““Yeni Müsavat” iflas həddinə gətirilir”

yeni-musavat-iflas-heddine-getirilir
Oxunma sayı: 655

- Mətbuat Şurasında keçirilən həmin görüşdə əsas təkliflərimizdən biri Bakıdakı yeni qəzet köşklərinə məsul şəxslə görüşün təşkili idi. Şübhəsiz ki, bu köşklərə nəzarət edən şəxs var. Onunla görüşmək istəyirik. Bununla bağlı Mətbuat Şurasının rəhbərliyinə də müraciət etmişik. Bizə yaxın gələcəkdə bu görüşün reallaşacağını vəd ediblər. Amma hələ də bir xəbər yoxdur. Vəziyyət günü-gündən pisləşir. Qəzet satışında əsas rol oynayan metro stansiyalarında da satışa əngəllər yaradılır. Bu əngəllərin aradan qaldırılmasını tələb edirik.

“Yeni Müsavat” qəzetinin isə xüsusi bir təklifi olub. Metroda, vaqonlarda qəzetdən başqa hər şey satmağa icazə verirlər. Təklif etmişik ki, “Yeni Müsavat”ın əməkdaşlarına şəhərin mərkəzində və metro stansiyalarında qəzet satmağa imkan verilsin. Bütün bu təklifləri həm Əli Həsənova, həm də Mətbuat Şurasına göndərmişəm. Amma heç bir cavab yoxdur.

- Köşklərin azalması qəzet satışına nə qədər ziyan verir?
- Biz iflas ərəfəsindəyik. “Qasid” yayım firmasının köşklərinin yığışdırılması, yeni köşklərin qəzet satmaqdan imtina etməsi tiraja, satışa xeyli təsir göstərib. Əvvəllər aylıq dövriyyəmiz 10-13 min manat arasında dəyişirdisə, indi bu məbləğ 7 minə düşüb. Amma onu da çətinliklə alırıq. “Qasid”in hesabında kifayət qədər məbləğimiz yığılıb. İlk dəfədir maaşları verməkdə çətinlik çəkirəm. Əvvəllər belə deyildi, maliyyə məsələləri rahat həll olunurdu. Firmalardan pulu vaxtında alırdım və əməkdaşların maaşını ödəyirdim. İndi isə həm nəşriyyata, həm də əməkdaşlara borcluyam. Çünki “Qasid”də qalan 20 min manat civarında pulun verilməməsi bizə problem yaradır. Bizim kimi satışla dolanan digər qəzetlərin də çətinliklərindən xəbərdaram.

- Bir neçə aydır abunə kampaniyasına başlamısınız. Kampaniyanın qəzetin satışına xeyri olmayıbmı?
- Hələ ki, heç bir xeyri yoxdur. Bəlkə bundan sonra olacaq. Ona görə ki, biz hər gün nağd pul ödəyirik, eyni zamanda satışdan gələn pullarımızı almaq və onları dövriyyəyə buraxmaq məcburiyyətindəyik. Hazırda bu sistem pozulub.

Qəzet redaktorları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova da görüş üçün müraciət edib. Amma cavab yoxdur. Bizi iflas səviyyəsinə gətirib çıxarıb gizləniblər. Heç bir reaksiya vermirlər.