YAP “Transparency İnternational”a sərt cavab verdi

yap-transparency-internationala-sert-cavab-verdi
Oxunma sayı: 696

“Bir sıra beynəlxalq təşkilatlar var ki, onların hazırladıqları hesabatlar obyektivlikdən uzaq olur. «Transparency İnternational» da belə təşkilatlardan biridir. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş və sürətlə irəliləyən dövlətidir. Ölkəmiz bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 80 faizindən çoxuna sahibdir. Eyni zamanda, Azərbaycanda büdcə gəlirləri və iqtisadi layihələr regionun digər dövlətləri ilə müqayisədə öncül yerlərdən birini tutur”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, Azərbaycanla bağlı bir sıra xarici qurumların, QHT-lərin təhlilləri subyektiv xarakter daşıyır. Onun sözlərinə görə, «Transparency İnternational» son hesabatında Azərbaycanın korrupsiyaya bağlı «yerini müəyənləşdirib»: «Transparency İnternational» nə zaman təhlil aparıb və necə aparıb? Cəmiyyətin bütün təbəqələrinin mövqeyini aydınlaşdıra bilibmi? Əgər biz diqqətlə yanaşsaq, görərik ki, bu qurum hesabat hazırlayarkən Azərbaycanda müxalifət mətbuatında heç bir fakta söykənməyən, yalnız ayrı-ayrı yazarların təxəyylünün məhsulu olan materiallara istinad edib. Məlumdur ki, mətbuatda dəqiq olmayan və bir sıra hallarda qərəzli şəkildə Azərbaycanda korrupsiya ilə əlaqədar yazılar dərc olunur. Həmin yazılarda göstərilən «faktlara» istinad edərək bu cür hesabatlar hazırlanır».

YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan hakimiyyəti ölkədə sağlam iqtisadi mühitin yaradılması üçün bütün addımları atır. Ölkəmizdə korrupsiyanın qarşısının alınması üçün hüquqi və iqtisadi sistemlərin təkmilləşdirildiyini deyən M.Qurbanlı korrupsiyaya qarşı mübarizənin ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. O, xatırladıb ki, BMT-nin yaydığı hesabatlara görə, dünyada bir neçə trilyon dollar məbləğində korrupsiya vəsaiti mövcuddur: «Dünyanın ən qabaqcıl ölkələrində korrupsiyanın ayrı-ayrı elementləri açıq şəkildə özünü göstərir. Və bu gün korrupsiyaya qarşı mübarizə ümumdünya səviyyəsində həyata keçirilir. Hesab edirəm ki, Azərbaycan «Transparency İnternational»ın tərtib etdiyi siyahıda korrupsiyanın ən az olduğu ölkələr sırasında dayanmalıdır. Burada göstərilən yer Azərbaycan üçün uyğun olmayan və qərəzli şəkildə müəyyən olunmuş yerdir. Çünki trilyonlarla dollar məbləğində korrupsiyanın mövcud olduğu dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu problem çox aşağı səviyyədədir. Ümumiyyətlə, korrupsiyanın yaranma səbəbləri aradan qaldırılmalıdır. Çünki dünyada korrupsiyanın yaranmasının başlıca səbəblərindən biri iqtisadi islahatların ləng getməsi ola bilər».

YAP İcra katibinin müavini bildirib ki, Azərbaycan iqtisadi islahatların aparılması reytinqinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. O cümlədən, beynəlxalq maliyyə qurumları Azərbaycanı ən islahatçı dövlətlərdən biri hesab edir. Azərbaycanda maliyyə-kredit siyasətinin şəffaf şəkildə həyata keçirildiyni deyən M.Qurbanlı eyni zamanda, dövlət büdcəsinin də şəffaf şəkildə hazırlanaraq cəmiyyətə təqdim olunduğunu xatırladıb. «Korrupsiyanı yaradan bu və digər hallar varsa, bunu aradan qaldırmaq üçün həm qanunvericilik yolu ilə, həm də müvafiq strukturlar, o cümlədən hüquq mühafizə orqanları vasitəsilə tədbirlər görülür. Azərbaycanda korrupsiyanın qarşısının alınması üçün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət çox ciddi nəticələr verməkdədir. Korrupsiyanın qarşısının alınması üçün iqtisadi islahatların daha da dərinləşdirilməsi, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi zərurəti tam şəkildə Azərbaycanda öz yerini tapmışdır. Bu iqtisadi islahatlar yolu ilə ölkəmiz korrupsiya elementlərinin daha minimuma endirilməsi üçün geniş işlər görməkdədir. Hesab edirəm ki, «Transparency İnternational»ın yaydığı hesabat birtərəflidir, qeyri-ciddi və qeyri-obyektivdir. Ona görə də, bu cür məlumatları şişirdərək bundan hakimiyyətin siyasətini gözdən salmağa yönələn və bu istiqamətdə təbliğat aparan dairələr də, əslində, həmin təşkilat ilə eyni sırada dayanaraq milli dövlətimizin imicinə xələl gətirmək cəhdi göstərməkdədirlər»- deyə YAP İcra katibinin müavini vurğulayıb.