Yasamalda qəza, 4 avtomobil toqquşdu

yasamalda-qeza-4-avtomobil-toqqusdu
Oxunma sayı: 687

Anspress xəbər verir ki, Bakının Yasamal rayonu ərazisində 4 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Əli Məsimovun sözlərinə görə, ilkin olaraq maşınlardan biri yolun əks istiqamətindən keçərək dayanmış 3 maşını vurub. Əks istiqamətdə hərəkətdə olan Səyyad Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşın olub.

Sürətlə hərəkətdə olan maşın idarəetmənin ani itirilməsi nəticəsində yol kənarındakı maneədən keçərək, əks istiqamətdəki Vüqar Əliyevin idarə etdiyi eyni markalı avtomaşınla toqquşub. “Mercedes” isə zərbənin gücündən arxada dayanan “VAZ-2104” markalı avtomobilə dəyib. Bundan sonra Səyyad Səmədov “Nissan” markalı digər bir avtomobilə dəyərək yenidən əvvəl hərəkətdə olduğu yola keçib. Nəticədə yüngül xəsarət alanlar olsa da, hər iki “Mercedes”ə ciddi ziyan dəyib.

Qəzanın baş verməsinin dəqiq səbəbləri isə Yasamal Rayon Polis İdarəsində aparılan araşdırmaların sonunda bəlli olacaq.