YAP-ın “Möhtəşəm 20 il”i

yap-in-mohtesem-20-ili
Oxunma sayı: 718


Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 15-də “Hyatt Regency” otelində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Möhtəşəm 20 il” adlı “dəyirmi masa” keçirib.
Tədbirdə Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, müstəqilliyimizin bərpasının 20-ci ildönümü təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da qeyd olunur. Bu da xalqımızın müstəqilliyə və onun daimiliyinin, dönməzliyinin təminatçısı olan ulu öndər Heydər Əliyevin titanik fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsidir.

Ə.Əhmədov vurğulayıb ki, müstəqilliyin ilk illərində xalqımız ciddi problemlərlə üzləşib, müstəqilliyin itirilməsi təhlükəsi var idi. Lakin həmin dövrdə xalq müstəqilliyinə sahib çıxmaq üçün öz xilaskar oğluna - Heydər Əliyevə üz tutub. İctimaiyyət nümayəndələrinin, ziyalıların təkidli xahişi ilə 1993-cü ildə respublikada siyasi hakimiyyətə qayıdan H. Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimizin əbədi və dönməz olması üçün möhkəm zəmin yaratmışdır: “Ümummilli lider həmin dövrlərdə bir neçə dəfə dövlət çevrilişlərinə cəhdin qarşısını almış, cəbhədə atəşkəsə nail olmuşdur. Ölkədə ictimai-siyasi sabitlik yaranmışdır və respublika müstəqil inkişaf yoluna qədəm qoymuşdur. Bir vaxtlar müstəqil Azərbaycanın başı üzərində cəmi 23 ay dalğalanan üçrəngli bayrağımızın ən yüksək nöqtədə, həm də əbədi dalğalanmasını təmin etmişdir. Bu bayraq artıq 20 ildir ki, xalqın qürur mənbəyi kimi dalğalanır və əbədiyyətə qədər dalğalanacaqdır. Bütün bunlara, ötən 20 ilin yekunlarına, uğurlu nəticələrinə nəzər salarkən görürük ki, xalqımız düzgün seçim etməmişdir. Çünki bu illər ərzində müstəqilliyimizin möhkəmlənməsi, xalqın rifah halının yaxşılaşması üçün nə mümkündürsə o da edilmişdir. Bunu təkcə biz demirik. Xarici ölkələrin ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət başçıları öz hesabatlarında, çıxışlarında təsdiq edirlər. Bu günlərdə Bakıda səfərdə olmuş Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı son məktubu da bunu sübut edir”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın bugünkü inkişafının əsas səbəblərindən biri də Heydər Əliyevin siyasi kursunun, xoşbəxt gələcəyə hesablanmış strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi dövründə dövlət büdcəmiz 1991-93-cü illərlə müqayisədə 120-130 dəfə artaraq 2011-ci ildə 20 milyard ABŞ dolları səviyyəsinə yüksəlib.

Sonra Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək Heydər Əliyevin parlamentarizmin, parlament diplomatiyasının inkişafındakı rolundan danışıb. O demyib ki, Azərbaycanda parlament diplomatiyasının əsasını da məhz Heydər Əliyev qoyub.
B.Muradova son 20 ildə qazanılan uğurlarda YAP-ın rolunu da xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ilk gündən iqtidardadır və ölkə həyatında baş vermiş proseslərdə ən fəal iştirak edən siyasi qüvvədir.

Milli Məclisin deputatları Eldar İbrahimov, Fəttah Heydərov, Vahid Əhmədov müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi problemlərdən, Heydər Əliyevin xilaskarlıq fəaliyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müstəqilliyimizin daimiliyinin əsası 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müqavilənin imzalanması xarici dövlətlərin, beynəlxalq şirkətlərin Azərbaycana inamını artırmış, ölkəyə sərmayə axınını güclənib.

Sonra Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri İlyas İsmayılov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev çıxış ediblər.