Yeni yaramaz “Amaci”

yeni-yaramaz-amaci
Oxunma sayı: 716

Boşluq yarandı. Məgər dəliyəm, boşluğun tamaşaçısına çevrilim... “Space”-ə yeni sədr gəldi. Necə deyərlər, “xan gəldi, xanlıq gətirdi”. Baxmıramsa, hardan xəbərdaram? Mətbuatdan dostlar, mətbuatdan. Qəzetlərdə yeni xanlıq yaranması xəbəri yayıldı. Görkəmli rejissor Vaqif Mustafayev “Space” adındakı mənanı gerçəkliyə çevirdi. Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə televiziyanı səmaya qaldırdı. Və “Space” uçdu, gözəgörünməzlikdə əridi. Səmada özünə bir ev tikdi, nə qapı qoydu, nə baca. Giriş pəncərədən oldu.

Rejissorun adını çəkdinsə, gərək filimdən sitat gətirəsən. “Əhməd haradadır” filmində Əhmədi axtaran anası Bakıya getmək üçün avtobus bileti satılan köşkə yaxınlaşır. Rəhmətlik Əliağa Ağayevin oynadığı obraz ananın israrlı suallarından əsəbiləşərək məşğul olduğunu deyib, dəmir pəncərəni bağlayır. Operator göstərir: kassir araq içir.
Qanunla qadağan olunmuş hərəkət: iş vaxtı spirtli içki qəbul etmək olmaz. Kassir qadağaya məhəl qoymur, ona görə ki, pəncərənin məhz onun iradəsinə tabe olduğunu düşünür. Bağladı, görən olmayacaq, açdı özü hər şeyi görəcək.

Vaqif Mustafayev televiziyasının tamaşaçının üzünə açılan bir pəncərəsi var - giriş də ordandı, çıxış da. Ünlü rejissor özünün obyektivindən baxır. O, baxdığı yerdə isə tamaşaçı yoxdu. Deməli, reytinq yoxdu. Reytinqi olmayan televiziyaya isə “faringit”ə “faranget” deyən fırıldaqçı ot həkimi reklam verər. Bu faktı da mətbuatdan oxumuşam.
Neyləməli ki, özü olmayan, amma rəsmi siyahıda adı olan “Space”-yə də serialların çəkilməsi üçün Milli Televiziya və Radio Şurası 800 min manat pul ayırdı. Ki, əcnəbi serialların nümayişinə son qoyulsun. Ki, əcnəbi düşüncə azərbaycanlının beyninə əcaib informasiyalar yerləşdirməsin. Ki, bu informasiyalar gələcəkdə atom bombası kimi partlayıb, məsələn, Vaqif Mustafayevin yaxınlarına xəsarət yaşatmasın.

Kimə deyirsən?.. Zövqlü tamaşaçı ilə əlaqəsi olmayan televiziya rəhbəri hardan bilsin ki, “Amaci”-nin beyinlərə göstərdiyi ildırımvari təhsil sabah ilana çevrilib onun həyatına sarılacaq...Bilsəydi, özünü məndən, bəli şəxsən məndən ağıllı hesab edib, bekarçılıqdan pultun düymələr ilə oynayan tamaşaçını Milli Televiziya və Radio Şurasının qadağasına məhəl qoymadan “Space”-in qarşısında oturmağa sürükləməzdi ki...

Qafqazinfo.az-dan oxuyuruq: Mayın 1-dən etibarən əcnəbi seriallara qoyulan qadağadan sonra "Space" telekanalı "Bu zalım dünyada doğulma" xalq arasında isə "Amaci" adı ilə məşhur olan serialı davam etdirmək üçün “unikal” variant tapıb. Hər gün serial yayımlanan vaxtda "Kim haqlıdır?" verilişində aparıcı Mikayıl auditoriyanı iki yerə parçalayaraq Amaci-Sia dueli aparır. Verilişdə serialın yayımlanmamış hissələrindən fraqmentlər də təqdim olunur.

Saytdakı xəbərə yazılan şərhlərdən: “Vaqif Mustafayev, nə gündəsən...”, “Bu axi nə verilişdi? Utanmırlar e...”, ““Space” kimi televiziyası olan ölkədə doğulduğumdan utanıram”... davamı da var.

Var, davamı olacaq. Reklam pulu üçün adamların mənəviyyatını zorlayanlar da yollarına davam edəcək. Amma mənfi sonsuzluqdan mənfi sonsuzluğa qədər...