Yaşar Nurinin vəziyyəti niyə pisləşdi?

yasar-nurinin-veziyyeti-niye-pislesdi
Oxunma sayı: 688

Dörd gün əvvəl halı qəflətən pisləşən aktyor Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Anspress-in məlumatına görə, aktyor hazırda süni nəfəs aparatına qoşulub, danışa bilmir. Yaşar Nurinin vəziyyətinin pisləşməsinə səbəb kimi onun həkimlərin tələblərinə riayət etməməsi göstərilir.

Qeyd edək ki, Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Aktyorun ağ ciyərində problemlər olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Xatırladaq ki, oktyabrın 5-də Akademik Milli Dram Teatrında Yaşar Nurinin 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.

***

Yaşar Nuri artıq özünü yaxşı hiss etməyə başlayıb. Bu barədə Trend-ə aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib. “Həkimlərin səyi nəticəsində təhlükə aradan qaldırıldı. Səhhətində müsbət irəliləyiş var. Təsir edən başqa səbəb var. Bəzi media orqanlarında heç bir yerə müsahibə vermədiyim halda dilimdən açıqlamalar yayılır. Bu cinayətdir axı. Yalan informasiya yaymaq olmaz. Yaxın saatlarda Yaşarın səhhəti ilə bağlı daha dəqiq məlumat verəcəyəm”, - Rəhimə xanım deyib.