Yasamalda mağaza sahibini soydular

yasamalda-magaza-sahibini-soydular
Oxunma sayı: 685

Yasamalda mağazaya basqın olub. Silahsız-filansız iki nəfər şəxs mağaza sahibinə hədə-qorxu gəlib, zərərçəkən pul və danışıq kartlarını dinməz-söyləməz onlara verib. Pul tələb edən şəxslər sonradan rayon polisinin əlinə keçib.

Soyğunçuluq hadisəsi Şərifzadə küçəsinə yaxın məhəllələrin birində, Talıblı küçəsində yerləşən ərzaq mağazasında törədilib. Həmin vaxt iki nəfər naməlum şəxs mağazaya daxil olub və oranın sahibi Bəxtiyar Mehdiyevə hədə-qorxu gəlməklə pul və danışıq kartları alaraq qaçıb. Bu barədə zərərçəkmiş şəxs sonradan Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinə məlumat verib. Polis isə həmin soyğunçuları cəmi bir gün axtarmalı olub. Ertəsi gün artıq müəyyən olunub ki, Bəxtiyar Mehdiyevi soyan şəxslərdən biri elə həmin rayon sakini 23 yaşlı İbrahimov Əli Elman oğludur. Əli İbrahimov tez bir zamanda saxlanılaraq istintaqa təqdim edilib. İlkin ifadəsi zamanı o, hadisəni spirtli içkinin təsiri altında törətdiyini bildirib.

Saxlanılan şəxs Əli İbrahimov dükana təsadüfən girdiklərini deyir: «Yolüstü girmişik. Bir kəlmə deyən kimi çıxartdı, verdi. Nə vurmuşuq, nə döymüşük. Heç əlimiz də dəyməyib. Bıçaq, heç nə olmayıb. 100 manat pul və 150 manatlıq kontur götürmüşük».

Yasamal RPİ-nin müstəntiqi Erol Əliyev bildirib ki, gecə olduğuna görə həmin iki nəfər dükana girib və bu zaman zərərçəkmiş şəxs bərk həyəcanlanıb və onlara pul verib: «Saxlanılan şəxsin ifadəsinə görə, pulu öz aralarında xərcləyiblər, kartları isə həm satıb, həm də ona-buna paylayıblar».

Özgənin əmlakı ilə özlərinə “çox sağ ol” qazanan hər iki soyğunçu, sən demə, cinayət ortağı olmaqla yanaşı, həm də yaxın qohumdular. Onlardan Əli İbrahimovu ələ keçirmək mümkün olsa da, soyğunçuluq əməlində şübhəli bilinən digər şəxs hələlik istintaqdan yayınmağa müvəffəq olub. Ancaq polis onun da saxlanılaraq istintaq məsuliyyətinə cəlb olunması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla əlaqədar Yasamal rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi də başlanılıb, araşdırmalar davam edir.

ANS PRESS