“Yeni Müsavat”a analoqu olmayan hücum

yeni-musavata-analoqu-olmayan-hucum
Oxunma sayı: 645

Dünən saat 22-dən etibarən ölkənin ən çox ziyarət edilən xəbər saytlarından biri olan musavat.com-a haker hücumları başlayıb. “Yeni Müsavat” qəzetinin rəhbərliyi bu hücumu “analoqu olmayan hücum” adlandırır və indiyədək bu qədər kütləvi hücum görmədiklərini deyir. Bu barədə “Qafqazinfo”ya xəbəri musavat.com saytının veb-redaktoru Xalid Kazımlı verib. Onun sözlərinə görə, hücum DDOs tiplidir, hostların əksəriyyəti gizlidir, bəziləri Pakistan, Hindistan və Vyetnamdandır: “Ümumiyyətlə, sayta 768 İP-dən hücum olunur. Buna görə də saytımızın yerləşdiyi server hazırda sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Sayta xidmət edən mütəxəssislər bildiriblər ki, bu hücumlar nəticəsində saytın dağıdılması mümkün olmayacaq, amma fəaliyyətdə qısamüddətli fasilələr ola bilər. Onların fikrincə, bu sayaq hücum diletant adamların işi deyil, yüz faiz sifariş əsasında həyata keçirilir”.

Bəs musavat.com-un fəaliyyətinə əngəl yaradılması sifarişi haradan gələ bilər?

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun fikrincə, hələlik onların şübhələndiyi yeganə yer Müdafiə Nazirliyidir: “Qəzetimizdə çıxan materiallarla bağlı bu nazirliklə aramızda problemlər yaranıb. Onlar, barələrində çıxan materialları müxtəlif yollarla təkzib etməyə çalışırlar - gah nüfuzlu xəbər agentliyinin adından təkzib məktubu yayırlar, gah redaksiyaya anonim zənglər edirlər, gah məhkəməylə hədələyirlər və s. Hiss olunur ki, ciddi təşviş içindədirlər və nəyin bahasına olur-olsun, ünvanlarına səslənən tənqidləri neytrallaşdırmaq istəyirlər. Bu baxımdan Müdafiə Nazirliyinin musavat.com saytına hücuma keçməsi tam gözləniləndir. Hətta biz bunu proqnozlaşdırırdıq”.

“Yeni Müsavat”ın texniki direktoru Cavid Hətəmovun dediyinə görə, problem həll olunmaqdadır: “Hazırda saniyədə 30 mindən çox müraciət (spam) gəlir. Proqram təminatı bunun qarşısında çətinlik çəkir. Müraciətləri azalda-azalda gedirik. Amma yenə çoxdur. Hücum limit azalmasa, saytı işlətmək təhlükəlidir. Yəni sayt dağıla bilər. Ümidvaram ki, gün ərzində bütün hücumlar dəf olunacaq, saytın açılması, oxunması normal qaydada olacaq”.

Fatimə Kərimli