Yeddi yaşlı qızcığazın qətliamı

yeddi-yasli-qizcigazin-qetliami
Oxunma sayı: 656

Yox, mən indi Yaponiyayla bağlı danışmaq istəmirəm. Dünən bir məqaləyə rast gəldim, “Nazim Hikmət və 7 yaşındakı qız uşağı”. Olduqca təsirli idi. Beləliklə, az da olsa, məğzini sizlərlə də paylaşmaq istədim. Bəlkə də, deyəcəksiniz ki, Azərbaycanın bu qədər dərdi-səri varkən, hansısa uzaq şərq ölkəsində, deyək ki, Yaponiyada baş verənlərdən bizə nə? Amma bütün hallarda dünyanın hər yerində insan elə insandır, körpə, günahsız uşaqlar da həmçinin...

Sonra təqvimə nəzər salanda baxdım ki, 6 avqust – ola bilsin, məhz bizə heç nə demir, amma yaddaşlara elə həkk oldu ki, nə Yaponiya nə vaxtsa, onu unuda biləcək, nə də ki, bəşər tarixinin yaddaşından silinəcək – Hiroşimaya tarixin ilk atom bombasının atıldığı gündür...

Əri İrinin ailəsini tapmaq üçün Hiroşimaya gələn gənc qadın rəssam Toşi Maruki Hiroşimadakı olaylardan vəhşətə gəlir. Və özünə söz verir ki, ömrünü bu dəhşətli hadisəni bəşər tarixinə, insanlığa çatdıra bilmək uğruna həsr edəcək. Elə də olur... İndi Toşi Maruki “Hiroşima no Pika” adlı kitabı ərsəyə gətirib. O, 7 yaşlı qızcığazı öz qəhrəmanı kimi seçir. Hansı ki, bu qızcığaz atom bombasının nə olduğunu bilmirdi və onu sadəcə, “Pika”, yəni, “parlaq işıq” adlandırdı. Nazim Hikmətsə qanlı-qadalı Hiroşimanın valideynlərini itirmiş bu solğun qəhrəmanı 7 yaşlı qızcığazla okeanın bu tayında tanış olduqdan sonra, ona şeirlər həsr eləyir. Onun dilindən bəşər tarixinə bu bəlanın nə qədər böyük faciələrə səbəb olduğunu anlatmaq istəyir. Amma niyə rəssam Toşi Maruki 7 yaşlı Miini öz qəhrəmanı seçmişdi? Hə... maraqlısı elə odur ki, amerikanlar atom bombasını “balaca oğlan” adlandırmışdılar. Dolayısıyla, rəssam qadın demək istəyirdi ki, bu balaca oğlan öz azyaşlı bacısını öldürmüşdü!

Yaponiyadakı körpə uşaqlar isə Nazim Hikmətin ölüm xəbərini duyduqdan sonra, ona böyük sevgi və sayğılarını bildirmək üçün “min durna” ərməğanı göndərirlər. Və bir də, “Siz atom bombasından heç bir zərər görmədiyiniz halda, o qəlb parçalayan şeirləri necə yaza bildiniz?” deyə, ürək yanğısıyla dolu bir məktub yazırlar.

Ən son Yaponiyada baş verən sunami hadisəsi yenə ürəkləri parçaladı. Yaponiya hökuməti çox fərasətli davrandı. Bura dünyanın ən çox intihar hadisələri olan ölkələrindən biri, bəlkə də, birincisi olduğu üçün hökumət insanları təşvişə salmasın deyə, öz vətəndaşlarını toxtaq tutmaq məqsədilə əlindən gələni elədi. Əks halda, kütləvi intiharlar olacaqdı. Amma yaponlar Hiroşima, ondan 3 gün sonra növbəti atom bombasının atıldığı Naqasakidə ən böyük fəlakət, acıların yaşandığı günü anmaqlarıyla yanaşı, yenə də ayaqda mərd durmağı bacaran yeganə millətlərdəndir. Belə baxanda, bu, heç də bizim Xocalı qətliamından kiçik hadisə deyil. Onu bizə ruslar, ermənilər yaşatmışdılarsa, yaponlara da amerikanlar çəkdirmişdi. Düzdür müqayisə, bəlkə, də yersiz çıxır. Bizim gözümüzün önündə bu qətliamda insanlara çox cəfalar çəkdirdilər. Amma istənilən halda insan hər yerdə insandır.