Aran digər keçmiş diplomat, YAP-ın qurucularından lan Əli Nağıyevin də partiyaya bərpa olunmaq üçün ərizə verdiyini bildidb.

“Əli Nağıyev də, mən də yenidən partiyaya bərpa olunmaq üçün ərizə vermişik. Əli Nağıyevlə Səyyad Aran YAP-ı yaradanlardandır. YAP-ın qapıları bizim üzümüzə heç vaxt bağlana bilməz”-deyə o qeyd edib.

Eks-konsul deyib ki, sonuncu dəfə YAP-ın qərargahında bu il noyabrın 21-də olub. “Mən axırıncı dəfə noyabrın 21-də YAP-da olmuşam və partiyanın yaranması ilə bağlı tədbirdə və ziyafətdə iştirak etmişəm”-deyən S.Aran partiyada ona münasibətin dəyişməsi barədə deyilənləri təkzib edib. .

“YAP-ın mənə münasibəti dəyişməyib. Bu barədə yazılanlar absurddur. Partiyaya bərpa məsələsi sadəcə daxili bir prosedurdur və bu həll ediləcək”-deyə S.Aran vurğulayıb.
«Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa görə, xarici ölkələrdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır. Bu səbəbdən də Səyad Aran hələ 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən YAP-ın üzvlüyündən və Siyasi Şurasından çıxıb.
2010-cu ilin mayında S.Aran konsul vəzifəsindən geri çağırılıb.

S.Aran hazırda Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışır.

Xatırladaq ki, Səyyad Aran YAP-ın yaradılmasında və keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən «91-lər»dən biridir. Hazırda YAP-ın Siyasi Şurasında 89 nəfər təmsil olunur.

Modern.az