Yaşasın əxlaqsızlıq!

yasasin-exlaqsizliq
Oxunma sayı: 1103

Məsələn, bir nəfəri gah “Qadın saatı”nda, gah dini və mənəvi dəyərlərimizlə bağlı tok-şouda, gah da mədəniyyətlərin dialoqundan bəhs edən proqramlarda görə bilərsiniz. Bu hərşeyşünaslar bir qayda olaraq özlərini kulturoloq kimi təqdim edirlər. Bir zarafatcıl dostum belələrinə “qulduroloq” deyir (müəllif burda gülümsəyir).

O günü də belə bir söhbətin zibilinə düşdüm. Deməli, vəziyyət necədir: ourdlarında sanki qoz saxlamış bir filosof, canavarağız və saqqalını altdan üstən ərinmədən jiletləyərək sifətində əcaib xətt saxlayan daha bir filosof, burnu tüklü, xaşalqarın bir yazıçı və qastuku yuvarlaq qarnının üstündən aşaraq paçalarının arasından sallanan bir publisist ədəbiyyatdan ümumiyyətlə xəbərsiz olan yaraşıqlı bir aparıcınn başına toplaşıb ədəbiyyatımızdakı əxlaq məsələlərini müzakirə edirdilər.
Allahüçünə burnu tüklü filosofla qalstuklu publisist may ayında rəngarəng günlər (güllər yox haa!) yaşayan hünərli xalqımızın tərəfini saxlayır, dini-mənəvi dəyərlər və mentalitetlə silahlanmış ellərimizin namını vermirdilər. Canavarağız filos isə… oy! oy! oy! Ona danışmaq demək olmazdı – ağzından od yağırdı peydasızın. Sən demə cəmiyyət inkişaf etdikcə bəzi dəyərsizləşən dəyərlərdən imtina etməyi bacarmalıymış! Buna xalqımız nə deyər? Qaşınmayan yerdən qan çıxarmaq! Qalstuku paçalarının arasından səxavətlə sallanan publisist dinc durmadı bu ara. Əxlaqi və antiəxlaqi məsələlərə münasibətdə sadəcə əxlaq olmasın kimi tamam yeni bir dünyagörüşünün formalaşdığını bildirən təhlükəli gənc filosofa hücum çəkdi, onu dəyərli xalqımızı çaş-baş salmaqda suçlayaraq öskürdü, boğazını dərindən arıtlayıb bir daha öskürdü, boynunu irəli uzatdı… Nəsə demək istəyirdi ki, canavarağız filosofu gülmək tutdu. Publisist çarəsiz gözlərinin birini qıyıb dayandı. Daha bir alov püskürdü xalqın müdafiəçisinə tərəf: “Sən nə danışdığını anlamırsan!” Bah! Mərəkə qopmazmıola?! Hətta iş o yerə çatdı ki, burnu tüklü yazıçı da fısıldayaraq anlaşılmaz dildə nələrsə danışdı. Ancaq xaşal qarnı, kündə dodaqları, sallaq burnu və parıldayan daz başı ilə gənc filosofa qarşı olduğunu anlamaq elə də çətin deyildi. Ağzının hər küncündə bir qoz saxlayan filosof isə qozların yerini dəyişməklə kifayətləndi. Xüləs, məlum oldu ki, böyüklərə yaltaqlanmaqdan tutmuş “Dirədöymə” oyununacan bütün milli dəyərlərimizi saxlamalı, onun başına pərvanə kimi fırlanmalıyıq. Təklənmiş canavarağız filosof isə gah istehzalı jestlər, gah şaqraq gülüşlər, gah da usta ironiyalar ilə qalib ədasını əsla itirmirdi.
“Əxlaq elə bir anlayışdır ki, ondan çox danışmaq lazım deyil… Adətən o adamlar əxlaqdan dəm vururlar ki, özlərinin əxlaqı yoxdur!” – Allah sən özün hifz elə bu kafiri! Bə elə isə gənc yazarların yazılarında işlətdiyi naqolay sözləri evimizə necə aparaq? Hay? Necə aparaq?!
“Sizə narahatlıq gətirisə aparmayın” – dünənki uşağa bax e… bu boyda adamları avam yerinə qoyub. Ə kişi, sən nə danışırsan?! Sən, dilim ağzım qurusun, müsəlman olduğunu unutmusan bəlkə?!
“Mən müsəlman deyiləm!” – pah atonnan yeri get! Bu nə danışır ə! Vallah bu uşağın başına at təpib! Müsəlman deyiləm nədi, a bala? Özünü niyə rüsvay edirsən?!
“Axı siz müsəlman olub neyləmisiz?” – yox bunu öyrədiblər. Anlaşıldı. Hər şey anlaşıldı! Kimdənsə yaxşıca pul-para alıb bizim əsəblərimizlə oynayır. Hələ özbaşına buraxsan “Yaşasın əxlaqsızlıq!” deyəcək. Görün erotikadan, pornoqrafiyadan yazan, milli-mentalitetin dalına barmaq eləyən tay-tuşlarını necə müdafiə edir:
“Sizin kimi adamlar əxlaqdan o qədər boş-boş danışıblar ki, yeni nəsildə dəhşətli bir etiraz yaradıb. Əslində onlar əxlaqsız ibarələrlə əxlaqın özünün deyil, yalançı əxlaq mifinin əlehyinədirlər və əxlaq niqabı altında yüz oyundan çıxanların masqasını yırtırlar!” – təzədən üzünü qalstuku paçasının arasından pis-pis sallanan publisistə tutdu – “Dedim yaa, nədən danışdığımızı anlamırsan! Bəli, yaşasın əxlaqsızlıq! Rədd olsun əxlaq! O əxlaq ki, əxlaqsızlığın ta kəndisidir!”
Mən də dözmürəm daha, kanalı çevirib “Ay Zaur”dakı tükündən yağ daman müğənnilərin əndamına tamaşa eləyirəm…