Yaraya “duz səpən”lər - Həkim qurbanları IX

yaraya-duz-sepenler-hekim-qurbanlari-ix
Oxunma sayı: 10819

Səhiyyə Nazirinin müavini Elsevər Ağayev müsahibələrinin birində deyib: “Xəs¬tələrin mütəxəssis dalınca ölkədən kənara getməyi lazım deyil, bizim bütün sahələr üzrə mütəxəssislərimiz var.” Bir də axı bu gün xarici mütəxəssis üçün xaricə getmək də lazım deyil, sağ olsunlar bütün xarici mütəxəssislər Bakıdadırlar, yerli həkimlərimizə də yeri gələndə meydan oxuyurlar.

Tibbi nəzəriyyədə müxtəlif dəri xəstəlikləri var, onlardan bir neçəsi nadir görünən xəstəlikdir, daha az miqyasda yayılıb. Penfiqus xəstəliyi də nadir görünən, amma kifayət qədər qorxulu xroniki dəri xəstəliyidir. Son həddinə çatan bu xəstəlik hətta insan həyatı üçün təhlükəyə, ölümə gətirib çıxara bilər. Bir neçə formada və mərhələdə olan xəstəliyin dəqiq diaqnostikası vacibdir. Xəstəlik insanın xüsusən ağızın selikli qişasında və dərisində meydana gələn dərin yaralarla( böyük qrup şəklində) müşayiət olunur. Müalicəsində deksametazon və prednizalon kimi ağır dərmanlar istifadə olunur ki, bu dərmanların da əks təsirinin qarşısını almaq mütəxəssis ustalığı tələb edir. Bir də mütəxəssislərin fikrincə, fərdi orqanizmlə bağlı olaraq xəstəlik müxtəlif səviyyədə keçə bilər. Uzun müddət müalicə tələb edən xəstəliyi tamamilə dəf etmək də mümkündür.

Aslanova Şərafət (36 yaş) altı il əvvəl nadir görünən bu xəstəliyə tutulur. Ağız boşluğundakı yaraların çoxalması, qəflətən səsinin batması onun həkimə müraciət etməsinə səbəb olur. Nizami rayonunda yerləşən poliklinikalarından birinə gedir və qulaq, burun, boğaz həkimi Yaşar Mahmudovun qəbulunda olur. Xəstəni müayinə edən həkim qadının güclü soyuqladığını deyərək, ona küllü miqdarda antibiotik qrupu dərmanları yazır. Eyni vaxta da boğaz nahiyyəsinə həm xaricdən, həm də daxildən yaxma kompres edən xəstə təxminən üç aya yaxın bir müddətdə müalicə alır. Amma səsi açılmayan, gündəlik qidalanmada əziyyət çəkən, eləcə də davamlı antibiotik qəbul edən xəstənin vəziyyəti pisləşır. Artıq ağız boşluğundakı yaralar getdikcə bütün bədəninə yayılır. Özü də yay fəslinə düşən xəstəliyi qadının vəziyyətini dözülməz edir. İnsanlardan gizlənməyə yer axtarır. Bu müalicədən xeyir görməyən xəstə bədəninə sürətlə yayılan yaralara görə artıq dermatoloq axtarışına çıxır. Bir neçə tibb müəssisəsinə, sonunda isə texniki avadanlığına görə dillər əzbəri olan Mərkəzi Klinikanın həkim-dermatoloqları ilə görüşür. Burada ələ düşən xəstə 10-dan çox analiz müayinələrinə göndərilir, ona bir neçə xəstəliyin diaqnozu qoyulur. Pasiyentin xəstəliyi barədə dəqiq diaqnoz qoyulmasa da, ona yeni müalicə kursu yazılır. Bu müalicə də xəstənin yaralarına dərman olmur, bədəninin müxtəlif nahiyələri, eləcə də ağız hissəsi şəfa tapmır. Xəstə ağzındakı yaralar ucbatından qidalana bilmədiyindən bir neçə ayda 20 kilodan çöx çəkisini itirir. Nəhayət, 1saylı Dəri -Zöhrəvi Dispanserinə yerləşdirilən pasiyent burada nəhayət ki, xəstəliyinin adını öyrənir. Bu qədər müddətə süründürülən qadının xəstəliyinin penfiqus (yaralar köpüklü olduğundan bu xəstəliyə ruslar “puzırçatka” da deyirlər) olduğu aşkarlanır. Həsən həkimin(soyadı yazılsa, deyəcəklər həkimi reklam edir) diaqnozundan sonra xəstəyə yenidən müalicə yazılır. Şərafət xanımın sözlərinə görə, həkimin müalicəsi qismən də olsa effekt verir, nisbətən dəriüstü yaralar sağalır, özü isə artıq normal qidalanmağa başlayır. Amma həkim bu xəstəliyin müalicəsinin Moskvada aparılmasını məsləhət görür. Elə bu arada xəstə qarşısına çıxan tanışının düşüncəsiz məsləhətinə - bir həkimin onu bu dərddən birdəfəlik xilas edəcəyinə qulaq asır. Xəstənin sözlərinə görə, Naxçıvandakı ara həkiminin (bu “alim” xəstənin yaralarına “göz yarası”adını verir) güya təbii vasitələrlə onu müalicə etməsi əks-təsirini göstərir. Məlhəm adı ilə bir neçə dəfə istifadə etdiyi dərmanlar yaraların yenidən qabarmasına, yayılmasına kömək edir. Xəstə ara həkiminə inanmaqla böyük səhv etdiyini boynuna alır. Artıq baş nahiyəsini də bürüyən yaralar onun saçının dibindən kəsilməsinə səbəb olur. Gecələr yaraların verdiyi ağrıdan yata bilməyən Şərafət xanım maddi çətinliklə də olsa yaxınlarının dəstəyi ilə Moskvaya gedir. Müayinələr nəticəsində Bakıda qoyulan penfiqus(puzırçatka) diaqnozu təsdiqlənir. Pasi¬yentə xəstəliyinin artıq ən ağır formasına çatdığı bildirilir. Rus həkimlər bu vəziyyətinin səbəbini vaxtında düzgün istiqamətdə aparılmayan müalicədə, əsil müali¬cə¬nin gecik¬dirilməsində görürlər. Vaxtilə yersiz və küllü miqdarda qəbul etdiyi dərmanların təsirin¬dən ağız boşluğunda, dilində əmələ gələn yaralar kiçik əməliyyatla( bu səbəbdən indi dad¬bilmə qabiliyyətini qismən itirib) alınır. Mütəxəssislər onun istifadə etdiyi dərmanların diğər orqanlarına, xüsusiylə qaraciyər və böyrəyinə ciddi xətər yetirdiyini deyirlər. Bir ay orada xəstəxanada qalır, kompleks müalicəsi aparılır.

Bakıya qayıdan xəstə müalicəsini davam etdirir. Dərmanların dozasını aşağı endirən kimi yaraların yenidən baş qaldırdığını deyir. Ötən ilin yayında yenidən pisləşən xəstə iranlı mütəxəssisin qəbuluna aparılır. İranlı həkim də xəstənin ömrünün sonuna qədər dərmanlarla yaşayaçağını bildirir. Amma elə rus həkimlərinin də həddindən artıq yazılmış dərmanların sayını( əvvəl bir gündə 6 həb prednizalon(Rusiya istehsalı olan) qəbul edirdisə, indi 1,5 həb(İran istehsalı) istifadə edir) azaldır. Çünki dərmanlar artıq onun bir çox orqalarını sıradan çıxarıb.

Bu gün gənc qadın Şərafətin vaxtıylə düzgün təyin olunmayan (bir az da keyfiyyət¬siz) dərmanların ucbatından bir böyrəyinin funksiyası dayanıb, qaraciyər, ağci¬yərində ciddi fəsadlar meydana gəlib. Nəfəs darlığı səbəbindən inhalyator (aerozol) dan istifadə edir. Penfiqusa yaxalandıqdan bir az sonra şəkərli diabet xəstəliyinə də düçar olub. Həya¬tını bu iki xəstəliklə birgə keçirməyə məhkumdur.

P.S.Bu günə qədər bir-birinə paxıllıq edən qadın həkimlər görmüşdüm, amma kişi həkimlərinin arasındakı paxıllığı görməmişdim. Əlbəttə ki, az olsa da belə nadir nümunələrimiz var.

P.S.S. Hörmətli həkimlərimiz mümkünsə, vaxtınız olanda milli vikipediyamızda öz sahənizə uyğun materiallar yerləşdirin. Səhiyyə bölməsi yamanca kasıb və sönükdür.

Raminə Eyvazqızı