“Yaramaz”ların “Ad günü” - “Uşaqlığın son gecəsi”

yaramazlarin-ad-gunu-usaqligin-son-gecesi
Oxunma sayı: 975

Futbolun ən ürək yanan yerində - hücumçu qapıçı ilə təkbətək qalıb zərbə vuran anında Elnur Əşrəfoğlu səsini başına atırdı: “Dünən voleybolçu qızlarımız “Çağırış kuboku”nun növbəti oyununa hazırlıq çərçivəsində növbəti məşqə çıxıblar. Bu bir daha onu göstərir ki, ölkəmizdə idmana böyük qayğı və diqqət göstərilir. Rayonlarımızda bir-birindən gözəl, geniş, beynəlxalq standartlara cavab verə bilən idman qurğuları, Olimpiya Kompleksləri tikilir, istifadəyə verilir”.
Çoxandı onun belə reportajlarından canımız qurtarıb. Çünki “İdman Azərbaycan”da əli vəzifə kürsüsünə çatmayınca “Cin mikrorayonda” göründü. “Ağ atlı” Elnur “Sehrli xalat”ı geyinib “Şərikli çörək” qazanmağa başladı. İndi ən köklü klubumuz - “Neftçi”nin mətbuat və ictimaiyyətlə əlaqələrindən sorumlu adamdı. Sonuncu dəfə qazdığı quyunun dərinliyi deyəsən 4 metr olub və sonda “Bəxtiyar” filminin baş qəhrəmanı demişkən, “şokolad kimi” neft çıxıb.
Azarkeş olduğumdan gün ərzində tez-tez futbola geniş yer verən idman saytlarına göz atıram. Həmin saytlarda ara-sıra Elnur Əşrəfoğlunun da adı keçir. Kürəyini “Böyük dayaq” tərəfə söykəməyi xoşlayan, bəzən “Arxadan zərbə” alan Elnur Əşrəfoğlu “Neftçi” rəsmisi olduğu üçün hərdənbir açıqlamalar verir. Həmin açıqlamalarda “Qaçaq Nəbi”, yeri gəldi-gəlmədi milli filmlərimizdən sitat gətirir, yumor hissini camaata sırımaq istəyir.
Məsələn, ondan soruşandakı yerə-göyə sığmayan iddialarınıza rəğmən Zaqreb “Dinamosu” önündə niyə belə aciz göründünüz? Deyir ki, başımıza gələnlər lap “Yol əhvalatı”na oxşayır. Maşınımız “yamaya” düşdü, qoyunları qəbiristanlığa vaxtında təhvil verə bilmədik. “Yeni baş məşqçiniz kim olacaq?” soruşan peşman olur. Elnur təzə lent fırladır - “Babamın babasının babası”.
Elnur bəyə deyəndə ki, əfəndim, klub neçə nəfəri transfer etmək istəyir? Qayıdıb nə desə yaxşıdı - “Yeddi oğul istərəm”. Soruşursan ki, bəy, bəs yeni transferlər nə zaman düşərgəyə gələcək? Köhnə jurnalistin “kinoşünaslığı” tutur. Başlayır “Bəxtiyar” filmini əzbər danışmağa: “Gələcəklər, pullarını da qabaqcadan vermişəm”. Tutaq ki, sabah kimsə “Yaramaz”ı özünə kumir seçən Elnurdan soruşdu ki, futbolçuların geyimi niyə belə səliqəsizdi. “Görüş” filmindəki kimi eşşəklə pambıq suvarmaqdan gələn və yolüstü “Ad günü”nə baş çəkən Əşrəfoğlu o dəqiqə “Bizim Cəbiş müəllim”i xatırlayacaq. Deyəcək ki, Cəbiş müəllim sabun bişirməyə razı olmur.
Milli çempionatımızı izləyənlər yaxşı bilir, “Xəzər Lənkəran”la oyunları çıxmaq şərti ilə “Neftçi”nin digər görüşlərinə 500-1000 azarkeş gəlir. “Xalq komandası” azarkeş sarıdan niyə bəs əziyyət çəkir? Elnur Əşrəfoğlu bu sorunu yəqin ki, belə cavablandırar: “Bu məsələ ilə “Uşaqlığın son gecəsi”ndəki Davud məşğul olur. O, da ət kombinatından sosiska vaxtında gəlmədiyinə görə küsüb keçib “26”lar tərəfə. Amma mən həm “Dədə Qorqud”, həm “Babək”, həm “Nəsimi”, həm də “Təhminə və Zaur”la danışıq aparıram. “Ögey ana”nın da məsləhətinə qulaq asmışam. İsmayıl dağ partlayana qədər gedib itburnu çiçəyi dərib gətirə bilsə, dərdimizə dərman tapılacaq. Sonra “O qızı tapın” deyib “İstintaq” başlayacağıq”.
“Həm ziyarət, həm ticarət”lə məşğul olan Elnur Əşrəfoğlu son günlər yenidən teleməkanda görünməyə başlayıb. Space telekanalında yayımlanan “Qol” proqramında ekspert kimi çıxış edir. Amma tamaşaçı bilmir ki, Elnur bəy futbol, yoxsa kino ekspertidi. Səviyyəsiz atmacaları onu bir qədər də gülünc vəziyyətdə qoyur, qeyri-ciddi imicinə yeni xallar əlavə edir.
Ölkə futbolunu izləyənlər növbəti “böyük oyun”un başlama saatını gözləyir. Milli premyer-liqanın üzünü ağardan “Xəzər Lənkəran”- “Neftçi” qarşılaşması ərəfəsində Elnur Əşrəfoğlu yəqin ki, yenə filmlərimizdən sitat gətirməyə hazırlaşır. Ona görə də ona bir kaç kəlmə məsləhətim var. Elnur bəy, əgər milli kinomuzu belə yaxşı bilirsinizsə, məsləhətimə qulaq asın. Özü də bunun üçün “Uzaq sahillər”ə getmək, “Arşın mal alan” kimi qapı-qapı gəzməyə ehtiyac yoxdu. “Qol”dansa Space-in digər verilişinə çıxın. Qonşu studiyada milli filmlərimiz müzakirə olunan verilişə qatılıb doyunca sitat gətirin. Aparıcı da elə sizə bab adamdı-Kamran Həsənli. “Bir məhəlləli iki oğlan” baş-başa verib danışın özünüz üçün.
Necə deyərlər, “O olmasın, bu olsun”...