“Yaxın Şərq problemləri daha da intensivləşəcək”- Müsahibə

yaxin-serq-problemleri-daha-da-intensivlesecek-musahibe-
Oxunma sayı: 675



Politoloq Mayis Güləliyev Yaxın Şərqdə baş verən siyasi olayların pərdəarxası məqamlarını “Qafqazinfo”ya danışır.


- Yaxın Şərqdə son aylar baş verən olayların içindəki əsl həqiqətdən yəqin ki, dünya çox gec xəbər tutacaq. Amma indilikdə baş verənlərin pərdəarxası məqamları haqqında bir politoloq kimi nə deyə bilərsiniz?
- Yaxın Şərqin müxtəlif ölkələrində baş verən hadisələr zahirən eyni görsənsələr də öz mahiyyəti etibarı ilə eyni deyillər. Məsələn, Misir hadisələrinin mahiyyəti ilə Liviya hadisələrinin və ya Tunis hadisələri ilə Bəhreyn hadisələri eyni mahiyyətli deyil. Lakin onları birləşdirən ümumi bir xarakter var ki, bu da geniş xalq kütlələrinin proseslərə qoşulmasıdır. Lakin geniş xalq kütlələrinin etirazlarından “sui-istifadə” halları ütün ölkələrdə artıq özünü aydın hiss etdirir.

- “Dünya daha bir dliktatordan xilas oldu. Daha bir xalqın əzmkar mübarizəsi qələbəylə yekunlaşdı. Liviyada 42 il ərzində mövcud olmuş Müəmmər Qəddafi dövrü nəhayət, sona çatdı”. Bu günlərin ən çox təkrarlanan xəbəridir bu. Liviyada baş verənlər doğrudanmı, liviyalılara səadət gətirəcək?
- Elə problem də bundadır ki, Ərəb ölkələrində baş verən geniş xalq etirazlarının əsasında ciddi ideoloji baza olmadığından, onlara rəhbərlik edən və aydın proqramı olmyan siyasi partiyalar olmadığından bu etirazlardan Qərb sui-istifadə etməyə asanlıqla nail ola bilir. Ciddi ideoloji əsas olmayan hərəkatlarda, yəni ideoloji olmayan hərəkatlarda maliyyə hərəkata rəhbərlik edir. Başqa sözlə desək, bu hərəkatlarda hərəkatların müəyyən anından sonra Qərb maliyyəsi rəhbərliyi ələ ala bildi. Hətta Misir inqilabının ilk vaxtlarında Qərbin hərəkata müdaxiləsi zəif idi. Çünki hərəkatda müəyyən ideoloji xətt var idi. Sonralar isə bu ideoloji xətt getdikcə dağıldı. Liviyada, Tunisdə, Yəməndə də ideoloji xətt aydın və güclü olmadığından belə hərəkatların mahiyyətini Qərb asanlıqla öz xeyrinə dəyişə bildi. Liviya inqilabı əslində xalqın inqilabı deyildi, bu, Liviya-NATO müharibəsi idi. Yəni vətəndaş müharibəsi yox, vətən müharibəsi idi.


- Qəddafi rejiminin nümayəndəsi Musa İbrahim deyib ki, paytaxta hücum zamanı hər iki tərəfdən 1300-dən artıq adam ölüb. O deyib ki, tökülən qanlara görə NATO məsuliyyət daşıyır.
- Təkcə Liviyada yox, bütün dünyada axıdılan günahsız qanlara görə, xüsusilə də Əfqanıstanda, Yuqoslaviyada, İraqda axıdılan qanlara görə ABŞ və NATO cavab verməlidir. Təəssüf ki, belə qanların axıdılmasına haqq qazandırmaq üçün ABŞ bəhanələr tapa bilir. ABŞ xarici siyasətinin “anatomiyasına” bələd olan hər kəs bilir ki, milyonlarla dollar xərcləyərək müxalifət partiyaları, QHT-lər yaradan ABŞ bunu cəmiyyətləri parçalamaq və öz mənafeyini qorumaq məqsədilə edir.


- Amma bu mübarizədə diqqət çəkən digər bir məqam da var. Müəmmar Qəddafi 6 ay inadkarlıqla müqavimət göstərdi. Hətta üsyançılara yardım göstərən NATO kimi qüdrətli hərbi-siyasi alyansın qarşısında da geri çəkilmədi. Ümumiyyətlə, Qəddafidəki bu inadkarlığın arxasında hansı qüvvələr və kimlər dayanırdı?
- Elə deyildi. NATO çox asanlıqla Liviyanı yerə yeksan edə bilərdi. Lakin NATO, xüsusilə onun əsas maliyyəçisi olan ABŞ hərbi əməliyyatlarda daha az maliyyə və insan resursundan istifadə etməyə cəhd göstərir. Belə ki, kiçik maliyyə ilə Liviyalıları liviyalılara qırdırmaq mümkünsə, nə üçün böyük maliyyə sərf edilməlidir. Yəni belə siyasi-hərbi taktika ilə ABŞ iki ciddi məsələni həll etmiş olur. Birincisi, öz insan resurslarından və maliyyəsindən daha az istifadə edir, ikincisi, Liviya hadisələrinin guya xalq üsyanı olduğu haqqında imic formalaşdırır. Bir ABŞ və ya NATO əsgərinə verilən maliyyə ilə yüzlərlə Liviyalını və ya Afrika muzdlusunu Liviya xalqının üstünə qaldırıb “vətəndaş müharibəsi” uydurmaq mümkündür. Necə ki, “terrora qarşı mübarizə” koalisiyası yaradaraq minlərlə qeyri-amerikalını və ya avropalını Əfqanıstana göndərmək və ya İraqda İraq xalqında qarşı qaldırmaq həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən ABŞ-a sərf edən variantdır. Digər tərəfdən, Liviyanın bir dövlət kimi dağıdılması, cəmiyyətin parçalanması və hərc-mərcliyin yaranması “qlobal kapitalı idarə edənlərin” mənafeyinə xidmət edir. Belə ki, Liviya dağılandan sonra kim Liviyanın Beynəlxalq Banklardakı pulunun hesabını çəkəcək? Hamının başı daxili problemlərə qarışır və beləliklə, Liviyanın sərvətləri ABŞ-ın əlinə keçir. Odur ki, Liviyanın tədricən və daha geniş miqyasda dağıdıması daha məqsədəuyğun hesab edildi. Liviya müharibəsi Afrika qitəsinin yeni müstəmləkəyə çevrilməsidir.

- BMT-nin Təhlükəsizlik Şurasında öz xalqına qarşı kütləvi qırğınlar törətdiyinə görə M.Qəddafinin həbs edilərək Beynəlxalq Məhkəmənin mühakiməsinə verilməsi barədə qərar qəbul edildi.
- Belə qərarların əsasən üç məqsədi olur. Birincisi, bu, ABŞ-ın “sözündən çıxanlara və müstəqil olmaq istəyənlərə” bir mesaj rolunu oynayır. İkincisi, bu, Liviya qırğınlarının günahını NATO-nun və ABŞ-ın üzərindən götürüb, Qəddafinin üzərinə qoymaq deməkdir. Guya NATO Liviya xalqını bu diktatorun cəngindən qurtardı. Üçüncüsü, bu, NATO-nun hərbi təcavüzünün legitimləşdirilməsi və Liviyada ABŞ-ın möhkəmlənməsinin qanuniləşdirilməsidir. Lakin, necə deyərlər “fakt faktlığında qalır”. Liviya NATO tərəfindən işğal edilərək ABŞ-ın nəzarətinə verildi. Liviya artıq Liviyalıların deyil. Liviyanın nefti və digər sərvətləri də artıq Liviyalıların deyil. “Afrikanın İsveçrəsi” adlandırılan Liviyada həyat şəraiti kəskin pisləşərək digər yoxsul Afrika ölkələri kimi olacaq. Liviyalıların son 10-15 ildəki həyat şəraiti onlar üçün xatirə olaraq qalacaqdır. Liviyanın məhv edilməsi Afrikanın yenidən müstəmləkəyə çevrilməsinin başlanğıcıdır.


- Dəqiq xatırlamıram. Deyəsən, BMT-ı Qəddafi Təhlükəsizlik Şurasına “Terror Şurası” dedikdən sonra verimişdi bu qərarı.
- Mən Qəddafinin hakimiyyətini həmişə qeyri-normal hesab etmişəm. Dövlət idarəetməsi elə olmalıdır ki, onu şəxslər deyil institutlar idarə etsin. Demokratik idarəetmənin də əsas tələbi budur. Qəddafi nə qədər vətənpərvər olursa olsun, o “yaxşı idarəetməni” yarada bilmədi. Ola bilsin ki, Qəddafi olmasaydı Liviya belə inkişaf yolu keçməzdi və daha pis şəraitdə olardı. Lakin bu, Qəddafiyə bəraət qazandırmır. Digər tərəfdən, Qərbin də qətiyyən ixtiyarı yoxdur ki, ona tabe olmaq istəməyən dövlət başçılarına görə müxtəlif bəhanələr uydursun və ölkələri işğal etsin. Xüsusilə demokratikləşmə, insan hüquqları, və sair bəhanələrlə bütöv bir xalqı aclığa və səfalətə sürükləsin. Bəli, Qəddafi Avropanın neftə olan ehtiyacına, bəzi Avropa ölkələrinin liderlərinin onunla yaxşı münasibətinə arxalanaraq BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarına etinasız yanaşırdı. O, öz dövlətini qorumaq üçün beynəlxalq maliyyə institutlarının və transmilli təşkilatların Liviyada fəaliyyətini məhdudlaşdırmışdı. O bilirdi ki, BMİ və Transmilli Şirkətlər ölkəyə daxil olsalar cəmiyyətdə parçalanma və qarşıdurmalar başlayacaq. Lakin o dərk etmirdi ki, Liviya kiçik ölkədir və belə müqavimət yalnız bu siyasəti bölüşdürən daha böyük ölkələrlə ittifaq nəticəsində mümkün ola bilər.


- Dünya KİV-i tez-tez Qəddafinin 42 illik hakmiyyətindən danışırlar. Ortaya maraqlı sual çıxır, bəs nə əcəb bu fikri 100 ildən artıqdır hakmiyyətdə olan İngiltərə krallığı haqqında səsləndirmirlər?
- ABŞ xarici siyasətinin “anatomiyasına” görə hər hansı ölkəyə hərbi təcavüz gündəmdədirsə, əvvəl həmin ölkənin KİV-lərinə təcavüz başlayır. Əgər KİV-lərin ələ keçirilməsi əsas hədəfə çatdırmırsa və beləliklə,siyasi, iqtisadi və hərbi təcavüzə ehtiyac yaranırsa, onda beynəlxalq KİV-lərin təcavüzündən istifadə edilir. Əfqanıstan, İraq hadisələrində bundan çox geniş istifadə edildi. 11 Sentyabr hadisələri o qədər şişirdildi ki, insanlar inanmağa başladılar. İnsan psixologiyası elədir ki, çox təkrar olunan yalanlara nəhayət inanmağa başlayırlar. Heç şübhə yoxdur ki, Qəddafinin 42 il hakimiyyətdə olması Liviya xalqının sərvətlərinin talanması üçün arqument ola bilməz. Neçə il hakimiyyətdə olmaq yox, necə hakimiyyətdə olmaq daha mühüm sualdır. İndi az sayda siyasilər və sadə insanlar anlayırlar ki, Liviyanın yeraltı sərvətlərini talan etmək üçün Liviya faktiki olaraq ABŞ tərəfindən işğal edildi. Azərbaycan cəmiyyətində də Liviya hadisələrini dərindən başa düşən insanlar çox azdır. Facebook-da Liviya hadisələri ilə bağlı yazılan fikirlərlə tanış olanda adam məəttəl qalır. Mütləq əksəriyyət Liviyanın NATO tərəfindən dağıdılmasını və Qəddafinin devrilməsini alqışlayır. Guya Qəddafinin devrilməsi Azərbaycan müxalifətini də hakimiyyətə gətirəcək. Kim Liviyanın NATO tərəfindən bombalanmasına dəstək verirsə, o, NATO və ABŞ-ın Liviyadakı cinayətlərinə şərik olur. ABŞ-ın və NATO-nun Liviyada beynəlxalq hüquqa zidd fəaliyyətini və açıq-aşkar işğalını dəstəkləməklə onlara xoş görsənmək istəyən ənənəvi Azərbaycan müxalifəti qlobal siyasətdən nə qədər xəbərsiz olduğunu sübut etdi. Çox az müddətdən sonra hamıya, xüsusilə ABŞ üçün canfəşanlıq edən Liviya müxalifətinə də bəlli olacaq ki, onların vətəni artıq darmadağın edilib. Afrikanın müstəmləkə qitəsinə çevrilməsi reallaşıb. Bəli, Qəddafi Liviyada “yaxşı idarəçilik” yaratmadı və demokratik dövlət idarəçiliyi institutları formalaşdırmadı. Lakin bu əsas verirmi ki, Liviya iqtisadiyyatı, infrastrukturu dağıdılsın, günahsız insanlar ziyan görsün, ölkə səfalətə sürüklənsin. Axı Liviya həm təhlükəsizlik, həm də həyat səviyyəsi nöqteyi-nəzərindən Şimali Afrikada lider ölkə idi. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən Liviyanın iqtisadi göstəriciləri Afrika və Asiya ölkələri ilə müqayisədə xeyli yaxşı idi. Böyük Britaniya və Şimali İrlandiya Krallığında monarxiyanın hələ də qalması ilə bağlı sual isə doğrudan da maraqlıdır. Dünyada demokratik dəyərlərin müdafiəçisi kimi çıxış edən Avropa ölkələrinin bir neçəsində, o cümlədən İsveçdə, Norveçdə, Böyük Britaniyada hələ də monarxiya quruluşu qalır. Bu bir daha sübut edir ki, Qəddafi Qərbə münasib siyasət aparsaydı, neftin gəlirlərindən onlara da pay ayırsaydı, daha doğrusu nefti onlara “bağışlasaydı”, Beynəlxalq Maliyyə İnstitutlarını və Transmilli şirkətlər üçün Liviyada münbit şərait yaratsaydı nəinki hakimiyyəti davam edərdi, hətta “Liviyanın monarxı” kimi titul alaraq ailəsinin və gələcək nəsillərinin təhlükəsizliyini təmin edərdi.


- Politoloqlar müsəlman diktatorlarını bir-birinin ardınca tarixin arxivinə göndərən inqilab dalğasının Suriyanın prezidenti Bəşər Əsədi də aparacağı ehtimalından danışırlar.
- Diktatorların tarixin arxivinə getməsi baş verən hadisələrin yalnız zahiri tərəfidir. Tarixin arxivinə gedən Böyük Yaxın Şərqin təhlükəsizliyidir. Böyük Yaxın Şərqin bir parçası kimi həm də Azərbaycan xalqının təhlükəsizliyidir. Yaxın Şərq hadisələri, yəni kiminsə devrilməsi heç bir əhəmiyyət daşımır. Mühüm əhəmiyyət daşıyan məsələ hakimiyyətin ABŞ-ın nəzarətinə keçməsidir. Beləliklə, Böyük Yaxın Şərq ciddi qarşıdurmalar mərhələsinə daxil olur. Belə hadisələr ciddi araşdırılmalıdır. Yaxın Şərqdə baş verən bütün hadisələrin həm qlobal, həm regional, həm də lokal problemlərlə əlaqəsi var. Azərbaycanda baş verən ictimai-siyasi hadisələrin demək olar ki, hamısının birbaşa və ya dolayısı ilə Yaxın Şərq problemlərindən asılılığı var.


- Bu arada Türkiyə-İran münasibətlərində bir yaxınlaşma, doğmalaşma hiss olunur. Sizcə, bu doğmalığı dünyaya ağalıq edənlərin islama qəzəbinin nəticəsində yaradıb?
- Türkiyə hakimiyyəti dərk edir ki, Yaxın Şərq problemləri qlobal problemlərin əsasında dayanır. Enerji və ərzaq təhlükəsizliyi problemləri kəskinləşdikcə Yaxın Şərq problemləri daha da intensivləşəcək. Belə olan halda müəyyən qədər söz sahibi olmaq üçün regional əməkdaşlığa ciddi ehtiyac var. Türkiyə-İran əməkdaşlığı regional təhlükəsizlik üçün ən vacib addımdır. Yüz illərdir Türkiyə-İran qarşıdurmasından regionu idarə etmək üçün Qərb istifadə edib. Artıq Yaxın Şərq “olum ya ölüm” dilemması qarşısındadır. Ərəb ölkələrində baş verən hadisələr Yaxın Şərqi uçuruma aparır. Seçim zamanı yetişib. Ya qlobal kapitalın və qlobal sionizmin ağalığını qəbul etmək, ya da regional birliyə nail olmaq! Mən inanıram ki, həm Türkiyə, həm də digər region ölkələri ikinci variantı seçəcəklər.

Arzu Abdulla