“Yeni prezidentin əsas işi ölkənin zədələrini sağaltmaq olacaq”

yeni-prezidentin-esas-isi-olkenin-zedelerini-sagaltmaq-olacaq-
Oxunma sayı: 648




“Fransada prezident seçkilərinin bu nəticələrlə başa çatacağı proqnozlaşdırılan idi. Çünki, Sarkozi dönəmində Fransa iqtisadiyyatında geriləmələr yaranmışdı. O, özünə qarşı inamı itirmişdi. Eyni zamanda ölkənin miqrasiya və digər məsələlərlə bağlı həll edə bilmədiyi daxili problemlər mövcud idi. Belə demək olar ki, François Hollande Fransanı Sarkozidən zədəli vəziyyətdə təhvil alıb. İndi onun əsas işi ölkənin daxili problemlərini həll etmək, geriləyən iqtisadiyyatı dirçəltmək, Avropda baş verən maliyyə böhranından sonra itirilmiş mövqeləri bərpa etməkdən ibarət olacaq” . Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Fransda prezident seçkilərinin nəticələrini şərh edən Azərbaycan Milli Məclisinin üzvü Aydın Abbasov deyib. Onun sözlərinə görə, Fransanın yeni prezidentinin seçilməsi ilə bu ölkənin xarici siyasətinin dəyişəcəyini gözləmək düzgün deyil: “Fransa kimi ölkələrin dövlət maraqları subyektiv şəkildə dəyişmir. Burada əsas məsələ dövlətin prioritetləridir. Yenə də bu fikri vurğulayıram ki, Fransanın prezidentin dəyişməsi beynəlxalq şəkildə ciddi reaksiyalar yaratmayacaq, çünki qeyd etdiyimiz kimi yeni dövlət başçısının işi əsasən ölkənin daxili problemlərini, donor ölkələrlə və xarici portnyorlarla münasibətləri tənzimləməkdən ibarət olacaq” .

Fransanın ən azı yaxın 4 ildə Azərbaycanla münasibətlərinin necə olacağına gəlincə A. Abbasov deyib ki, Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olduğundan rəsmi Bakı ilə əlverişli əməkdaşlıq hər bir ölkənin maraqlarına uyğundur: “Azərbaycan dövləti bu gün həm qonşu ölkələr, həm də digər dövlətlər üçün əməkdaşlıq üçün cazibədardır. Çünki, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas yerlərdən birini tutur. Bu elə belə, gəlişi gözəl sözlər və yaxud daxili auditoriyaya hesablanan fikirlər deyil. Mən iqtisadi göstəricilərlə bağlı hazırlanan beynəlxalq hesabatlara istinadən bu sözləri deyirəm. Ona görə də, düşünmək olar ki, Azərbaycanla təkcə Fransanın deyil, dünyanın aparıcı ölkələrinin münasibətləri yüksələn xətt üzrə davam edəcək”.