Yenə əxlaq məsələsi...

yene-exlaq-meselesi
Oxunma sayı: 675

Hələlik, yenə mənim üçün əxlaq məsələsi olan Nigar Yaqubludan başlayacam. Bu günə qədər ictimaiyyətdə söz sahiblərinin bu barədə demək olar fikirlərinə rast gəlmirəm, xüsusilə hakimiyyətə yaxın olanların. Üzr istəyirəm, deyəsən az qala Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini R.Usubovun haqqını yemişdim. Axı mən kiminsə haqqını yeməyi çox ayıb sayıram. Dünən saytların hansındasa onun şəklini görən kimi açdım ki, görəsən hansı ağır cinayətin üstü açılıb. Bəlkə Elmar Hüseynovun, Hava qoşunları komandanı general leytenant Rail Rzayevin, ziyalı Rafiq Tağının, yaxud..... Siyahını uzatmıram. Yox, cənab 2 dərəcəli dövlət müşaviri (general-leytenant, yan-yana 2 boyük səkkizgüşəli ulduz, bəlkə də qızıl sapdan hörülmüş. Mən prokurorluqda işləyəndə, nəyin bahasına olur olsun vəzifəyə can atanlar ulduzları qızıl sapdan toxudardılar) bunlardan danışmır. Yazısını oxudum. Oxudum, peşman oldum və utandım, onu kimiləri ilə bir vaxtlar bir orqanda işlədiyimə görə. Nigarın həbsindən sonra hesab edirdim ki, onlarla üz-üzə gəlsəm bu söhbəti salmayacam, onları xəcalətli görməyim deyə... Hansı qürurla!!! 23 yaşlı azərbaycanlı, gənc, fəal, şəxsi həyatını onun, mənim balarımın ədalətli cəmiyyətdə yaşaması üçün qurban verən, ən əsası xanımı həbsə atdığına görə hesabat verirdi...

2-3 gün bundan əvvəl Milli Məclisin üzvü Rəbiyyət Aslanovadan müsahibə götürmüş Pərviz bəyə facebook səhifəsində irad bildirmişdim ki, nə üçün Nigar Yaqublu ilə bağlı sual ünvanlamayıb, elə orada da müxbir dostlarımdan xahiş etmişdim ki, Milli Məclisin bütün xanım üzvlərindən N.Yaqublunun həbsinə münasibət öyrənsinlər. Bilirəm ki, çoxları verilən suallara “səndən xahiş edirəm, bu sualı vermə” deyib.

Nəhayət, bu gün cəmiyyətdə kifayət qədər nüfuza malik və sürünənlərdən fərqli olaraq itirəcəyi çox şeyi olan hüquq elmləri doktoru İlham Rəhimovun Nigarın həbsinə münasibət bildirdiyi deyilən kimi onun müsahibəsini tapdım. Mənə çox maraqlı gəldiyindən dünənki sayını da süzgəcdən keçirdim. Bundan sonra xəbərlərdə “üç deputatdan İlham Rəhimova sərt cavab”ı oxudum. Onsuz da İlham Rəhimova zəng edib təşəkkür edəcəyimdən telefon zəngi əvəzinə qələmi itiləyib yazı ilə ürəyimi boşaltmaq qərarına gəldim. Həm borcumu yerinə yetirim, həm də son zamanlar çox istismar etdiyim sadiq dostum - ürəyimə istirahət verim.
İ.Rəhimov bu gün Vətən üçün çox vacib olan məsələlərdə mənim ürəyimdən keçən fikirləri ifadə edir - iqtidar-müxalifətin hələ də nəyi imzaladıqları dartışılan dəyirmi masada müzakirə predmetinin bu gün də Azərbaycan dövlətinə problem yaradan Ramil Səfərov məsələsinin yox, şərəf məsələmiz olan Qarabağ probleminin olmasını arzulayır. 60 yaşdan sonra insanların taqəüdə çıxıb öz bilik və bacarıqlarını elmləri, xatirələri ilə xalqa çatdırmalarını istəyir (bununla bağlı "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı" kitabında o dövr vəzifədə olanlardan xahiş etmişdim ki, fəlsəfədən, futboldan, incəsənətdən də vacib olan Sumqayıt hadisələri ilə bağlı xatirələrini yazsınlar). Şəxsi piar naminə Ramil Səfərov mövzusunun istismarını düz saymır. Milli əxlaqi dəyərlərə qiymət verilməsini istəyir, hamının, o cümlədən bəyanat verənlərin kifayət qədər faydalanmağa çalışdığı R.Səfərovun Vətənə gətirilməsində, artıq piar dövrü bitdikdən sonra onun da rolu olduğunu bildirir (bilənlərə isə bu məsələdə onun hansı əziyyəti çəkdiyi bəllidir) və i.a. İlham Rəhimovun elmlər doktoru olduğunu xüsusi vurğulayaraq, ondan fərqli olaraq hüquqa heç bir aidiyyəti olmaya-olmaya hüquq elmləri sahəsində alimlik dərəcəsi daşıyanlar, onun gördüklərini etsəydilər... Təsəvvür edin KİVlərdəki kadrları: Xüsusi təyyarə, qarşılanma mərasimləri, trapdan düşəndə ayağının altında kəsilən quzular, rəqs edən uşaqlar, sonra isə özləri demişkən uzun müsahibələr, daha nələr, nələr edərdilər.

Müdafiə Şurası üzvlərinin cəmiyyətdə tanınmış simalar olması ilə bağlı: Cənablar, bir az təvəzökar olun, sizlərin haqqında cəmiyyət elə fikirdə deyil, Qənirə Paşayeva istisna olmaqla (Əziz oxucu tələsmə, Q.Paşayeva haqqında bir az sonra fikir söyləyəcəm). Məhz Sizin fəaliyyətiniz, şəxsən mənim, keçirdiyiniz bircə iclasda iştirakım zamanı, dediyim fəaliyyətiniz nəticəsində R.Səfərov ömürlük həbs cəzası aldı, dərhal Azərbaycana verilməsi məsələsi 8 ildən çox uzandı. Bəyanatınızda çox əziyyət çəkdiyinizi bildirirsiniz. Mən də çoxları kimi R.Səfərovla bağlı hər xəbəri həyacanla izləyirdim. Sizlərin ən adi işinizi KİV-lərdə hamı kimi mən də dəfələrlə görmüşəm. Ancaq bir neçə maraqlı məsələni bildirsəniz şad olardım. Onsuz da imkanlarınızdan istifadə edib məni yuyub sərəcəksiniz. Axı mənim bildiyimə görə vəkilə ödəmək pulu olmadığından R.Səfərovun hökmündən kassasiya şikayəti verilmədi!? R.Səfərovun beynəlxalq normalara zidd olaraq Vətənə qaytarılması ləngidildi!? Ancaq təmsil etdiyiniz Parlamentdə bunun müzakirəsi oldumu?! Sualları dayandırım, yoxsa yenə söydürəcəksiniz ki, prokuror olduğum illər yadıma düşüb.
Ancaq yadıma rəhmətlik Anar Məmmədxanovun vəfat etdiyi gün düşdü. Həyət balaca olduğundan yas yerinə gələnlərin əksəriyyəti küçədə dayanmışdılar. Yaşlı, tanınmış ziyalılarla birgə Anarın KVN dostları Bəhram, Murad, Timur və digərilər həyətdə kədərli var-gəl edirdilər. Bu zaman yanımızdan gənc deputat Fuad Muradov birbaşa vacib görünüşlə çadıra girdi. Bir müddət sonra gənc deputat çadırdan çıxıb baxışları ilə KİV-lərə işarə etdi. Onlar isə əvvəlcə başa düşmədilər, sonra bir-bir yaxınlaşdılar. O sona qədər gözlədi, hamı yığışandan sonra uzun-uzadı sonuncu müxbir onu tərk edənə qədər Anardan danışdı. Müxbirlər Murada, Bəhrama və digərilərinə yaxınlaşdılar. Onlar heç biri müsahibə vermədilər. Gözlərindən görünürdü ki, onların buna halı yoxdur, onlar baş vermiş faciənin hələ içindən çıxa bilməmişdilər. Onsuz da onlarla fəxr edirdim. Bu dəfə isə həm də onlar mənsub olduğu millətdən olduğumdan qürur duydum. Bilmirəm niyə yazdım. Heç mövzuya aid deyil. Ancaq silmirəm, bəlkə kiməsə faydası oldu. Onsuz da əzizlərimin “a kişi niyə hamını özünə düşmən edirsən” iradı olacaq, nə fərqi, biri az biri çox.

Nəhayət, bəyanat verənlərdən fərqli olaraq İlham Rəhimov hakimiyyətin sifariş etdiyi Nigarın həbsini düz saymır. Sizlər necə? Bu suala cavab, yenə də yordum Sizləri, mənim üçün əxlaq məsələsidir.

P.S. Əzizim Qənirə, sənin imkanların daxilində Vətən üçün əziyyətin vətənsevənlər üçün çox dəyərlidir. İllərcə sağlığın hesabına qazandığın məhəbbəti belə ucuz xırdalama.