“Yaxşı adamlar öldükcə, Tanrı da müflisləşəcək” – Rafiq Tağıya

yaxsi-adamlar-oldukce-tanri-da-muflislesecek-rafiq-tagiya-
Oxunma sayı: 923






Azərbaycanın istedadlı yazarı Aqşin Yenisey bir neçə həftə əvvəl qətlə yetirilən görkəmli yazıçı Rafiq Tağının xatirəsinə həsr olunan şeir yazıb. “Qafqazinfo” Aqşinin şeirini oxuculara təqdim edir.


Rafiq Tağı üçün misralar

“...işıq axtarışı sizi kor eləyib”
Balzak


Ağır-ağır açılır səhər
Günəş zorla çıxır dünənki qaranlıqdan
Üstündə dünənki zülmətin ləkəsi
Və tələsik əynini geyinib işə yollanır
Qəfil ölüm təhlükəsi.
Qonşu mənzildəki çağa səhərəcən ağlayıb,
Yatmayıb, bizi də yatmağa qoymayıb.
Ona qulaq asdıqca
Bizim evdəki doğa bilməyən qadının gözləri dolub.
Eksiztensializimlə ovutmuşam onu:
- sakit ol, insan yer üzünə göndərilməyib,
insan yer üzünə qovulub.

Sonra bir böcək, özü də tək
Qorxmadan bu qədər adamın yaşadığı evə gəlib.
Xəbəri də yoxdu ki, dünyada milyonlarla insan güllələnib.

İndi neyləyək,
Qorxmamaq üçün kiçilək?

***

Sənin olmadığın dünya, yaşamadığın şəhər
Yerimədiyin yol, oxumadığın kitab,
Sevə bilmədiyin qadın, öpə bilmədiyin uşaq...
Hamsı, hamsı köhnələcək.
Hər gün üfüqdən sir-sifəti qırışmış köhnə bir günəş çıxacaq.
Saatlar həmişə sənin ölüm vaxtını göstərəcək.
Hadisə yerindən sənin öldürüldüyün bir qaranlıq tapılacaq
Hər əlində altı bıçaq!

***

Sübhçağı, səhər saat yeddi
Evimizin önünüdən nəhəng bir dağ
İri çəkmələrini yerə basa-basa harasa dağ olmağa getdi.
Yerişi evimizi titrətdi.
Sinəsində ağaclar bitmişdi, başında qar vardı.
Görən, dağlar olmasaydı, dünya necə ucalardı?

***

Öldürüldüyün gecənin səhəri
Günəş alayarımçıq çıxdı
Yəni yarısı ötən gecədə ilişib qaldı.

Bundan sonra gözlər bir az da balacalaşacaq,
Hətta bir az kor olacaq.
Göz yaşları daha duru, hətta bir az bol olacaq.
Qadınlar daha sadiq olacaqlar ərlərinə
Kişilər işdən tez dönəcəklər
Uşaqlar daha tez yatacaqlar, çıraqlar daha tez sönəcək.
İnsanabənzər qaraltılar daha qorxunc görsənəcək
Yaxşı adamlar öldükcə, Tanrı da müflisləşəcək.
əl açacaq – yaxşı insan dilənəcək.
Bundan sonra yer üzündə heç kimin tanımadığı
Bir müqəddəs sülənəcək.

***
Elə yoxsan adam belə yox olmaz, şair!

(ardı olacaq)