Yas yerindən reportaj

yas-yerinden-reportaj
Oxunma sayı: 909

Azərbaycanda yas mərasimlərindəki biabırçılıq hamımızı narahat edən məsələlərdəndi. Bu yaxınlarda rayonda olanda eşitdim ki, sən demə vəfat edən şəxsin adına keçirilən yas mərasiminin “3-cü gün”ünü ləğv edib, əvəzində “7-ci” və “40-cı” günləri saxlayıblar. Eşidəndə öz-özümə o qədər sevindim ki... Doğrudan da, öz-özümə fikirləşdim, gözünə döndüyüm, bunu hansı rəhmətliyin oğlu düşünübsə, o dünyada, cənnət-məkanda yeri çoxdan hazırdır. Məni qınamayın, heç Beynəlxalq Qızıl Xaç, Qızıl Aypara Cəmiyyətlərinin ağsaqqalları nə qədər oturub baş sındırsalar, bizdəki ehsanvermə kampaniyasını nəinki təşkil etmək, heç həndəvərindən yan ötə bilməzlər. Məsələnin məğzi bundan ibarətdir ki, rəhmətə gedənin qohumları dəfn günündən 40-cı günə qədər əməlli başlı o dünyaya gedib qayıtmalı olurlar. Həmişə kimsə vəfat edəndə həmin dünyasını dəyişəndən daha çox onun yaxınlarının halına acıyıram. O yazıqlar bilmirlər ölülərinin dərdini çəksinlər, yoxsa yas yerinə baş çəkməyə gələn o qədər insanı yola verməklə məşğul olsunlar. Misal üçün, bizim rayonda kimsə vəfat edəndə mütləq şəkildə böyük bir dananı böyürdə-böyürdə yerə yıxıb şaqqalayırlar. Ətin çəkisi aşağısı 100 kilo olmalıdır ki, gəlib-gedən camaatı qarşılamaq mümkün olsun. Üstəlik, bu yazını hazırlayanda həmin məsələ barəsində anamla da məsləhətləşdim. Deyir, “a bala, sən nə danışırsan, bir nədir, iki böyük ətə-cana gəlmiş cöngəni kəsməsələr rəhmətlikdən o biri dünya üçün halallıqlarını alammazlar”. Bu gün ölünü basdırmağa gedən bütün qohum-əqrəba, dünəndən qapı-qapı dolaşıb “halal cöngə” axtarmaqla məşğul olur. Cöngə axtarmaq demişkən, babam rəhmətə gedəndə həyətdəki mal-qara damından bir yekə dananı çıxardıb böyrü üstə yıxdılar. Sən demə, dana südəmər buzov olanda babam vəsiyyət edib ki, onu dayımın toyuna saxlasınlar. Hələ də yaxşı yadımdadır, ağlaşmağa gələn arvadlar “səmimi qəlbdən, bədahətən” elə ağılar deyirdilər ki... Və mən babama xitabən bu misraları yaxşı-yaxşı əzbərlədim, “dayı, qadan alım, ay dayı, sənə kəsdiyimiz cöngəni balanın toyuna saxlamışdıq, sənin öz yasına qismət oldu” . Övladları mərhumun yasında ağlaşanda kişinin ölməyindən daha çox sağlığındaykən dayımın toy mərasiminə yetişə bilmədiklərinin ah-vayını edirdilər.

Hə, əsas gəlhagəl mərhum canını tapşıranda başlayır. Əvvəlcədən qazılmış bir çalanın içinə mərhumu təhvil verməzdən əvvəl, həmin yerin yaxşıca bazarlığı aparılır. Sizə bununla bağlı statistik məlumat da vermək istədim, amma inanın, çox çətin oldu. Çünki yerlərin qiymətləri təbii ki, şəhər və rayonlara görə dəyişir. Hələ qara mərmərdən baş daşının qoyulmasını, ağ mərmərdən yan-yörəsinin düzəldilməsini demirəm. Bir də adamlar var ki, dörd-beş yer yan-yana birdən alırlar. Belə götürəndə onları da qınamaq olmur. Fikirləşirlər ki, həm qəbirlər yanaşı olar, həm də əldə pul varkən nə ziyanı var, al, hasarla, hazır dursun. Qalır qəbrin üstünü açmaq və mərhumu ora yerləşdirmək...

Bu yerdə qonşuluğumuzda bir “urus arvadı”yla bağlı əhvalat yadıma düşdü. Qadın ta bineyi-qədimdən, nikolaydanqalma köhnə bir evdə yaşayırdı. Əri II Cahan Savaşı bitdikdən sonra Polşadan bir polyak gözəlini vurub qoltuğuna gəlib dədə-baba yurduna ki, “bu da sizə gəlin”. Amma hər kəs nədənsə bu sarışın qadına “urus qızı” kimi baxırdı. Heç sonralar bunların uşaqları filan da olmadı, kişi onun üstünə bir neçə başqa arvad aldı, hərəsindən də dörd-beş uşaq doğuzdurdu, “urus qızı”na isə bir balaca daxma tikib verdi ki, “sən də mənim namusumsan, səni kənara atmaram, yaşa içində...” Bu qadın öləndə heç kimin ağlına sığmayacaq qədər qohumları peyda oldu. Sən demə, bunlar hamısı gözünü arvadın həmin daxmasına dikiblər. İş arvadı basdırmaq məsələsinə gələndə, o saat hərə necə boynundan atsın deyə, götür-qoy etməyə başladı. Axırda qərara gəldilər ki, bu qədər əziyyət çəkib yer almaqdansa, aparsınlar kənddən qıraqda bir yerdə quyulasınlar. Sonu bu mövzuya aid olmadığı üçün danışmayacağam. Amma yaxşı bir deyim var: “Ətini yesək də, sümüyünü atmarıq”.

Çox maraqlıdır, insanın dünyaya gəlməsini anladıq, uşağa gözaydınlığı vermək adıyla o ki var adamı soyurlar. Valideynlər xəstəxanada iki əli ciblərində o qədər tərləyirlər ki, üzlərini növbəti dəfə o binaya tutmayacaqlarına dair, “Allah atama lənət eləsin, bir də mən buraya gəlsəm kişi deyiləm” - kimi çox ciddi and-aman etsələr də, bunun da bizim hekayətə aidiyyatı yoxdur. Yəni, dünyaya gəlmək bir dərd, dünyadan canını tapşırıb getmək başqa dərd.

Yas mərasimlərində ən maraqlı mənzərələrdən biri də kişilərin yas çadırının içində nəfəsləri kəsilənədək və hərənin əlində bir sini, axşama taqətləri qalmayıncaya qədər o baş bu başa var-gəl etmələridir. Kimisi qaçaraqda vəfat edənin şəklini aparıb yas yeri üçün böyüdüb çərçivəyə salmaqla, kimi kəsiləcək dananı haradan və neçəyə alacağı ilə bağlı baş sındırmaqla, kimi çadırı qurmaqla, kimi də 500-600, hətta yeri gəlsə, 1000 nəfərlik adamı yola verə biləcək qənd, çay, yağ, un, limon, salfet və s. - bir sözlə, dərin siyahıdır, saymaqla bitməz – kimi alınacaq ərzaq və malların siyahısı ilə məşğul olur. Mən öz gözlərimlə bu prosesin dərin və müdrik gedişatını izləyə bildiyim üçün deyə bilərəm ki, hətta Avropa İqtisadi Birliyi belə bizim yas mərasimlərinin hesab-kitab işlərini aparmaq işində acizanə qalar. Ən yaxşısı, AİB-i bu işə qatmayaq. Yoxsa başlayacaqlar, məsələn, “Dananı almaq və kəsmək işlərini kimə gəldi tapşırmaq olmaz! Gəlin çoxsəsli seçki təşkil edək” . Bu da prosesi daha da çətinləşdirəcək. Yadımdadır ki, babamın yas yerində dayılarım uzun bir siyahı tərtib edib tez-tələsik bazara yollandılar. Lakin arvadların ürəyi yerinə gəlmədiyi üçün bununla kifayətlənmədilər və kişilərə növbəti sifariş kağızını hazırladılar. Toylarda olan kimi, yasda da böyük gəlini çağırdılar ki, “özün bu uşaq-muşağa ağbirçəklik elə”.

Sanki, qışda yaslar, yayda da toylar mərasiminə start verilir. Bu qədər israfçılıq kimə lazımdır? Yəni, doğrudanmı bizim böyük canfəşanlıqla təşkil etdiyimiz yas mərasimləri mərhumun o dünyasına xidmət edir? Bəlkə də, mərhum öldükdən sonra, yaxınlarının bu qədər əzab-əziyyətə qatlaşacağını bilsəydi, hər halda ölmək istəməzdi. Yasxanalara tökdüyümüz xərci uzağa getmirəm, qonşuluğumuzda ehtiyacı olan insanlara paylasaq yaxşı olmazdımı? Bu qədər səhvləri illərdən bəri təkrarlaya-təkrarlaya gəliriksə və bunları düşünə bilmiriksə, biz kimə, nəyə lazımıq? Ya da öldükdən sonra övladlarımıza nəyi miras qoyub gedirik? Əgər bu adətləri qoyub gediriksə, onda mən səmimi qəlbdən deyirəm ki, bizə lazım deyil!

Yazımı elə Niyazi Mehdinin cümlələri ilə tamamlamaq istəyirəm, biz, həqiqətən, bizi israfcıl, gülməli, yazıq, yoxsul edən adət-ənənələri aradan götürməyi, onlara “yox” deməyi bacarmalıyıq. Əgər, bacara bilsək!