Yeni zəmanənin çağırışları və Azərbaycan - Təhlükəsizlik

yeni-zemanenin-cagirislari-ve-azerbaycan-tehlukesizlik
Oxunma sayı: 660


Azərbaycan prezidenti İlham Əliyev çıxışlarının birində “Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq” ifadəsini işlədərkən, bunun dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, Konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi kimi başa düşüldüyünü bildirmişdi.

Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, dünya xalqları ilə dostluq şəraitində yaşaması istəyi ölkəmizin müasir və qüdrətli dövlətə çevrilməsində mühüm rol oynayır.
Ancaq dünyada və bölgədə baş verən hadisələr, mövcud təhdidlər dövlətimizin təhlükəli çağırışlarla daima üzləşdiyini və bu çağırışlara gərəkli reaksiya vermək məcburiyyəti ilə üz-üzə qoyduğunu da göstərir. Azərbaycan torpaqlarının işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması dövlətimizə ən başlıca təhdiddir.

Azərbaycanın ən böyük təhlükəsizlik problemi Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olmasıdır. Təsadüfi deyil ki, ötən il Milli Məclisdə qəbul olunan Hərbi Doktrinada da ən başlıca problem kimi Dağlıq Qarabağ münaqişəsinin varlığı göstərilib. Buna görə də 75 bənddən ibarət olan sənəddə Azərbaycanın yeganə düşməni kimi Ermənistanın adı vurğulanıb.

ATƏT-in Minsk Qrupunun yaradılmasından 20 il keçir. Bu illərdə Minsk Qrupunda onlarla həmsədr dəyişib, ancaq münaqişənin həllində irəriləyiş qeydə alınmayıb. Halbuki, Minsk Qrupuna həmsədr olan dövlətlər – Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Cənubi Qafqazda maraqları olduğunu gizlətmirlər. Bu dövlətlərdən hər birinin bu və ya digər şəkildə (İrəvana maliyyə yardımı edirlər, hərbi potensialını gücləndirirlər və s.) Ermənistana təsir imkanları var. Buna baxmayaraq, adı çəkilən dövlətlərdən heç birinin Cənubi Qafqazın başlıca problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməsi üçün fəaliyyətlərini yetərli saymaq mümkün deyil.

Uzun illərin danışıqlarından sonra vasitəçilər Praqada münaqişənin həllinin əsas istiqamətlərini qarşıduran tərəflərə təqdim etdilər. Qeyri-rəsmi olaraq buna Praqa prosesi adı verildi. Vasitəçilər bunun ardınca, ATƏT xarici işlər nazirlərinin Madrid toplantısında Praqa prosesinin davamı kimi yeni plan irəli sürdülər. Praqa prosesinə dəstək verən Azərbaycan hakimiyyəti bəzi qüsurlarına rəğmən, Madrid planını da qəbul etdi. Çünki həm Praqa, həm də Madrid prosesi münaqişənin mərhələli həllini ehtiva edir. Yəni ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalı, status və digər məsələlər isə ikinci mərhələdə müzakirəyə çıxarılmalıdır. Hazırda vəziyyət belədir ki, Azərbaycan bu planı qəbul edib və dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, Ermənistandan cavab gözləyir. Ancaq Ermənistan hakimiyyəti məsələni uzatmaqla məşğuldur. Həmsədrlər isə özlərinin hazırladıqları planı Ermənistana qəbul etdirməkdə acizlik nümayiş etdirirlər. Həll prosesinin uzanması isə bölgədə vəziyyətin gərgin qalmasına, atəşkəsin pozulması hallarının çoxalmasına gətirib çıxarır. Ermənistan hakimiyyəti münaqişənin həlli planından diqqəti yayındırmaq üçün bu kimi təxribatlara əl atır. Bu təxribatların qarşısı daima güclənən Azərbaycan ordusu tərəfindən ləyaqətlə alınır və hər dəfə düşmən ciddi itki verərək geri çəkilir.

Hazırki vəziyyətdən iki çıxış yolu görünür: Ya Ermənistan vasitəçilərin hazırladığı son həll planını qəbul etməli, ya da prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan digər vasitələri hərəkətə gətirmək barədə düşünmək məcburiyyətində qalacaq. Dövlət başçısı beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü ilə xalqların özmüqəddəratlarını təyinetmə hüququnun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ziddiyyət təşkil etmədiyini söyləyib. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratlarını təyinetmə hüququ tanınır. İlham Əliyev dünyada mövcud olan istənilən yüksək statuslu muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiqinin mümkünlüyünü də dəfələrlə bildirib. Hətta konkret modellərin adları da çəkilib: Cənubi Tirol (İtaliya), Aland adaları (Finlandiya), Tatarıstan (Rusiya) və s.

Ancaq erməni separatçıları nə Madrid prinsiplərini qəbul edir, nə də yüksək muxtariyyət modelinə ciddi yanaşırlar. Belə olan halda da erməni separatçıları Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli üçün alternativ yollara baş vurmaqdan başqa seçim imkanı qoymurlar. Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən çoxdur və bu fərq ilbəil artır. Bu sıraya silahlı qüvvələrimizin artan gücünü və modern hərbi texnika ilə təhciz olunmasını əlavə etmək lazımdır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması məqsədilə prezidentin silahlı qüvvələr qarşısında qoyduğu istənilən vəzifəni yerinə yetirmək qabiliyyətindədir.

Bu arada, Azərbaycanın xarici siyasətinin son ən böyük uğurlarından birini - ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilməsini qeyd etmək lazımdır. Bununla Azərbaycan dünyanın qərar verən ölkələri siyahısına qoşulub. Bu geniş meydan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq aləmin diqqət mərkəzinə keçməsi üçün imkanlarını bir az daha artıracaq.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkəmizin bölgədə oynadığı rola dəlalət edir. Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialı hər keçən il artır. Rəqəmlər də bundan xəbər verir. Tək elə bu faktı xatırlatmaq kifayətdir ki, Azərbaycanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi payı 80 faizi ötüb.

Azərbaycanın uzaq və yaxın qonşuları ilə münasibətləri təhlükəsizliyimizin davamlı hala gəlməsində də vacib rol oynayır. Azərbaycanın Ermənistandan başqa düşmən və ya münasibətlərində ciddi problem yaşadığı ikinci dövlət yoxdur.

Gürcüstanla siyasi və iqtisadi münasibətlər, həyata keçirilən birgə layihələrin (Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Poti neft və Bakı-Tiflis-Ərzurum qaz boru xətləri, inşa edilən Bakı-Tiflis-Qars dəmiryolu) həcmi o səviyyəyə çatıb ki, qonşu ölkənin prezidenti Mixail Saakaşvili hətta Azərbaycanla konfederasiyanın yaradılması zərurətindən danışıb. Çünki Tiflisdə anlayırlar ki, qonşu Ermənistanla müqayisədə məhz Azərbaycanla münasibətlər Gürcüstanın inkişafına və təhlükəsizliyinin artırılmasına yardım edir.

İran rəsmiləri açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Ancaq təəssüf ki, bu, İranın işğalçı Ermənistanla sıx münasibətlər qurmasına da mane olmur. Ermənistan keçmiş illərdə və elə indi də iqtisadi mövcudluğunu qonşu İranın yardımları hesabına gerçəkləşdirir, iki ölkə arasında enerji və nəqliyyat layihələri gündəmə gətirilir. Buna baxmayaraq, Azərbaycan üçüncü ölkələrin daxili işlərinə qarışmamaq siyasətindən çıxış edərək İranla dinc və mehriban qonşuluq münasibətlərinə üstünlük verir. Qərb ölkələri İranın nüvə çalışmalarını davam etdirdiyini iddia edərək, qonşu ölkəyə qarşı hava zərbələrini gündəliyə gətiriblər. Rəsmi Bakı dəfərlərlə bildirib ki, Azərbaycan torpaqlarından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Müharibə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki, qonşu ölkədə yaşana biləcək tək elə humanitar faciənin Azərbaycana mənfi təsirləri nəzərə alınır. Bu səbəbdən Azərbaycan Qərb-İran qarşıdurmasının dinc yollarla həllinə tərəfdardır. Buna baxmayaraq, Azərbaycan qonşuğulunda yeni nüvə dövlətinin peyda olmasında da maraqlı deyil.

Azərbaycan müstəqilliyini qazandıqdan sonra Rusiya ilə münasibətlərdə müəyyən gərginlik hökm sürürdü. Bu gərginlik 2000-ci illərin əvvəllərindən etibarən azalmağa başladı. O illərdə Rusiyada hakimiyyət başına gələn Vladimir Putin ilk xarici səfərini Azərbaycana etdi. İki dövlət arasında siyasi təmaslar və ticarət mübadiləsi artdı. Mübahisə yaradacaq Xəzərin statusu ilə bağlı tərəflər razılığa gələrək, dənizin özlərinə adi olan sərhədlərini müəyyənləşdirdilər. Azərbaycan-Rusiya siyasi və iqtisadi münasibətləri indi də inkişafdadır, iqtisadi münasibətlər, enerji mübadiləsi genişlənir, görüş və fikir mübadilələrinin sayı artır. Azərbaycanın Rusiyadan daha böyük gözləntisi Moskvanın Ermənistan hakimiyyətinə təzyiq etməsidir. Təəssüf ki, hələ bu istiqamətdə irəriləyiş yoxdur. Rusiya prezidenti Dmitri Medvedev son illərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakı ilə xeyli görüş keçirtdi. Buna baxmayaraq, münaqişənin həlli ilə bağlı baza prinsiplərini qəbul etmək hələ mümkün olmayıb.

Azərbaycan xarici siyasətində Qərb istiqamətinə, Avropa Birliyi və ABŞ-la münasibətlərə də xüsusi önəm verir. Azərbaycanı bölgənin açar dövləti kimi qəbul edən Vaşinqton Xəzər hövzəsinə aid enerji resurslarının dünya bazarlarına çatdırılması və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına görə ölkəmizin rolunu yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ötən ilin may və iyun aylarında qısa fasilələrlə ABŞ-ın dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Qeyts Azərbaycana səfər etməyi lazım bildilər. ABŞ prezidenti Barak Obamanın İlham Əliyevə ünvanladığı məktub da Azərbaycana verilən əhəmiyyətdən irəli gəlirdi. Və bütün bunların məntiqi davam kimi prezident İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə bir araya gələrək, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi apardılar. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı da yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan qurumun Şərq Tərəfdaşlıq Proqramına üzv qəbul olunub və bununla ölkəmiz rəsmən “Şərqi Avropa dövləti” statusunu alıb. Bunun ardınca, Azərbaycanın Avropa Birliyi ilə assosiativ anlaşmanın imzalaması və Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələləri gəlir. Avropa Birliyi son zamanlar Azərbaycan qazının köhnə qitəyə daşınması mövzusunu da aktuallaşdırıb. Avropa Birliyinin qərarı ilə sentyabr ayında Avropa Komissiyasına xüsusi səlahiyyət verilib. Buna görə Komissiya NABUCCO və Transxəzər layihələrini gerçəkləşməsini sürətləndirmək məqsədilə Azərbaycan və Türkmənistanla danışıqları sürətləndirməlidir. Azərbaycan enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılmasında maraqlıdır. Məhz bu hal Azərbaycana imkan verir ki, enerji resurslarının dünya bazarlarına çatdırılmasında hansısa dövlətin və ya qrup dövlətlərin istəklərindən asılı olmasın, bununla bağlı müstəqil qərar verə bilsin. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla bu ilin oktyabrın 25-də İzmirdə imzaladığı son anlaşmalar da enerji resurslarının daşınması məsələsində rəsmi Bakının müstəqil qərar vermək imkanlarından xəbər verir.

Cənab İlham Əliyev və cənab Rəcəb Təyyub Ərdoğan “bir millət, iki dövlət” prinsipindən çıxış edərək İzmirdəki anlaşmalarla iki dövlət arasındakı strateji münasibətləri daha üst səviyyəyə qaldırdılar. İki ölkənin liderləri İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk toplantısını keçirtdilər, qaz və tranzit anlaşmaları, o cümlədən Trans-Anadolu ismi verilən boru xəttinin inşaasına yönəlik sənədləri imzaladılar və cənab İlham Əliyevin də söylədiyi kimi Azərbaycan tarixinin ən böyük yatırım (5 milyard dollar) layihəsinə - İzmirdə neft-kimya kompleksinin inşasına qərar verdi. Bu həm də Türkiyədə zavod inşasına qoyulan ən böyük yatırımdır. Tikintidə 10 min nəfər çalışacaq, müəssisə işə düşdükdən sonra isə zavodda min nəfər işlə təmin olunacaq.

Beləliklə, Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan-Türkiyə birliyi tarixi əsaslara söykənərək getdikcə güclənir. Bu gün Türkiyənin və Azərbaycanın bütün məsələlərdə bir yerdə olduğunu, bir-birini dəstəklədiyini, birgə layihələr icra etdiyini, təşəbbüslər irəli sürdüyünü qeyd edən Azərbaycan Prezidenti İzmirdəki anlaşmaların da bu birliyin təzahürü olduğunu söylədi.