Yeni maşın aldı, 5 saatdan sonra qəzada öldü

yeni-masin-aldi-5-saatdan-sonra-qezada-oldu
Oxunma sayı: 666

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun 7-ci km-liyində, Xaçmazın Yergüc kəndi ərazisində avtomobilin yoldan çıxaraq ağaca çırpılması 1 nəfərin ölümünə səbəb olub. 32 yaşlı Quba rayonu, Barlı kənd sakini Saleh Qərib oğlu Babayevin idarə etdiyi 38 BA 805 qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən yolun kənarındakı ağaclara çırpılıb.

Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Zərbənin gücündən nəqliyyat vasitəsi iki yerə bölünərək kolluğa düşüb. Qəzaya düşən maşın sürücüyə məxsus deyil. Hazırda avtomobilin sahibinin kimliyi araşdırılır. Hadisə zamanı Saleh Babayev maşında tək olub. Onun meyiti müayinə olunmaq üçün Xaçmaz rayon morquna aparılıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin olunub. Avtomobilin kimə məxsus olması və qəzanın dəqiq başvermə səbəbləri Xaçmaz Rayon Polis Şöbəsində aparılan araşdırmaların sonunda məlum olacaq.


***

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat nəticəsində Saleh Babayevin idarə etdiyi avtomobilin kimə məxsus olması müəyyənləşib. O, avtomobili ötən gün saat 19:00 radələrində Qusar rayonun Kuzun Qışlaq kənd sakini 32 yaşlı Elşən Balayevdən alıb. Bundan sonra yeni maşın almasını dostları ilə qeyd edən Saleh yeni avtomobil almasından 5 saat sonra qəzaya düşərək dünyasını dəyişib.